Bakı çayxanalarında depozit fırıldağı gizli çəkiliş – VİDEOREPORTAJ


Digərləri 22 İyn 2022 19:15:00 132 0

Bakı çayxanalarında depozit fırıldağı  gizli çəkiliş – VİDEOREPORTAJ

Son.az yeni müsavat-da dərc olunan məqaləni təqdim edir.

Yay aylarında insanların xüsusilə axın edib sərinlik tapmaq istədiyi bir yer var - Bakı Bulvarı. Xəzərin sahilində, qızmar istidə adamlar çay içərək, dənizi seyr edib istirahət edirlər. Ailələr, dostlar - tanışlar yığılıb keçmiş günlərdən, gələcək planlardan danışırlar. Bəzən bu görüşlər Xəzərin sahilində yerləşən kafe və restoranlarda baş tutur.

Bəs bu söhbətin sonunda gələn hesab? Adamlar yarızarafatla deyir ki, bu hesab lap bizim gələcək planlarımıza da təsir edir.

Çünki son illərdə restoranlarda belə bir adət-ənənə yaranıb - Depozitlər.

Depozit nədir? Depozit odur ki, restoranda sadəcə otursan da, bir stəkan su içsən də, 15 manatlıq yemək yesən də, onların sənə təyin etdiyi depozit məbləğini ödəyirsən. Depozit məbləği isə 25 manatdan 60 manata qədər dəyişir. Bu adət bəzi yerlərdə saat 6-dan sonra bəzi yerlərdə isə günün istənilən saatında olur.

Bir çox insanların bundan xəbərinin olmaması isə sonda xoşagəlməz vəziyyət yaradır. Əyləşirlər, çay sifariş edirlər və sonda...şok hesab. Bu reportajımızda Bakının kafe-restoranlarındakı depozit soyğunçuluğundan danışacağıq. Bakı sakinlərinin axşam çayını kimlər zəhərə döndərir? Gizli çəkillişlə bir çox həqiqətləri üzə çıxardıq.

Öncə ondan başlayaq ki, Bakı Bulvarındakı bəzi çayxanalar nisbətən insaflıdılar. Belə ki, onlar müştəridən depozit tələb etmirlər. Amma buna qarşılıq olaraq, sadə çay vermirlər. Minimum 10 manat ödəməklə şokalad-mürəbbə-çay təqdim edirlər. Amma bura kənardan tort, şirniyyat gətiriləndə əlavə 25 manat depozit ödəməli olursan.

Bəzi çayxanalarda isə rezerv və depozit sistemi ancaq axşam saat 6-dan sonra keçərlidir. Bir masa üçün depozitin qiyməti 40 manatdır. Ən çox depozit xüsusi kabinetlər üçün keçərlidi. Orda depozit 50-60 manat civarındadır.

Bu prosesdən əziyyət çəkən Bakı sakinlərindən biri bizimlə söhbətində bulvar çayxanalarından birində yaşadığı hadisəni bölüşdü: "Axşam uzun illərdir görüşmədiyimiz dostlarla yığışdıq ki, illərin heyifini çıxaq. Oturduq, yeyib-içdik, güldük, əyləndik... Ofisant hesabımızı gətirəndə isə gördük ki, hesab çoxdur. Bunun səbəbini soruşanda isə cavab verildi ki, "bizdə depozitlədir. Adambaşına filan qədər". Nəysə, yemədiklərimizin də pulunu ödəyib, restorandan çıxdıq".

Bu halların canlı şahidi olmaq üçün sahil kənarı restoranlara üz tutduq.

Kiçik Venesiya şəhərciyinin aşağısında yerləşən rəngli oturacaqlı, düz dənizə baxan kafedə əyləşdik. Ofisant yaxınlaşdı və sifarişimizi aldı. Bu mehriban gənclə söhbət etməyə başladıq. Dialoqu sizə təqdim edirik:

-Burada da depozit var?

-Xeyr, bizdə depozit yoxdur.

-Nə yaxşı? Başqa restoranlarda 40- 50 manat depozit olur.

-Bizdə də var əslində. Əgər özünüzlə bayırdan nəsə gətirsəniz onda 25 manat depozit ödəməlisiniz.

-Sizdə çay neçəyədir?

-6 manata. Amma çayı tək verə bilmərik. Ya mürəbbə, ya da mürəbbə almalısız.

Restoranlarla olan sərgüzəştimiz burada bitmədi. Bu dəfə daha lüks və əvvəlcədən haqqında məlumatımız olan restorana baş çəkdik. Restoran modern üslubda bəzədilmiş, teraslı və sahilə açılırdı. Burada da ilk sualımız depozitin olub - olmaması ilə bağlı idi. Ofisiant "saat 6 -dan sonra depozitlidir" deyə cavab verdi.

"Niyə ancaq 6-dan sonra?" sualını verəndə isə... "Sözünüz var? Müdriyyət aşağıdadır, ona deyə bilərsiniz, mən işçiyəm "- deyə əsəbi cavab verdi.

Bir sözlə, dənizkənarı bulvardakı kafe-restoranlarda sadə çay içmək qeyri-mümkündür. Sadə çaynik 6 manata olsa da, onu masaya tək gətizdirmək qeyri-mümkündür. Şokalad və mürəbbəsiz çayxanalarda çay içmək xəyaldır. Son nəticədə ən təvazökar, ən kasıb çay masası müştəriyə 11-12 manata başa gəlir.

Müştərilərin etirazı isə ancaq dodaqaltı deyinmə ilə yekunlaşır: Bu çayı qızıl suyundan hazırlamısız?