"Ermənistan günahı yalnız özündə axtarmalıdır"


Siyasət 04 Avq 2022 16:56:00 176 0

"Ermənistan günahı yalnız özündə axtarmalıdır"

Ermənistan regionda sülhə və sabitliyə təhdidlər yaratmaqda davam edir. Ermənistan rəhbərliyi iki ilə yaxındır ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etmir və yeni təxribatlara əl atır. Bu baxımdan Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində baş verən insidentin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, baş verən son hadisələr bir daha göstərdi ki, Ermənistan sülhü deyil, təxribatlara davam etmək yolunu seçib.

"Cənab Prezident İlham Əliyev Ermənistana dəfələrlə xəbərdarlıq etmişdi ki, ən kiçik təxribatın qarşısı belə çox qətiyyətlə alınacaq. 44 günlük müharibədən əvvəlki dövrdə də Azərbaycan Ermənistana dəfələrlə eyni xəbərdarlıqları etmişdi. Ancaq Ermənistan nəticə çıxarmamışdı.

Son baş verən hadisələr bir daha təsdiq etdi ki, Ermənistan baş verənlərdən yenə nəticə çıxarmayıb, eyni yolda davam etmək niyyətindədir. Ermənistan təxribatlara son qoymayana kimi, vəziyyət belə davam edəcək. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir.

Son hadisələrdən sonra Ermənistan tərəfi gah Rusiyanı, gah da beynəlxalq qurumları Azərbaycanın "aqressiyası"nın qarşısını almamaqda ittiham edir. Belə çıxır ki, hamı günahkardır, Ermənistandan başqa. Heç şübhəsiz ki, bu xəstə təxəyyülün növbəti təzahürüdür. Ermənistan günahı yalnız özündə axtarmalıdır", - deyə deputat bildirib.

Onun fikrincə, baş verənlər həm də onu göstərir ki, Ermənistan heç zaman düzəlməyəcək. "Dəmir yumruq hər zaman hazırdır, xalqımız birliyini və həmrəyliyini daima qoruyur, ölkə rəhbərliyi ətrafında sıx birləşib.

Beləliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu növbəti dəfə Ermənistan ordusuna layiqli cavab verdi, şəhidlərimizin qanı yerdə qalmadı. Allah Ali Baş Komandanı, rəşadətli Azərbaycan ordusunu və xalqımızı qorusun, birlik və həmrəyliyimiz əbədi etsin", - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov‎ isə Trend-ə açıqlamasında bildirib ki, iki ilə yaxın bir müddət keçməsinə baxmayaraq üçtərəfli bəyanatın vacib müddəalarını hələ də yerinə yetirməyən Ermənistan baş naziri Nikol Paşinyan apardığı siyasət nəticəsində danışıqlar prosesinə kifayət qədər ciddi zərbə vurur.

"Erməni terrorçularının cəzasız qalan təxribatları vəziyyətin kəskin hal almasına səbəb oldu.

Ümumilikdə son vaxtlar Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr onu göstərir ki, regionda sülhün və sabitliyin bərqərar olması üçün mütləq şəkildə qarşılıqlı olaraq ərazilərin tanınması prioritet olmalıdır. Dünən Azərbaycan Ordusunun keçirdiyi "Qisas" əməliyyatından sonra Paşinyan hakimiyyəti və erməni terrorçuları ciddi nəticələr çıxarmalı, başa düşməlidir ki, təcili olaraq delimitasiya və demarkasiya prosesinə başlamaq onlar üçün zəruri seçimdir.

Bu günə kimi olan danışıqlarda Azərbaycan və Ermənistan arasında yeni proseslərlə bağlı bir sıra vacib məsələlərdə ortaq məxrəcə gəlib razılıq əldə olunmuşdu. Lakin sərhədlərin və ərazilərin hələ də qarşılıqlı olaraq tanınmaması və nəqliyyat xətlərinin açılışını nəzərdə tutan razılaşmaların hələ də baş tutmaması, sözsüz ki, Ermənistan hakimiyyətinin apardığı qeyri-konstruktiv siyasətin nəticəsidir.

Ermənistan və onun rəhbəri hələ ki, prosesi pozmaq üçün sərhəddə gərginlik yaratmaq, sərhədlərin delimitasiya və demarkasiyasına getməmək, qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımamaq və bütün bunların yekunu olaraq sülh sazişi imzalamamaq yolunu seçib. Lakin əminliklə deyə bilərəm ki, indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan Ermənistanın təxribatçı əməllərinin qarşısını qətiyyətlə alacaq", - deyə deputat əlavə edib.