Prezident: Münasibətlərimizin inkişafının əsasını qoyuruq (TAM NİTQ)


Siyasət 21 İyn 2022 20:18:00 106 0

Prezident: Münasibətlərimizin inkişafının əsasını qoyuruq (TAM NİTQ)

Biz münasibətlərimizin gələcək hərtərəfli inkişafının əsasını qoyuruq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən bildirib.

Dövlət başçısı deyib:

"İlk növbədə, qonaqpərvərliyə və dəvətə görə bir daha təşəkkür etmək istərdim. Mən qardaş Özbəkistana səfər etməyimə və gələcək qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərini Sizinlə müzakirə etmək imkanına malik olduğuma görə çox şadam. Bu səfər həqiqətən tarixi səfərdir. Mən Şavkat Miromonoviçin çıxışında qeyd etdiyi istiqamətlər üzrə onun fikirləri ilə tamamilə şərikəm. Dünən və bu gün bizim həyat fəaliyyətimizin demək olar ki, bütün mühüm sahələrini əhatə edən 20-yə yaxın sənəd imzalanıb və imzalanacaq. Bir də, əlbəttə, siyasi sənəd - bizim inkişafımızı çox illər əvvəlcədən istiqamətini müəyyən edən birgə Bəyannamə.

Qarşılıqlı iqtisadi fəaliyyət məsələlərinə gəldikdə, mən Şavkat Miromonoviçin dedikləri ilə həmrəyəm. Biz əlaqələrimizi intensivləşdirməliyik. Nazirlərə müvafiq tapşırıqlar verilib. Əminəm ki, hər bir istiqamət - iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Biz, iki Prezident qərara aldıq ki, tapşırıqlarımızın yerinə yetirilməsini özümüz nəzarətdə saxlayacağıq və müvafiq nazirliklər müntəzəm surətdə irəliləyiş barədə bizə məruzə edəcəklər. Bu yolla biz ticari-iqtisadi sahədə və təkcə bu sahədə deyil, ciddi tərəqqiyə nail ola bilərik. Ona görə ki, bu gün biz qarşılıqlı beynəlxalq fəaliyyətin mühüm məsələlərini müzakirə etdik və əlbəttə, bütün beynəlxalq strukturlarda daimi qarşılıqlı dəstəyi böyük məmnunluqla qeyd edirik. Şavkat Miromonoviç bizim əməkdaşlıq etdiyimiz təşkilatlar barədə danışdı. Biz həqiqətən dostlar, qardaşlar kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik.

Mən, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinizə görə ayrıca təşəkkürümü bildirmək istərdim. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.

Əlbəttə, dünyadakı vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Bu gün Şavkat Miromonoviç ilə dialoqumuzun bir hissəsi bu məsələyə həsr edilib. Müvafiq tapşırıqlar verilib. Düşünürəm ki, hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Mənim fikrimcə, bu sahədə də qarşılıqlı fəaliyyətimiz möhkəmlənəcək, çünki həm Özbəkistanda, həm də Azərbaycanda elə mövzular var ki, onları müzakirə etmək lazımdır, kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də düşünürəm ki, bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq.

Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllinə görə Şavkat Miromonoviçə təşəkkür edirəm. Mən dəstək üçün müraciət edəndə dərhal kömək göstərildi və bu, həmin sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağımıza imkan verdi. Biz bu gün həm də kənd təsərrüfatı fəaliyyətinin başqa istiqamətləri ilə bağlı məsələləri müzakirə etdik. Əminəm ki, bu istiqamətlər üzrə də mühüm uğurlar əldə ediləcək. Əlbəttə, mən səfərdən əvvəl də, səfər çərçivəsində də Özbəkistanın bugünkü sənaye potensialı haqqında çox eşitmişəm. Bu gün sənaye potensialı, onun bir hissəsi ilə texnoparkda tanış olmaq imkanı olacaq. Əminəm ki, bu, müştərək layihələrin praktiki reallaşdırılması baxımından da bizim kooperasiyamız üçün çox vacibdir. Qarşılıqlı ünsiyyət çərçivəsində görürük ki, artıq yaxşı elementlər var. Konkret olaraq Hacıqabulda avtomobil zavodu. Mənə bu gün deyildi ki, avtomobil istehsalı nomenklaturunu genişləndirmək və istehsal edilən avtomobillərin sayını artırmaq planlaşdırılır. Özbəkistan haqlı olaraq bu müəssisə ilə fəxr edə bilər. Bilirəm ki, Özbəkistanda belə müəssisələr az deyil.

Qarabağın bərpası işində qardaş köməyinə görə, Prezident Şavkat Miromonoviçin işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına görə də ayrıca təşəkkürümü bildirmək istərdim. İşlər artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizə verilmiş ilk belə böyük hədiyyədir. Biz Qarabağı hələlik öz gücümüzlə bərpa edirik. Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o, belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq.

Mən Şavkat Miromonoviçin apardığı islahatları - Özbəkistanın investisiya baxımından cəlbediciliyinin, sənaye potensialının artırılması, sosial məsələlərin həlli üzrə apardığı islahatları çox yüksək qiymətləndirirəm. Biz müxtəlif beynəlxalq tədbirlər çərçivəsində, o cümlədən Bakıda da dəfələrlə görüşmüşük, fikir mübadiləsi aparmışıq. Əlbəttə, Özbəkistan kimi müsbət demoqrafik dinamikaya malik olan ölkə bu təhdidlərin öhdəsindən gəlir. Sənaye istehsalı, iş yerləri, xalqın sosial rifahı - bütün bu mövzular daim Prezidentin diqqət mərkəzindədir və Azərbaycanda biz də, əminəm ki, Özbəkistan sakinləri də bu istiqamətlərdə böyük nailiyyətlər, böyük tərəqqi görürlər. Biz buna şadıq. Biz dostlar kimi, qardaşlar kimi Sizin uğurlarınıza sevinirik. Əminik ki, qardaş özbək xalqının ardıcıl inkişafı davam edəcək. Biz də, əlbəttə, öz tərəfimizdən qarşılıqlı fəaliyyətimizi genişləndirmək üçün səy göstərəcəyik. Biz bu gün çox mövzular barədə ətraflı söhbət etdik. Ən başlıcası odur ki, bütün tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik.

Qonaqpərvərliyə görə bir daha sağ olun. Ümidvaram ki, bu gün də, sabah da Sizinlə bu fəal, səmərəli dialoqu davam etdirəcəyik".