Kütləvi ölümlər olmayacaq,


Digərləri 25 İyn 2022 23:49:00 184 0

Kütləvi ölümlər olmayacaq,

Həkimlər deyir ki, koronavirusa yoluxmada artımlar olsa da, əvvəllər olduğu kimi kütləvi ölümlər olmayacaq. İlk növbədə ona görə ki, virus özü də zəifləyib, digər tərəfdən isə əlimizdə effektiv dərman preparatları da var.

Son iki ayda koronovirusla bağlı təlaş, demək olar ki, yox səviyyəsində idi. Hər gün açıqlanan statistika da ürəyimizə su səpirdi. 4 rəqəmli yoluxma sayından tək rəqəmliyə düşdük, hətta "Azərbaycanda koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, vəfat edən olmayıb" kimi faktları da tarixə yazdıq. Elə rahat nəfəs alırdıq ki, son günlər xəstə sayının artımla davam etməsi bizi narahat etdi. COVID-19-la bağlı ikinci gözlənilməz xəbər isə İsraildən gəldi. Sözügedən ölkənin Səhiyyə Nazirliyi ölkədə koronavirusun yeddinci dalğasının başladığını rəsmən elan edib. Bəs bu artım nə ilə bağlıdır? Təşvişə əsas varmı?

Kaspi qəzeti bu suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət edib.

"Yayda infeksion xəstəliklərlə daha çox rastlaşırıq"

Pulmonoloq Əsəd Beydullayev deyir ki, artımın olması gözlənilən idi. Amma bu artım indi deyil, payız ayları üçün proqnozlaşdırılırdı: "Bu, gözlənilən idi, çünki pandemiya hələ bitməyib. Öz təcrübəmdən deyə bilərəm ki, yay aylarında infeksion xəstəliklərlə daha çox rastlaşırıq. Səbəb odur ki, havalar qızanda insanlar kondisionerlərdən, soyuq sulardan istifadə edir. Bununla da soyuqdəymə, pnevmoniyaların sayı avtomatik olaraq artır. Havalar mülayim keçdiyi üçün biz bununla rastlaşmadıq. İstilər başlayan kimi artım da özünü göstərir".

"Səyahətlər yoluxma sayını ortaya çıxarır"

Həkimin sözlərinə görə, artımın müşahidə edilməsinin ikinci səbəbi xaricə səyahətlərlə bağlı testlərin daha çox edilməsidir: "İnsanlar istirahətə gedirlər və məcburi test verirlər. Əksər insanlar simptomsuz keçirir və xəstəlik yalnız test verdikdə aşkar olunur. O da real yoluxma sayının ortaya çıxmasına səbəb ola bilər".

"Bu artım siqnaldır"

Həmsöhbətimizə görə, artımın üçüncü səbəbi isə insanların həssaslığının azalmasıdır: "İnsanlarda arxayınlaşma, rahatçılıq yaranıb. Pandemiyanı tam bitmiş hesab edirlər. Bu da artıma öz təsirini göstərir. Hər bir halda bu, bizə siqnaldır ki, bu məsələ tam sona çatmayıb və qığılcımlar qalır. Ən qorxduğumuz aylar sentyabr, oktyabrdır. Yanaşı olaraq, COVID-19 virusu aradan götürülməsə və yeni ştammlar yaransa, bu, bizi yora bilər. Sevindirici hal ondan ibarətdir ki, 2 illik təcrübədən sonra insanlarımız bu işdə səriştə əldə ediblər. Yəni deyilərsə ki, maska taxılsın, bu, insanlara çətin gəlməyəcək. Hamı alışıb, bilir və məlumatlıdırlar".

"Düşünməyin ki, yoluxma sayı azdır, biz yoluxmarıq"