Aviabiletlər nə vaxt ucuzlaşır? İpucları


Digərləri 03 Avq 2022 15:24:00 152 0

Aviabiletlər nə vaxt ucuzlaşır?  İpucları

Aviabilet səyahət büdcəsinin əsas hissəsindən biridir. Ucuz alınsa büdcəyə yaxşı qənaət etmək olar.

Turizm və miqrasiya mövsümündə - may, iyun, iyul, avqust, sentyabr aylarında biletlər sürətlə satılır və bir az baha olur. Bu aylarda olan uçuşlara bilet almaq üçün 3-4 ay öncədə qiymətləri izləmək lazımdır. Uyğun qiymət görən kimi almaq lazımdır, çünki aviabilet qiymətləri hər saniyə dəyişə bilər.

Təbii ki, turizm mövsümü olmayan aylarda - oktyabr, noyabr, fevral, aprel aylarında biletlər, hətta otellər belə aşağı qiymətə təklif edilir, bəzən öz xərcindən daha ucuz olur.

Misal üçün, Türk Hava Yolları hər il payız aylarında endirim kampaniyası edir. Kampaniya həm ölkədaxili, həm  də ölkəxarici reyslərə şamil olunur. Hazırda isə THY ölkədaxili reyslərə kampaniya edir. 299.99 TL-dən (~30 AZN) başlayan qiymətlərlə Türkiyədaxili səyahət imkanı verir.

Türkiyənin digər aviaşirkəti Pegasus isə öz mobil tətbiqində mütəmadi olaraq kampaniyalar edir. Bunun üçün Pegasus-un Bol-Bol loyallıq proqramına qoşulmaq lazımdır. Təxmini 1 ay öncə bu kampaniya ilə Gəncə-İstanbul-Gəncə bileti 140 avro idi. Bakıya Budapeşt və Əbu Dabidən reyslər edən Wizz Air də öz mobil tətbiqində tez-tez endirimlər edir. 

Aviabiletlərin ucuz olduğu daha bir zaman isə yeni satışa çıxan vaxtlarıdır. Hər bir aviaşirkət qış və yay mövsümü üçün biletləri satışa çıxaranda və ya hansısa şəhərə yeni uçuş planlaşdıranda biletlərin qiyməti baza qiymətinə bərabər olur. Təbii ki, yerlər azaldıqca qiymətlər də artır. Misal üçün, Buta Airways yeni reyslərin və yeni mövsümün biletlərini satışa çıxaranda qiymətləri 29 avrodan başlayır. Bu xəbərləri izləmək üçün aviaşirkətin sosial media kanallarını izləmək lazımdır. AZAL isə geniş gövdəli təyyarələrindən istifadə etdiyi marşrutlarda tez-tez kampaniya edir.

Yekun olaraq qeyd edək ki, axtarış zamanı aviaşirkətləri və qiymətləri müqayisə edin. Xidmətlərindən razı qalacağınız şirkəti seçin.

AviaTravel

Turizm və aviasiya haqqında daha çox məlumat - www.aviatravel.az