ABŞdan Azərbaycana qarşı hədə “Bakı istəməsə də, Minsk Qrupunu yaşadacağıq!..”


Dünya 22 İyn 2022 13:37:00 151 0

ABŞdan Azərbaycana qarşı hədə  “Bakı istəməsə də, Minsk Qrupunu yaşadacağıq!..”

Azərbaycana qarşı Qərbin "ikili oyunları" bitmək bilmir. Az öncə Avropa Parlamentinin erməni təəssübü çəkən növbəti bəyanatının şahidi olduq. Sanki bununla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanla Ermənistan arasında barışığa yönəlik təşəbbüsünü sıfırlamağa çalışırlar. Oturduqları budağı niyə kəsmək istəyirlər, anlaşılmır.   

Bugünlərdə isə Bakıda səfərdə olan və özünü kifayət qədər normal aparan, hətta Brüsselin vasitəçilik səylərini alqışlayan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid İrəvana çatar-çatmaz, erməni ağzı ilə danışıb, necə deyərlər, o da bizə "buynuz çıxarıb".

*****

"Yeni Müsavat"ın məlumatına görə, xanım Donfrid AzadlıqRadiosunun erməni redaksiyasının əməkdaşına deyib ki, "ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətləri kəssə də, sülh yolu ilə və uzunmüddətli nizamlanma üçün ATƏT-in Minsk Qrupunda əməkdaşlığı davam etdirməyə hazırdır".

Sitat: "ABŞ bəyan etməyə davam edir ki, biz Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləyirik. Biz inanmağa davam edirik ki, bu, xüsusilə Dağlıq Qarabağ məsələsində çox vacib formatdır. Sülh prosesini irəli aparmaqdan ötrü fərqli formatları saxlamaq vacibdir. Və biz bunu yaxın gələcəkdə də davam etdirəcəyik".

Donfrid bu xüsusda Rusiya ilə əməkdaşlığı nəzərdə tutub-tutmaması barədə sualı da cavablandırıb: "Bəli. Rusiya Minsk Qrupunun həmsədridir. Odur ki, bəli, Fransa, ABŞ və Rusiya bu formatı davam etdirəcək".

Xatırladaq ki, hələ bu il yanvarın ortalarında Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində Bakının ATƏT-in Minsk Qrupunun Qarabağ məsələsi ilə məşğul olmaq cəhdlərinə imkan verməyəcəyini açıq şəkildə söyləmişdi. IX Qlobal Bakı Forumunda Prezident oxşar fikri bir daha təkrarladı. 

Donfrid isə AzadlıqRadiosuna müsahibəsində İlham Əliyevin ATƏT-in Minsk Qrupuna ehtiyac olmadığı haqda bəyanatlarına bu cür münasibət bildirib: "Azərbaycan Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləmir, Birləşmiş Ştatlar isə dəstəkləyir və biz bu prosesdə iştirak edirik, bundan sonra da iştirak edəcəyik".

*****

Beləcə, artıq neçənci dəfədir ki, Qərb diplomatlarının Azərbaycana qarşı belə ikiüzlü, riyakar davranışının şahidi oluruq. Bakıda özlərini bir cür, sakiti və adekvat aparır - çünki bilirlər ki, "arqumentləri" o dəqiqə puça çıxarılacaq, - İrəvanda isə əsl simalarını ortaya qoyurlar, bəd ənənəyə sadiqlik göstərirlər. Sanki Azərbaycanın acığına "Minsk Qrupu", "Dağlıq Qarabağ", "konflikt" ifadələrini işlədirlər.

O da məlum olur ki, konfliktin həmişəlik tarixin arxivinə verilməsinə əngəl yaradan bu cür destruktiv, təxribatçı yanaşma heç də təkcə ABŞ-ın İrəvandakı hazırkı səfiri, ermənidən çox erməni olan Linn Treysin özfəaliyyəti deyilmiş, ABŞ-ın rəsmi mövqeyi imiş.

