"Ulu Öndər Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib"


Siyasət 01 Avq 2022 09:38:00 241 0

"Ulu Öndər Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib"

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə açıqlamasında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız üçün göstərdiyi misilsiz xidmətlərindən biri də onun, hər bir xalqın varlığını təsdiq edən başlıca amil, milli mənəvi dəyərlərini yaşadan, mənəvi sərvəti olan ana dilinin qorunub saxlanması və inkişafı sahəsində fəaliyətidir.

"Hələ sovetlər dövründə Ulu Öndər Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, milli kadr potensialını formalaşdıraraq Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, Heydər Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində həmin ildə qəbul olunan Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu kimi təsbit olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu.

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük zaman kəsiyi hesab olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan işlər həyata keçirib", - deyə deputat bildirib.

O qeyd edib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu.

"Yenidən, onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi oldu. "Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir" - deyən Ümummilli lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın nümünəsini yaratdı.

1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. 2001-ci ildə Ümummilli liderimizin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə oldu. Məhz Ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında dövlət dili bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı. 30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun təsdiq olundu.

Ümummilli lider Heydər Əliyevin dil siyasətinin ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün yaratdıgı tarixi şərait, bundan sonra da uğurla davam edəcəkdir", - deyə S.Hüseynova vurğulayıb.

Milli Məclisin deputatı Cavid Osmanov isə açıqlamasında bildirib ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

"Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Hər bir xalqın milli- mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun ana dilidir və dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

"Ulu öndər Heydər Əliyevin sovet dövründə ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi öz nəticəsini verdi. Belə ki, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi", - deyə C.Osmanov vurğulayıb.

Deputat bildirib ki, müstəqillik dövrünün Azərbaycan dilinin müasir inkişaf mərhələsinin başlanğıcı olduğunu diqqətə çatdıran deputat bildirib ki, xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.

"Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilib", - deyə deputat qeyd edib.

C.Osmanov bildirib ki, 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

"Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev tərəfindən də bu istiqamətdə bir sıra fərman və sərəncamlar imzalanıb. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.

Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir", - deyə deputat əlavə edib.