Peyğəmbərimiz (s) qonağı necə yola salardı?


Digərləri 23 İyn 2022 23:55:00 202 0

Peyğəmbərimiz (s) qonağı necə yola salardı?

Qonağı mənizlin qapısına qədər ötürmək İslam əxlaqındandır. Bu yolla qonağa demək istəyir ki, səni gördüyümə şadam və bir daha gəlmiyini istəyirəm.

Həzrət Peyğəmbər (s) buyurur: "Qonağın ev sahibi üzərindəki haqlarından biri budur ki, onunla birlikdə getsin, o zamana qədər ki, mənzilindən xaric olar".

Peyğəmbər (s) o zaman ki, bir möminlə xudahafizləşər idi, ona buyurardı: "Allah sizə təqva azuqəsi versin, sizi bütün yaxşılıqlara agah etsin, hacətlərinizi yerinə yetirsin, din və dünyanızı sağlam etsin, mənə tərəf salamatlıqla qayıdasınız".

Başqa hədisdə oxuyuruq ki, Peyğəmbər (s) müsafiri yollayan zaman əlindən tutub buyarardı: "Allah yaxşı yoldaşları sənə nəsib etsin, xoşagəlməz hadisələri sənin üçün asan etsin, uzağı sənə yaxın etsin, azuqəni sənin üçün kifayət etsin, din və əmanətini qorusun, əməlini xeyirlə xətmləndirsin, səni bütün yaxşılqlara agah etsin. Allahın bərəkəti ilə hərəkət et".

Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Bir həyat yoldaşım vardır ki, evə gələn zaman məni qarşılayır, evdən çıxan zaman məni yola salır, məni qəmgin görən zaman deyir: Əgər ruzi üçün qəm yeyirsənsə bil ki, başqası (Allah) onu öhdəsinə götürmüşdür. Əgər axirət üçün qəm yeyirsənsə, Allah qəmini çoxaltsın".

Həzrət Peyğəmbər (s) buyurur: "Allahın yer üzərində işçiləri və köməkçiləri vardır və bu qadın Allahın işçilərindəndir və o, şəhidin savabının yarısına malikdir".

İmam Əli (ə) bir gün Kufəyə tərəf hərəkət edir. Bir kafir ilə yol yoldaşı olur. Həmin kişi İmamdan (ə) soruşur ki, hara gedirsən? İmam (ə) cavab verir ki, Kufəyə gedirəm. O zaman ki, iki yol ayrıcına gəlib çatırlar, bir-birindən ayrılmaq istəyirlər, İmam (ə) öz yolundan xaric olur və onun yolu ilə getməyə başlayır.

Kafir kişi deyir: "Məgər Kufəyə getmirsən?".

İmam (ə) buyurur: "Bəli, Kufəyə gedirəm".

Kişi deyir: "Bəs niyə Kufə yolunu buraxdın?".

İmam (ə) buyurur: "Bu, gözəl yoldaşlığın kamalıdır ki, yol yoldaşını bir neçə addım ötürəsən. Bu, Peyğəmbərin (s) bizə verdiyi göstərişdir".

Kişi deyir: "Sizin Peyğəmbər (s) belə göstəriş veribdir?".

İmam (ə) buyurur: "Bəli".

Kişi deyir: "Deməli, hər kim onun ardıcılı olubdur, bu böyük rəftarına görə olmuşdur. Mən səni şahid tuturam ki, sənin dininin ardıcılı olum".

Bu zaman İmamla (ə) birlikdə Kufəyə gəlir və onu tanıyan zaman İslam dinini qəbul edir.