İlham Əliyev: Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi Heydər Əliyevin adı ilə bağlıdır


Siyasət 21 İyn 2022 16:24:00 119 0

İlham Əliyev: Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf - bütün bunlar Heydər Əliyevin adı ilə bağlıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Özbəkistanda dövlət səfərində olan Prezident İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Vətəndaş müharibəsi dövründə xalqın iradəsi ilə məhz Heydər Əliyev 1993-cü ildə vətəndaş müharibəsini dayandırdı və ölkəmizi inkişaf yoluna çıxartdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf - bütün bunlar onun adı ilə bağlıdır və biz fəxr edirik ki, onun işini davam etdiririk. Vəfatından bir qədər əvvəl öz siyasi vəsiyyətində Azərbaycan xalqına müraciətlə demişdi: "Mənim edə bilmədiklərimi mənim davamçılarım edəcəklər". Biz, onun davamçıları fəxr edirik ki, onun bütün vəsiyyətlərini həyata keçirmişik və ilk növbədə, tarixi ədaləti bərpa etmişik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişik.

Şavkat Miromonoviçin düzgün olaraq qeyd etdiyi kimi, Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun oğlu kimi, canlı şahid kimi təsdiq edə bilərəm ki, 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Şavkat Miromonoviç ilə biz də bu şanlı estafeti davam etdiririk. Biz xalqlarımızı inkişaf yolu ilə və sıx qarşılıqlı fəaliyyət yolu ilə aparırıq".