Prezident İlham Əliyevin Özbəkistana səfəri münasibətlərin gələcək inkişafı üçün əsas olacaq Sevil Mikayılova


Siyasət 22 İyn 2022 17:46:00 133 0

Prezident İlham Əliyevin Özbəkistana səfəri münasibətlərin gələcək inkişafı üçün əsas olacaq  Sevil Mikayılova

Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açmış oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, iki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır.

"Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İki ölkə arasında diplomatik əlaqələr 1995-ci ildə qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb", - deyə S.Mikayılova bildirib.

O qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.

"Bu baxımdan cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki dost ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Qeyd etmək lazımdır ki, səfər zamanı iki ölkə arasında 20-yə qədər mühüm sənəd imzalandı. Bu sənədlərin hər biri özü- özlüyündə mühüm əhəmiyyətə malikdir və iki ölkə arasında münasibətlərin geniş spektrini əhatə edir", - deyə deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, səfər çərçivəsində mühüm hadisələrdən biri də Daşkəndin mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın açılışı oldu.

"Bu, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Ulu öndər Heydər Əliyevə olan bu hörmət səbəbsiz deyil. Heydər Əliyev də özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun hələ sovet hakimiyyəti illərində və müstəqillik qazandıqdan sonra Özbəkistan rəhbərləri, o cümlədən, Şərəf Rəşidoviç Rəşidov ilə, İslam Abduqəniyeviç Kərimov ilə dostluğu bizim münasibətlərimizin bugünkü inkişafının təməlini qoyub", - deyə deputat əlavə edib.

O bildirib ki, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

"Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri ilə əlaqədar bəyanatında bu məsələ xüsusi vurğulanır və qeyd edilir ki, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır. 21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq", - deyə deputat vurğulayıb.