Azərbaycan qəti addımlar atacaq


Siyasət 03 Avq 2022 16:41:00 187 0

Azərbaycan qəti addımlar atacaq

"Çox təəssüflər olsun ki, bu hadisələr, bu gərginlik məhz bu ərəfədə baş verir". 

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, dəhlizlərin açılmasından narahat olan qüvvələr bölgədə vəziyyəti gərgin saxlamaq istəyirlər:

"Region öz həssas dönəmini yaşayır. Belə ki, yaxın günlərdə hər halda belə planlar var idi ki, Azərbaycan Prezidenti Ermənistan baş naziri ilə Brüsseldə görüşməli idi. Digər tərəfdən üçtərəfli komissiya - Azərbaycanın və Ermənistanın xüsusi komissiyası deblokada ilə bağlı, yolların açılması məsələsi ilə bağlı görüş keçirməlidir. O biri yandan delimitasiya ilə bağlı ikitərəfli komissiya görüşməlidi idi.

Bax, bu ərəfədə bu cür gərginlik ondan xəbər verir ki, Ermənistan tərəfi razılıqlardan boyun qaçırır və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində addımlar atmaq niyyətində deyil. Digər tərəfdən ABŞ-ın son vaxtlar aktivliyi göz önündədir və burada müəyyən vasitəçilik rolu oynamaq istəyir. Çox güman ki, regionda bunu istəməyən qüvvələr var. Ona görə də bu cür təxribatcı addımlara əl atırlar. 

Separatçıların fəallığı ondan xəbər verir ki, onlar indiki vəziyyətdən narahatdırlar. Çünki son nəticə etibarı ilə tərksilah olunmalıdır və gec-tez regionda yeni reallıqlar, yeni yol infrastrukturunun salınması, Laçın dəhlizinə alternativ olan dəhlizin yaradılması, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə yolların açılması, - əgər biz yolların açılmasından danışırıqsa, bütün yollar açılmalıdır, o cümlədən bu yollar: Kəlbəcərdən Ağdərəyə, Ağdərədən Tərtərə gedən yol, Ağdamdan Xankəndi vasitəsilə Şuşaya gedən yol, - bunlar hamısı açılmalıdır. 

Ona görə də düşünürəm ki, bundan narahat olan qüvvələr çalışır vəziyyəti olduğu kimi saxlasınlar və burada müsbətə doğru heç bir inkişaf olmasın. 

Əgər danışıqlar nəticə verməsə, Azərbaycan tərəfi öz narahatçılığını praktiki addımlarla göstərəcək, eyni zamanda beynəlxalq aləmə bir mesaj ötürəcək ki, növbəti dəfə Ermənistan tərəfi öhdəliklərinə düşən vəzifələrini yerinə yetirmir. Ona görə Azərbaycan tərəfi məcbur olacaq öz hüquqi imkanlarından istifadə edərək məsələləri həll etsin. 

Biz artıq vasitəçilərə (Aİ, Rusiya) də açıq deyə bilərik ki, madam ki, vəziyyət növbəti dəfə belə dalana dirənir, biz məcburuq müəyyən qəti addımlar atmağa. O cümlədən istisna olunmur ki, bu, antiterror əməliyyatı olsun. Lakin indiki şəraitdə vasitəçilərlə söhbətlər aparılır, danışıqlar gedir. Azərbaycan çalışacaq ki, bu addımı bütün ziddiyətləri nəzərə alaraq atsın, geiosiyasi vəziyyəti, regionda gedən prosesləri nəzərə alaraq bunları etsin. Ona görə də bununla bağlı hazırda hansısa ehtimal səsləndirmək tezdir. 

Sosial şəbəkələrdə, KİV-lərdə səsləndirilən "Azərbaycan tərəfi dərhal hansısa konkret addımlar atmalıdır" fikirləri, düşünürəm ki, tez qərardır. Düzdür, bunu deyənlərin əsası var, amma bununla bağlı hansısa bir tələblər irəli sürmək tezdir. Hər-halda fikrimcə, lazımı məqam yetişəndən sonra Azərbaycan qəti tədbirlər görəcək".

Təhməz Əsədov Son.az