Lavrov Bakıya gəlir


Siyasət 22 İyn 2022 11:00:00 153 0

Lavrov Bakıya gəlir

İyunun 23-də Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya rəsmi səfərə gələcək.

O, iyunun 8-9 tarixlərində Ermənistanda rəsmi səfərdə olmuşdu. Lavrovun bu səfəri iyunun 9-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutmuşdu. Lavrovun Ermənistana səfəri qıcıqla qarşılanmışdı. Onun karikaturası çəkilən plakatın üstünə "Suka" sözü yazılmışdı.

Bəs Lavrovun Bakı səfəri necə keçəcək? Azərbaycan ictimaiyyəti Rusiya XİN rəhbərini necə qarşılamağı planlaşdırır?

Yada salaq ki, Lavrov Azərbaycanda sevilmir. Hətta ona ölkəmizdə ictimai nifrətin olduğu heç kimə sirr deyil. Buna baxmayaraq, azərbaycanlılar ölkəyə gələn heç bir qonağı təhqirlə, nifrətlə qarşılamır. Bəs bu dəfə istisna ola bilərmi?

Son.az xəbər verir ki, mövzu ilə bağlı Müsavat TV-nin əməkdaşları siyasətçilərin fikirlərini öyrənməyə çalışıb.

ADMP-nin sədri, deputat Elşad Musayev açıqlamasında Lavrovun Azərbaycanda sevilmədiyini bildirib:

" Lavrov sevilməyən siyasətçidir. Təbiidir ki, Sergey Lavrov Azərbaycanda da sevilmir. O, Rusiyanın apardığı siyasəti həyata keçirir. Bu siyasət isə Azərbaycanın maraqlarına uyğun siyasət deyil. Rusiyanın dövlətçilik fəlsəfəsi ətraf ölkələri öz nəzarəti altında saxlamaq üzərində qurulub. Bu da qeyd etdiyim kimi, bizim maraqlarımıza uyğun deyil. Sergey Lavrov Azərbaycana edəcəyi rəsmi səfəri zamanı protokol qaydalarına uyğun olaraq qarşılanacaq və prezidentin qonağı olacaq. Amma bütövlükdə Lavrov Azərbaycan ictimaiyyəti tərəfindən xoş qarşılanmayacaq".

Ağ partiya sədri Tural Abbaslı da mövzu ilə bağlı öz fikrini bildirib:

"Bizdə elə bir ənənə yoxdur ki, ictimaiyyət hansısa rəsmini hava limanında qarşılasın və ya qaldığı otelin önündə şüarlar səsləndirsin. Çünki buna nə dövlət imkan verib, nə də bizdə elə bir ənənə formalaşıb. Amma ümumi qarşılaşmanı dövlət rəsmiləri edəcək və inanmıram ki, Lavrov hansısa aqressiya ilə qarşılansın. Mən düşünürəm ki, Azərbaycan Rusiyanın Qarabağ məsələsində tutduğu destruktiv mövqeyə görə Lavrova müəyyən bir sərtlik göstərilməlidir".