“Jurnalist” qərəzi və vətəndaş məsuliyyətsizliyi


Digərləri 03 Avq 2022 16:58:00 231 0

“Jurnalist” qərəzi və vətəndaş məsuliyyətsizliyi

Respublika Prokurorluğunun həyata keçirdiyi tədbirlər planı qanunun aliliyinin müdafiəsinə xidmət edir

Söz və fikir azadlığının bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat orqanına maneəsiz çıxışının təmin edildiyi Azərbaycanda özünüifadə azadlığının təmini istiqamətində geniş imkanlar yaradılıb.

Hazırda ölkəmizdə çap və internet mediası sərbəst fəaliyyət göstərir. Bununla yanaşı, sosial medianın da kifayət qədər auditoriyaya müraciət etmək imkanları mövcuddur. Bu da onu təsdiqləyir ki, ölkədə internetdən, sosial şəbəkələrdən geniş istifadə etmək üçün heç bir məhdudiyyət yoxdur və bunun üçün lazımi şərait yaradılıb. İnsanlar sosial şəbəkələrdə öz fikir və rəylərini rahat, sərbəst şəkildə ifadə edə bilirlər.

Amma son zamanlarda həm elektron, həm də sosial mediada yayılan uydurma, yalan informasiyalar təəssüf doğurmaya bilməz. Çünki özünü jurnalist adlandıran bəzilərinin "fəaliyyəti" yalan xəbər başlıqları ilə başlayıb, hətta dövlət sirri sayılan informasiyanın yayılması həddinə qədər şaxələnir. Bəzi sosial şəbəkə istifadəçiləri isə izləyici sayını çoxaltmaqdan ötrü həm Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən, həm də vətəndaşlar arasında süni ajiotaj yaradan, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan, həqiqətə uyğun olmayan informasiyalar yaymaqda davam edirlər.

Əlbəttə ki, bu cür hallar ölkə ictimaiyyəti tərəfindən haqlı narazılığa səbəb olur.  Çünki həmin şəxslər bu cür hərəkətləri ilə həm təşviş yaradır, həm də bilərəkdən və ya bilməyərəkdən düşmən dəyirmanına su tökürlər. Bəlkə də, bunu məqsədli şəkildə həyata keçirirlər. Antiazərbaycançı şəbəkələrin də bu işdə "fəaliyyəti" ola bilər.

Ona görə də Baş Prokurorluq qanunun tələblərinə uyğun olaraq ilk növbədə media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. Prokurorluğun bununla bağlı yaydığı məlumatda bildirilirdi ki, aparılan monitorinqlərlə bəzi media orqanlarında informasiyanın dərc olunması zamanı qanunvericiliyin tələblərinin, yəni faktların və hadisələrin qərəzsiz, obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmaması müəyyənləşib. Ölkədə ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş Prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb. Onlara "Prokurorluq haqqında" qanunun 22-ci maddəsinə əsasən, gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Baş Prokurorluq media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bəyan edib ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.  

Təbii ki, bir sıra sosial şəbəkə istifadəçilərinin Baş Prokurorluğa dəvət olunaraq onlara xəbərdarlıq edilməsi ölkə ictimaiyyəti tərəfindən haqlı olaraq düzgün addım kimi dəyərləndirilir və hesab edilir ki, bu cür addımlar, tədbirlər davamlı xarakter almalıdır. Çünki bu məsələdə bir sıra nüanslar var. Onlardan biri Vətən müharibəsindən sonra bölgədəki hazırkı durumdur. Bəllidir ki, Vətən mühribəsindən sonra Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarından hələ də erməni separatçıları tamamilə çıxarılmayıb. Eyni zamanda Qarabağda, Şərqi Zəngəzurda ordumuzun müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində yeni hərbi hissələr yaradılır, qoşunların dislokasiya prosesi həyata keçirilir.

Bu məlumatları Müdafiə Nazirliyinə istinad etmədən, yəni rəsmi mənbədən almadan yaymaq nə dərəcədə doğrudur?!

Baş prokuror Kamran Əliyev bu məsələyə toxunarkən qeyd etmişdir ki, bəzi jurnalistlər və sosial media istifadəçiləri işin detallarını, incəliklərini bilmədən qəti fikirlər irəli sürürlər, özlərini tam hazırlıqlı hüquqşünas hesab edirlər.

Ona görə də belə hallarda mütləq qanunun aliliyi əsas götürülməlidir. Baş Prokurorluq tərəfindən "Prokurorluq haqqında" qanunun 22-ci maddəsinə əsasən, gələcəkdə bu kimi mənfi hallara yol verilməməsi ilə bağlı xəbərdarlıq edilməsi düzgün addımdır. Təbii ki, bu, təkcə "reket jurnalistika" ilə məşğul olanlara yox, əsassız məlumatlar yayan sosial şəbəkə istifadəçilərinə də ilkin xəbərdarlıqdır.

Ümumiyyətlə, Azərbaycanın informasiya məkanına mənfi təsir göstərən bütün hallara qarşı mübarizə aparmaq vacibdirr. Bu prosesdə iştirak edən bütün subyektlər həm hüquqi məsuliyyətə cəlb edilməli, həm də ictimai qınağa məruz qalmalıdırlar. Əgər belə hallara imkan verilsə, ilk növbədə şərəfli tarixi olan milli mətbuatımızın nailiyyətləri gözdən düşə bilər və ölkədə təxribat, çaşqınlıq yaratmağa çalışan qüvvələr məkrli məqsədlərinə çata bilərlər.

Baş Prokurorluğun həmin şəxslərə müraciəti, görülən tədbirlər qanunun aliliyinin müdafiəsii kimi qiymətləndirilməlidirr.

Prezident İlham Əliyev hər zaman qeyd edir ki, qanun hər şeydən üstündür. Heç kim qanundankənar hərəkət edə bilməz.

Ona görə də belə şəxslərin hərəkətlərinin qarşısını alan, dövlət qurumlarına, dövlətin imicinə, müdafiə qabiliyyətinə, insanların hüquq və azadlıqlarının pozulması hallarına, ölkədə süni ajiotaj yaradılmasına qarşı yönələn hərəkətlərə qarşı Baş Prokurorluq tərəfindən "Prokurorluq haqqında" qanunun tələblərinə uyğun olaraq görülən tədbirlər təqdirəlayiqdir.

İnanırıq ki, Baş Prokurorluğun bu istiqamətdə gördüyü işlər müsbət nəticələr verəcək. Gələcəkdə də bu cür qanunsuz hərəkətlərə və qanunvericiliklə qadağan olunmuş fəaliyyətlərə görə müəyyən inzibati tədbirlərin görülməsi bunu deməyə əsas verir. Əgər bu məsələdə ölkənin qeyri-hökumət təşkilatları, aparıcı çap və elektron mediası Baş Prokurorluğun həyata keçirdiyi proseslərə yardımçı olarlarsa, mübarizə daha effektiv nəticə verə bilər.

Rəşad Baxşəliyev