Qarabağda müharibə hazırlığı


Siyasət 01 Avq 2022 12:36:00 142 0

Qarabağda müharibə hazırlığı

44 günlük müharibədən sonra Ermənistanda yaranan xaos vəziyyət bu günə kimi qalmaqdadır. Günü-gündən ölkədə siyasi gərginliyin daha da dərinləşməsi postkonflikt mərhələsində Azərbaycanla sülh danışıqlarına da təsirsiz ötüşmür. 

Baxmayaraq ki, son zamanlar Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanın 5 maddəlik sülh paketini dəstəklədikləri və bu istiqamətdə addımlar atmağa hazır olduqları ilə bağlı tez-tez bəyanatlar eşidirik, amma ortada praktiki bir fəallığın şahidi deyilik. Buradan da belə nəticə çıxır ki, rəsmi İrəvan bu gün artıq istər kollektiv Qərbin, istərsə də ABŞ və digər böyük güc mərkəzlərinin ikiəlli dəstəklədiyi bu sülh paketi ilə bağlı məsələnin həlli prosesini maksimum ləngitməyə çalışmaqla Ermənistan üçün manevr imkanlarının yaranacağı, vəziyyəti xeyirlərinə dəyişəcəkləri ümidini itirmək fikrində deyillər. 

Elə bu səbəbdən də istər üçtərəfli bəyanatlarda üzərinə götürdüyü öhdəlikləri, istərsə də Brüssel danışıqları zamanı Avropanın gözü önündə təklifi ilə razılaşdığı Bakıya qarşı yeni manipulyasiya planları quran İrəvan destruktiv addımları ilə danışıqlar prosesini deaktivləşdirmək niyyətini gizlədə bilmir. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsinin bitməsinin artıq ikinci ili tamam olmasına bir şey qalmayıb, amma hələ də Ermənistanın 10 noyabrda kaitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri praktiki olaraq həyata keçirməməsi İrəvanın yenə köhnə vərdişindən, ritorikasından əl çəkmək fikrində olmadığından, revanş üçün fürsət axtarışından xəbər verir. 

Amma proseslərə dərindən nəzər saldıqda görə bilərik ki, Ermənistan siyasi rəhbərliyi maksimum dərəcədə çalışır ki, İrəvanla Bakı arasında hər hansı bir siyasi böhranın olmamasını göstərsin. Nəticə etibarı ilə isə dünya ictimaiyyətində belə təəssürat yaratmağa çalışır ki, istər Azərbaycanla sərhəddə, istərsə də sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasındakı insidentlərdə onlar günahsızdır, biz sülhə çağırış edirik, vəziyyəti Azərbaycan tərəfi gərginləşdirməyə çalışır. Amma reallıq tamamilə əksini deyir. 

Yeni müharibə ehtimalı var?

Günlər öncə Qarabağda həyacan siqnalı verildi. Separatçılar erməni əhalisini narahat olmamağa çağırıb. Bunun üçün Rusiya sülhməramlılarının "hava təhlükəsi siqnallarını" yoxladıqları haqda məlumat yayıblar.

Əslində "həyacan siqnalı" təliminin niyə indi keçirilməsi diqqət çəkir. O da diqqət çəkir ki, təlim bir neçə gün öncə separatçıların səngər qazdığı və Azərbaycan ordusunun sərt reaksiya verdiyi sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasına daxil olan Xocalı ərazisində keçirilir.

Bu azmış kimi ermənilərin son günlər istər Azərbaycan dövlət sərhədd xəttində, istərtsə də yenə də sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasına daxil olan ərazilərdən Azərbaycan əsgərlərinin mövqeləri istiqamətində tez-tez silahlı insident törətməsi hallarının durmadan artdığına şahid oluruq. Bu təxribatlardan ən diqqətçəkənlərdən biri elə 5 gün öncə qeydə alındı. Erməni silahlıları bir gecədə eyni anda 9 istiqamətdə mövqelərimizi atəşə tutdular. İkisi sərhəddə, yeddisi isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qeydə alındı.

Bakıdan təxribat ocaqlarının susdurulması ilə bağlı informasiyası atılacaq addımların mesajı olaraq qiymətləndirmək olar. Bu barədə dövlət başçısı demək olar ki, hər çıxışnda qeyd edir ki, Azərbaycan ordusu Ermənistanın yenidən revanş istəyini, təxribatlarını dəf etmək, düşmənə layiqli cavab vermək iradəsini özündə saxlayır və belə bir təhlükə hiss etdiyi məqamda düşmən mövqelərini darmadağın edəcəyinə şübhə etməsinlər. 

Belə görünür ki, Qarabağda qanunsuz erməni silahlı birləşmələr tam çıxarılmayana qədər bu problemlər davam edəcək və son insidentlər hər ötən gün anti-terror əməliyyatını daha da aktuallaşdırır.

10 noyabr bəyanatının tələblərini, öhdəliklərini nə Ermənistan tərəfi, nə də Rusiya Sülhməramlı Qüvvələri icra etmirsə Azərbaycan 30 illik işğal prosesinə son qoyduğu kimi yenidən missiyanı öz üzərinə çəkmək məcburiyyətində qalmalı olacaq. Döyüş meydanındakı ağır məğlubiyyətin əvəzini masada çıxacaqlarını düşünən revanşistlər, Ermənistan hərbi və siyasi rəhbərliyi üçün Bakının verdiyi zaman artıq dolmaq üzrədir. 

Çünki Qarabağ müharibəsinin aktiv fazası bitəndən sonra, artıq sayını belə itirdiyimiz təxribatlara, silahlə insidentlərə şahid oluruq. Bu isə sülhə mane olmaq, bölgədə vəziyyəti gərgin saxlamaq, konkret desək, sülhdən imtina üçün düşünülmüş siyasətdir. Bu isə Bakının çağırışlarına qarşı çıxmaq, götürdüyü öhdəlikləri ayaq altına atmaq, bölgənin inkişafına, insanlartın öz dədə-baba yurdlarına köçməmələri məqsədilə qurulan çirkin planın tərkib hissəsidir. Ermənistan tərəfinin bu planlarınadan çox yaxşı xəbərdar olan rəsmi Bakı İrəvana lazımı xəbərdarlığını edib. Azərbaycan bunu istər dövlət başçısı, istərsə XİN, istərsə də Müdafiə Nazirliyi səviyyəsində qarşı tərəfə bəyan edib.

Ermənistan rəhbərliyi anlamalıdır, ən azı yaxın keçmişə (İkinci Qarabağ müharibəsi) nəzər salıb nəhayət başa düşməlidir ki, məsələlər masada həll olunmursa, siyasi böhranın sonu hərbi böhranla nəticələnir. İndi Ermənistanın hər gün artan təxribatları 2 il əvvəlki hadisələrə çox bənzəyir. Azərbaycan tərəfi bilir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı hissəsindən qanunsuz erməni silahlıları çıxarılmayana və orada Azərbaycanın güc strukturları fəaliyyət göstərməyənə qədər problem açıq olaraq qalacaq.

Çünki Azərbaycan Respublikası ərazisində Azərbaycan Silhalı Qüvvələrinə məxsus olmayanistənilən silahlı birləşmə işğalçı statusundadır və Azərbaycan ərazisini qeyd-şərtsiz tərk etməlidir. 

Təhməz Əsədov Son.az