Bəs belə ifadələri işlətməyə davam edən amerikalı diplomatların "qarınlarının ağrısı" nədir, bizdən nə istəyirlər? Xanım diplomat Bakıda olarkən niyə "Minsk Qrupu" söhbəti eləmədi, buna cəhd göstərmədi? Axı bu məsələdə Azərbaycanın da adı hallanır. Hələ guya indi Azərbaycan Qərb üçün, ABŞ üçün Rusiya neft-qazına alternativ baxımından xüsusi dəyərdədir. Yəni siyasi riyakarlığın zirvəsi.

*****

K.Donfridin açıqlamasındakı son sitata xüsusi diqqət edin. Belə çıxır, ABŞ gorbagor olmuş Minsk Qrupunu Bakıya zorla sırıyacaq? "Azərbaycan Minsk Qrupunu istəmir, biz istəyirik". Bu nədir, Bakıya təhdid, yoxsa de-marş? Bəlkə ərazi bütövlüyümüzü şübhə altına almaq cəhdi? Məgər ABŞ hələ də fərqində deyil ki, 28 illik "vasitəçilik" dönəmində bu üzdəniraq qurum yalnızca işğalı rəsmiləşdirmək, Azərbaycana - işğala məruz qalan tərəfə təzyiq eləməklə məşğul olub, nəinki Ermənistana?

Heyrətamizdir ki, Rusiya ilə "qanlı-bıçaq" olan və barışmaları yaxın illərdə belə gözlənilməyən ABŞ ermənilərin xətrinə Rusiya ilə bir araya gəlməyə hazırdır! Azərbaycan Minsk Qrupunu rədd edirsə, o zaman həmsədr dövlətlər olaraq ABŞ, Rusiya və Fransa, görəsən, kiminlə kimin arasında vasitəçilik edəcək - erməni ilə erməni arasında? ABŞ Bakıya həmsədrliyini zorlamı qəbul etdirəcək? Buna görə Azərbaycana ordumu göndərəcək? Amerikalı diplomatın yeni status-kvodan, Şuşa Bəyannaməsindən xəbəri varmı?

Başqa yandan, yenə suallar sıralanır: nədən o zaman həmsədrlərinizin vəzifəsini dəyişmisiniz, onlara "xüsusi elçi" statusu vermisiniz? Yaxud Ukraynada, Moldovada, Gürcüstanda separatçılara ağır sanksiyalar tətbiq edən ABŞ, kollektiv Qərb erməni separatçılarına gələndə nədən onların yolunda özlərini şam kimi əridirlər? Nə imiş bu ortaq erməni sevgisinin sirri? Xristian təəssübkeşliyimi? Yoxsa erməni maşası hesabına Türkiyə və Azərbaycanın bölgədə güclənməsini önləmək, onları nəzarətdə, təzyiq altında saxlamaq cəhdi?! Şübhə yox ki, həm bu, həm də xristian təəssübkeşliyi.

*****

Bu yerdə yada salaq ki, Ukrayna müharibəsinin qızğın çağında Fərrux kəndi ətrafında yaşanan hadisələrə də ABŞ, Fransa bir yanda, Rusiya isə digər yanda bir-birinə düşmən kəsilsələr belə, sanki sözləşibmişlər kimi, üçü də Ermənistanı müdafiə edən bəyanat vermişdilər. Azərbaycanı təxribatda, az qala öz ərazisində (!) işğalçı siyasət aparmaqda suçlamışdılar. Azərbaycan Fərrux kəndini nəzarətə götürməklə, sən demə, özü-özünə təcavüz edibmiş!

Aydındır ki, İrəvan rəsmiləri onların ürəyincə olan "Minsk Qrupu", "Dağlıq Qarabağ", "Dağlıq Qarabağ konflikti" ifadələrini eşitdikcə, qulaqlarına "status" səsləri dəydikcə əvvəlki çürük iddialarına davam edəcəklər, Azərbaycan və Türkiyə ilə sülh anlaşmalarına həvəsli olmayacaqlar. Ümid edək ki, ABŞ dövlət katibi köməkçisinin bu riyakarlığına Azərbaycan XİN-dən reaksiya gələcək. Hər necə olmasa, söhbət kifayət qədər yüksək çinli amerikalı diplomatın, Dövlət Departamenti rəsmisinin açıqlamasından gedir...