Mirzoyanın ermənilərin Avropadakı vəhşi obrazını dəyişmək cəhdi


Dünya 03 Avq 2022 18:44:00 221 0

Mirzoyanın ermənilərin Avropadakı vəhşi obrazını dəyişmək cəhdi

Son.az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Çexiyada işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir sıra görüşlər keçirib. Görüşlərdə Mirzoyan əsas fəaliyyətini Azərbaycana qarşı qarayaxmalar üzərində qurub. Çexiya rəsmiləri ilə keçirdiyi görüşlərdə Azərbaycanın ünvanına böhtanlar səsləndirib. Bütün vasitələrlə Azərbaycan barəsində "işğalçı" obrazı yaratmağa çalışıb.

Mirzoyan iddia edib ki, 44 günlük müharibə ermənilər üçün humanitar problemlər yaradıb və bu, hələ də qalmaqdadır. Diversantları "hərbi əsir" kimi təqdim edərək onların azad olunmasından, Qarabağda "erməni irsi"nin "vandalizmlə" üzləşməsindən danışıb. Eyni zamanda ümumbəşəri dəyərlərin tərkib hissəsi olan "erməni abidələri"nin qorunub-saxlanmasının vacibliyini vurğulayıb. İddia edib ki, guya Azərbaycanın nəzarətinə keçən ərazilərdə "erməni irsi"nə aid abidələrin vandalizmə məruz qalması davam edir və bu səbəbdən Çexiyadan imdad diləyib. Mirzoyan xüsusilə vurğulayıb ki, güc tətbiqi nəticəsində formalaşan reallıqlar sülh üçün möhkəm zəmin yarada bilməz.

Mirzoyan ilk dəfə deyil ki, Avropada Azərbaycan haqda bu cür hədyanlar danışır. 30 il ərzində işğal zonasını çöllüyə çevirən, tarixi-mədəni abidələrimizi yerlə-yeksən edən bir zehniyyət öz adlarını bizə qoymağa çalışır. Bakı dəfələrlə beynəlxalq təşkilatları qədim alban kilsələrinin qorunması ilə bağlı monitorinq aparmağa dəvət edib. Ermənistan xarici işlər nazirinin niyə məhz  Avropada belə yalanlar uydurduğunun səbəbi məlumdur. Çünki işğaldan azad zonalarda ermənilərin hansı vəhşiliklər törətdiyini bütün dünya görüb. Ermənilər Avropada da "vəhşi tayfa" obrazında görünürlər, bu səbəbdən Mirzoyan bu rəyi Azərbaycan haqda yalanlar danışmaqla dəyişməyə cəhd edir. Üstəlik, həm sülh sazişindən danışır, həm də Azərbaycana işğalçı deyir. Mirzoyanın hansı üzünə inanaq?

YAP-çı deputat Ceyhun Məmmədov Ermənistanın siyasətində ciddi dəyişikliklərin olmadığını söylədi: "Öncəliklə qeyd etmək lazımdır ki, bu ilk dəfə deyil. Erməni rəsmiləri zaman-zaman ölkəmizin ünvanına belə hədyanlar səsləndirirlər. Ümumiyyətlə, prosesi təhlil edəndə görürsən ki, Ermənistanın nə daxili, nə də xarici siyasətində Azərbaycana qarşı aqressiya dəyişməyib. Vətən müharibəsindən əvvəl işğalçı dövlət Azərbaycana qarşı hansı təbliğatı aparırdısa, İrəvana gələn ayrı-ayrı ölkələrin rəhbərlərinə, nümayəndələrinə ölkəmiz haqqında yalan məlumatlar verirdilərsə, qarayaxma kampaniyasını davam etdirirdilərsə, bu gün də həmin çirkin oyunlarına, niyyətlərinə davam edirlər. Bütün bu görüşləri davamlı olaraq izləyirəm. Mirzoyanın eynilə bu fikirləri İrəvana gələn ayrı-ayrı dövlətlərin rəhbərlərinə, nazirlərinə, beynəlxalq təşkilatların nümayəndələrinə deyilir. Azərbaycan bir çox hallarda əsassız ittihamlarla üz-üzə qalır. Ermənistan bi siyasətdən əl çəkməlidir. İşğalçı ölkə anlamalıdır ki, belə qarayaxma kampaniyası, yalanlar ona heç bir uğur gətirməyəcək. Ermənistanın maskası artıq yırtılıb. Bütün dünya bilir ki, Ermənistan yalançı, ikiüzlü, riyakardır. Hansı erməni dini abidələrindən söhbət gedir? Bu ərazilər tarixi Azərbaycan əraziləri olub. Əksinə, bu ərazilərdə bizim 67 məscidimiz dağıdılıb, yüzlərlə abidəmiz yerlə-yeksan edilib. Humanitar böhrandan söhbət gedirsə, bunun səbəbkarı məhz Ermənistanın özüdür. Uzun müddət bu torpaqları işğal altında saxladı. Azərbaycanlılara qarşı soyqırım həyata keçirdi, ən müxtəlif vəhşiliklər törətdi. Dəfələrlə rəsmi Bakı Ermənistana xəbərdarlıq etdi ki, gəlin bu məsələni sülh yolu ilə həll edək. İşğalçı nə etdi? Paşinyan bildirdi ki, Qarabağ Ermənistandır. Həmin ərazilərdən çıxmayacaqlarını bildirdi. Hətta o qədər irəli getdi ki, sülh danışıqlarını separatçılarla aparacaqsınız kimi xam xəyallara düşdü. Davamlı olaraq ölkəmizə qarşı təxribatlar davam etdirildi. Bu gün bütün bu problemlərin kökündə Ermənistanın yürütdüyü siyasət dayanır. Düşmən bu siyasətini dəyişməlidir. İkiüzlü, riyakar siyasəti dəyişməyincə problemlər yaşayacaq. Avropa İttifaqında Rusiyanın yanında bir şey deyir, gəlib daxili auditoriyada da başqa fikirlər səsləndirir. Biz gələcəyə baxırıq və planlaşdırırıq ki, tezliklə bölgəyə sülh gəlsin. Ermənistan da bunun üçün çalışmalıdır. Əgər bunu etməsə, ölkəmizə qarşı düşmənçiliyini davam etdirsə, bunun ən çox acısını Vətən müharibəsində olduğu kimi Ermənistan özü çəkəcək. Yanaşma mütləq dəyişməlidir. Beynəlxalq qurumlar da erməniləri başa salmalıdır ki, yalan danışmaq olmaz, təxribatlarına son qoymalıdır. Rəsmi İrəvan gələcəkdə faciələr yaşamamaq üçün indidən vaxt itirmədən hərəkətə keçməli, siyasətini dəyişməlidir".