ABŞ yenə Xankəndidə yuva salan separatçılara qucaq açdı: Senatdan antiAzərbaycan qərarı


Digərləri 02 Avq 2022 18:28:00 161 0

ABŞ yenə Xankəndidə yuva salan separatçılara qucaq açdı: Senatdan antiAzərbaycan qərarı

Gələn ilin büdcəsində "minaların təmizlənməsi" adı ilə Qarabağa 2 milyon dolların ayrılması haqda qanun layihəsi təsdiqlənib; Ukraynada, Gürcüstanda, Moldovada separatçıların gününü "göy əski"yə bükən Amerika Azərbaycana gələndə kriminal rejimi subyekt olaraq tanıyır

Ötən həftəsonu ABŞ Senatı 2023-cü il büdcəsində "minaların təmizlənməsi" adı ilə Qarabağa 2 milyon dolların ayrılması haqda qanun layihəsini təsdiqləyib. "Yeni Müsavat" qeyd edir ki, 2022-ci il büdcəsində Qarabağa maliyyə yardımı ayrılsa da, 2023-cü il dövlət büdcəsində bunun olmayacağı gözlənilirdi. Amerika Erməni Konqresi bununla bağlı kampaniya aparacaqlarını açıqlamışdı.

Görünür, erməni lobbisi hədəfinə çatıb. Bu, əlbəttə ki, Azərbaycan üçün yaxşı xəbər deyil. Düzdür, sənəd tövsiyə xarakteri daşıyır. Yəni ola bilər Bayden administrasiyası gələn ilin büdcəsində Qarabağa maliyyə yardımı ayrılmasına razılaşmasın. Lakin əksi də mümkündür. İstənilən halda, mahiyyət dəyişmir. Belə çıxır, Ukraynada, Gürcüstanda, Moldovada separatçıların gününü "göy əski"yə bükən ABŞ Azərbaycana gələndə tam başqa mövqe sərgiləyir və hələ də Qarabağdakı kriminal və oyuncaq rejimi de-fakto müstəqil subyekt olaraq tanıyır.

Axı "Dağlıq Qarabağ"a hansı yardımdan söhbət gedə bilər? Üstəlik, orada indi əsas söz sahibi separatçılardan daha çox ABŞ-ın qanlı-bıçaq olduğu Rusiya və onun sülhməramlı kontingentidirsə, niyə Vaşinqton onları dəstəkləyir?  Yəni bu, hər şeydən əvvəl Azərbaycanın ərazi bütövlüyünə ABŞ-dan növbəti sayğısızlıqdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bizdə yalnız Qarabağ iqtisadi zonası var. Qarabağ ermənilərinə hansısa xarici dövlətin yardımı da yalnız Azərbaycan üzərindən reallaşa bilər. Lakin qanunu hələ prezident Cozef Bayden imzalamalıdır, ona görə ümid var ki, düzəliş qəbul olunmaya da bilər. Hər halda, ilin axırına qədər vaxt var. Ancaq buna qədər rəsmi Bakı hərəkətə keçməlidir, diplomatik və lobbiçilik fəaliyyəti nəticəsində qarşısını almalıdır. Bəs buna nail ola biləcəkmi? Ümumiyyətlə, ön tədbirlər nələr olmalıdır?

Son.az xəbər verir ki, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev "Yeni Müsavat"a bildirdi ki, həmişə ikili standartlarla üzləşmişik: "İstər Amerika, istər Minsk Qrupu, istərsə digər beynəlxalq təsisatlar olsun, həmişə qərəzli olublar. Amma BMT-də biz istəyimizə nail olub 44 günlük müharibə apardıq, torpaqların böyük hissəsini azad etdik. Sadəcə, Amerika Senatı bundan əvvəl də ermənilərə yardım edib. Əslində ABŞ üçün 2 milyon böyük vəsait deyil. Ancaq lap 2 qəpik olsun, biz haqlı olaraq etirazımızı bildirməliyik. Sadəcə, bu təşəbbüsü Amerikadakı erməni assambleyası qaldırır və lobbi işi görür. Erməni lobbisinin apardığı kampaniyanı anladıq, bəs ABŞ Senatı niyə onun təsiri altına düşür? Nə üçün ABŞ separatçılara qucaq açmalıdır? Biz buna etiraz etməliyik. Əslində təəccüblü deyil, çünki Amerika PKK və YPG kimi terrorçu dəstələri də maliyyələşdirir. İndi Azərbaycanda bəziləri Vaşinqtonun bu addımlarına susur. Bizsə susmaq fikrində deyilik. Rəsmi Bakı da, siyasətçilər də bu məsələ ilə bağlı Amerikaya mövqeyini çatdırmalıdır. Niyə "demokratiya beşiyi" kriminal rejimə maliyyə ayırmalıdır?"