Sumqayıtda su və kanalizasiya xəttinə görə dağıdılan yol asfaltlanmayıb


Digərləri 27 İyn 2022 18:15:00 148 0

Sumqayıtda su və kanalizasiya xəttinə görə dağıdılan yol asfaltlanmayıb

Sumqayıt şəhərində iki il bundan öncə asfalt çəkilən yol dağıdılıb. Buna səbəb başqa bir qurumun həmin ərazidə iş görməsi olub. 

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Sumqayıt şəhərinin Çerkassi küçəsindən gedir.

Ərazidə yaşayan bir qrup sakin iddia edir ki, təqribən iki il bundan öncə onların müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həmin küçə asfaltlanıb. Ancaq çox keçməyib ki, "Azərsu" ASC həmin küçənin asfaltını qazaraq oradan su və kanalizasiya xətti çəkib. Amma aradan iki il keçməsinə baxmayaraq, dağıdılan asfalt yenilənməyib. Sakinlər iki ildir ki, verilən vədin yerinə yetirilməsini istəyirlər.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə "Xəzər Xəbər"ə bildirib ki, avtomobil yolunda su və kanalizasiya xətti təmir olunduqdan sonra əks dolğu və kipləşdirmə işləri aparılmaqla, asfalt örtüyünün bərpası bağlanmış müqavilələrə uyğun olaraq yol təsərrüfatı müəssisəsi tərəfindən həyata keçirilir. Həmin ərazinin bərpası ilə bağlı aidiyyəti üzrə müraciət olunacaq.