Əsiri polislə dəyişmək üçün 6 ay erməniyə baxdılar 30 il yol gözləyən qadının həyat hekayəsi
Digərləri 26 İyn 2022 18:00:00 179 0
"Daha saf sevgilər, ömürlük sədaqət yoxdur" deyənlərə gəlsin bu ömür hekayəsi. Bu sevginin, sədaqətin və müharibənin bir qadın ömrünə vurduğu zərbənin hekayəsidir.
Son.az lent.az-a istinadla bildirir ki, 1988-ci ildə ermənilər Qarabağda təxribatlar törədərkən ilk növbədə asayişi qorumaq üçün polislər göndərildi. Onlar arasında 23 yaşlı polis əməkdaşı Babayev İslam Əhmədağa oğlu da var idi.
O, Qarabağa döyüşə gedəndə həyat yoldaşı Solmaz hamilə idi, İslama oğlunun üzünü görmək nəsibi olmadı. Solmaz 7 ayın gəlini oldu, bir üzü qız, bir üzü gəlin 30 il həsrətin yükünü çəkdi. Müharibənin talan etdiyi bir ömür hekayəsinə çevrildi Solmaz Şirəliyeva.
İslam Solmazın bibisi oğlu idi. Yaşıd idilər. Uşaqlıqdan bir-birlərinə könül bağlamışdılar. 1991-ci ilin sentyabr ayında toy etdilər, Solmaz Kürdəmirdən Ağsunun Musabəyli kəndinə gəlin köçdü. O zamanlar bütün qızların yaraşığına heyran olduğu, baxıb köks ötürdüyü İslam çevik Polis Alayında işləyirdi. Bir neçə ay sonra İslam ata olacağı xəbərini eşidib çox sevinmişdi. Amma balasını qucağına almaq, ona atalıq etmək, arzuladığı kimi birlikdə futbol oynamaq, balıq tutmağa getmək qismət olmadı.
Solmaz o günləri belə xatırlayır:
"1992-ci ilin aprel ayında İslamgili Qarabağa döyüşə apardılar. 60 polis işçisi Şuşa uğrunda döyüşlərdə iştirak etdi. İtkin xəbərini aldığım gün mənə dedilər ki, İslam Bala Kirs deyilən ərazidə 2 həmkarı ilə postda dayanıbmış. O, Əfsun və Şahin. Mayın 8-də Şuşa işğal olunan gün İslam və 2 yoldaşı itkin düşdü. Nə ölüləri tapıldı, nə diriləri. Dünya başımıza yıxıldı. 3 nəfərdən başqa, 57 polis sağ-salamat geri qayıtdı. Biz İslamın axtarışlarına başladıq. İndiki kimi deyildi, o zaman nə nizami ordu vardı, nə doğru-dürüst iş aparan. Ölkədə vəziyyət qarışıq idi, bir yanda Vətən uğrunda müharibə gedirdi, bir yanda da hökumət qarışmışdı. Başıpozuqluq idi. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə, Daxili İşlər Nazirliyinə, əlimiz çatan hər yerə müraciət etdik, bütün xəstəxanaları, morqları gəzdik. Qayınatamla, qayınlarım günlərlə evə gəlmədilər, bir soraq çıxar deyə mümkün olan hər yerə gedirdilər. Qapıdan bayıra çıxanda qayınanam qapıya qıfıl asmırdı ki, İslam gələr, ya da kimsə xəbər gətirsə, qapıdan qayıtmasın, girib evdə gözləsin".
O illər ərzində itiyini, əsir düşənini axtaranların sayı çox idi. Bu vəziyyətdən yararlanmaq istəyən çoxlu sayda "insan alverçiləri" ortya çıxmışdılar. Sözün həqiqi mənasında satılmaqdan gedir söhbət.