Bu ölkədə sağalmaz xəstəliyə tutulan UŞAQLARLA BAĞLI "ÖLÜM QANUNU"


Dünya 28 İyn 2022 22:02:00 132 0

Bu  ölkədə  sağalmaz xəstəliyə tutulan UŞAQLARLA BAĞLI "ÖLÜM QANUNU"

Hollandiyada sağalmaq ümidi olmayan 12 yaşından kiçik uşaqlar üçün evtanaziya gündəmdədir.

Hollandiya hökuməti sağalmaq ümidi olmayan və dözülməz ağrılar çəkən 1-12 yaşlı uşaqlara ölüm hüququ (evtanaziya) verməyə hazırlaşır.

Səhiyyə naziri Ernst Kuipers uzun müddətdir koalisiya tərəfdaşları arasında müzakirə olunan məsələ ilə bağlı qanun layihəsi hazırlayıb.

Hökumət qanun layihəsini yeni qanunvericilik ili başlayandan sonra payızda parlamentdən keçirməyi planlaşdırır.

Nazir Kuipers tərəfindən hazırlanan yeni tənzimləmə 1-12 yaşlı uşaqlar üçün "ümidsiz xəstəlik və dözülməz ağrı" ilə evtanaziya hüququnun verilməsi üçün 7 əsas şərti ehtiva edir.

Qanun layihəsinə əsasən, evtanaziya hüququ yalnız "yaxın gələcəkdə ölməsi gözlənilən" uşaqları əhatə edəcək.

Uşağın ümidsiz iztirabını aradan qaldırmaq üçün "ağlabatan imkanın" olmaması şərti axtarılacaq. Hər iki valideyn evtanaziya barədə razılığa gəlməlidir və onların həkimi ən azı bir müstəqil həkimlə məsləhətləşməlidir.

Evtanaziya ilə bağlı uşağın iradəsi də nəzərə alınacaq. Qanuni olaraq, uşağın ömrünün sonuna razılıq tələb olunmur, ancaq həkim mütləq uşaqla onun anlayış səviyyəsinə uyğun ünsiyyət qurmağa çalışacaq.

Uşağın şifahi və ya şifahi olmayan cavabları nəzərə alınmalıdır. Əgər onun həkimi uşağın evtanaziya istəmədiyi siqnalını alarsa, valideynin razılığı həyatı sonlandırmaq üçün kifayət etməyəcək. Nazir Kuipers tərəfindən hazırlanan qanun layihəsi müzakirə üçün koalisiya tərəfdaşlarına, həkim təşkilatlarına və Assambleyaya göndərilib.

Hökumət tənzimləməni oktyabrda Baş Assambleyada müzakirə etməyi planlaşdırır.

Baş nazir Mark Ruttenin rəhbərlik etdiyi əvvəlki hökumət tərəfindən gündəmə gətirilən 12 yaşından kiçik uşaqlar üçün evtanaziya hüququ təklifi koalisiya tərəfdaşları arasında müzakirələrə səbəb olub.