Azərbaycanda KOB İnkişaf Fondu yaradılacaq


Digərləri 24 İyn 2022 11:58:00 194 0

Azərbaycanda KOB İnkişaf Fondu yaradılacaq

Biz hazırda KOB-ların maliyyə resurslarına çıxışını artıracaq KOB İnkişaf Fondunun yaradılması prosesindəyik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən "Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu" adlı Biznes Forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O qeyd edib ki, fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99,6%-ni KOB subyektləri təşkil edir:

"Qeyd olunanlar nəzərə alınmaqla, KOB-ların innovativ inkişafının dəstəklənməsi strateji fəaliyyət gündəliyimizin əsas elementlərindən biridir.

Təbii ki, biznesin innovativ transformasiyası və şaxələndirilməsi adekvat səviyyədə maliyyələşdirmə tələb edir və ənənəvi maliyyə sistemi mövcud problemlərin aradan qaldırılmasında çətinliklərlə üzləşir. Bu baxımdan, davamlı maliyyə resurslarının təmin edilməsi üçün gələcəkdə alternativ maliyyə mənbələri, o cümlədən Fintech texnologiyası mühüm əhəmiyyət kəsb edəcəkdir. Fondun əsas özəlliyi onun qrantlar və texniki yardımlar təklif etmək imkanı ilə bağlı olacaqdır. Həmçinin, investisiya üçün minimum layihə dəyəri tələbləri bazarda mövcud olan göstəricilərdən daha aşağı olacaqdır".

"KOB İnkişafı Fondunun təşkilati forması Açıq Səhmdar Cəmiyyəti olacaqdır ki, bu da öz növbəsində dövlət vəsaitləri ilə yanaşı, yerli və xarici investorların, eləcə də özəl sektorun vəsaitlərini cəlb etmək imkanı yaradacaq.

Dövlət-özəl sektor tərəfdaşlığı və klasterləşmə milli iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun proseslərə cəlb edilməsi, eyni zamanda, yeni çağırışlar fonunda resursların səfərbər edilməsi baxımından əlverişli modellərdir.

Son 25 il ərzində dövlət-özəl sektor tərəfdaşlığı (PPP) layihələri dövlət infrastrukturunun və xidmətlərinin inkişafı, habelə idarəetmənin təkmilləşdirilməsi üçün uğurlu mexanizmlər olduğunu sübut etmişdir. Ölkəmizdə PPP layihələrinin "Tik-İstifadə Et-Təhvil ver" modeli əsasında həyata keçirilməsi üçün qanunvericilik bazası mövcuddur.

Eyni zamanda, KOBİA-nın strukturunda Dövlət Sahibkar Tərəfdaşlığının İnkişaf Mərkəzi fəaliyyət göstərir. Mərkəz aidiyyəti dövlət qurumlarının, maraqlı tərəflərin potensialının gücləndirilməsi və potensial PPP layihələrinin müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir.

Effektiv təşkilati və hüquqi model kimi KOB klasterlərin yaradılmasını da qeyd etmək olar. Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkətləri və KOB klasterinin iştirakçıları üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub. Hazırda bu modelin tətbiqi üçün normativ-hüquqi bazanın tamamlanması istiqamətində işlər aparılır.

Ümumiyyətlə, KOB klasterlərinin formalaşması daha intensiv və dayanıqlı iqtisadi inkişafı və məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsini stimullaşdıracaq, həmçinin yüksək əlavə dəyər yaratmaqla iqtisadiyyatın mürəkkəbliyini artıracaqdır. Onu da vurğulamaq istərdim ki, bu biznes modelləri işğaldan azad edilmiş Qarabağın bərpası və ölkənin iqtisadi dəyər zəncirinə yenidən inteqrasiyası prosesində geniş tətbiq sahəsinə malikdir.