Azərbaycanda devalvasiya gözlənilir? İlin sonuna qədər...


Digərləri 04 Avq 2022 13:48:00 153 0

Azərbaycanda devalvasiya gözlənilir?  İlin sonuna qədər...

"Manatın hazırkı durumunu müsbət qiymətləndirirəm. Çünki faktiki olaraq ölkənin tədiyə balansı birinci rübdə müsbət saldo ilə 3,9 milyard manat olub. Ticarət balansı da müsbət saldo ilə 5,5 milyard dollar olub. Hər iki göstəricinin müsbət olması manatı möhkəmləndirən amil kimi dəyərləndirilir".

Son.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. 

O bildirib ki, hazırda ölkənin əsas ixrac məhsulu olan neftin qiyməti dünya bazarında yüksəkdir. Bu ilin sonuna qədər neft qiymətlərində ciddi çöküşlərin olma ehtimalı çox aşağıdır:

"Yəni ölkənin tədiyə balansı bu ilin sonuna qədər müsbət saldoda qalacaq. O cümlədən ticarət balansının da müsbət saldoda qalma ehtimalı yüksəkdir. Bunlar isə manatı möhkəmləndirən faktorlardır. Növbəti il də eyni temp gözlənilir. Neftin və qazın qiymətlərindəki artım növbəti ildə də manata müsbət təsir edəcək amillər kimi xarakterizə oluna bilər".

ƏSAS RİSKLƏR 

"Pandemiya ciddi şəkildə yayılarsa (2020-ci ildəki sərt qapanmaların olma ehtimalı aşağıdır), digər bir virus ortaya çıxarsa, yaxud da meymunçiçəyi nəzərdə tutulandan qat-qat sürətlə yayılarsa, ortaya gözlənilməz risklər çıxarsa, əlbəttə ki, vəziyyət dəyişə bilər. Amma hər bir halda hazırkı virus 2020-ci ilin əvvələrindəki koronavirus qədər qorxulu deyil. Bu səbəbdən də bu risk nisbətən hazırda aşağı qiymətləndirilir. Amma qlobal iqtisadiyyatdakı təlatümlər, resessiyaların baş verməsi, bunun böhrana çevrilmə ehtimalı və s. hər bir halda dünya iqtisadiyyatı üçün daha ehtiyatlı mövqe tutmağa əsas verir.

Lakin hazırda neft və qaz qiymətlərini formalaşdıran amillər başqadır. Hətta müəyyən böhran olsa da, neftə və qaza olan tələbat aşağı düşsə də, bu, onların qiymətinin çökməsi anlamına gəlmir. Çünki Rusiya-Ukrayna müharibəsi, Rusiya qazının Avropadan yavaş-yavaş kəsilməsi və Avropanın yeni qaz mənbələrinə müraciət etməsi, enerji alışını diversifikasiya etməyə çalışması və bunu davam etdirməsi hər bir halda qaza olan tələbi davamlı olaraq gündəmdə saxlayacaq çox önəmli faktlardır.

O səbəbdən də neft və qaz qiymətlərində kəskin çöküş olacaq və yaxud da bu, neft ixrac edən ölkələrə kəskin şəkildə təsir edəcək kimi fikirlərin əsası yoxdur. Burada ehtimal aşağıdır".