Prezident: "Biz gördük ki, Özbəkistanda Heydər Əliyevin xatirəsi necə sevgi ilə yad edilir"


Siyasət 21 İyn 2022 22:54:00 116 0

Prezident: "Biz gördük ki, Özbəkistanda Heydər Əliyevin xatirəsi necə sevgi ilə yad edilir"

"Biz gördük ki, Özbəkistanda Heydər Əliyevin xatirəsi necə sevgi ilə, necə hörmətlə yad edilir, bu, bizə çox xoşdur".

Bunları Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə mətbuata birgə bəyanatında deyib.

"Bu gün mənim səfərim çox əlamətdar hadisədən - Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Miromonoviç, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk. Bu gün biz abidənin və meydanın açılışında çıxış etdik, Heydər Əliyev haqqında, onun Özbəkistana münasibəti haqqında danışdıq. Əminəm ki, bu gün bu münasibəti hər bir azərbaycanlı bölüşür. Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir. Səfər pandemiya ilə əlaqədar təxirə salınmışdı. Həmçinin onu diqqətlə hazırlamaq lazım idi ki, qardaşım Şavkat Miromonoviçin dediyi kimi, sıçrayış edək. Fikrimcə, bu, həqiqətən sıçrayış xarakterli səfərdir. Çünki müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq", - Azərbaycanın dövlət başçısı vurğulayıb.