DTX xalq arasında, cəmiyyətdə insanların ən çox inandığı dövlət orqanına çevrildi


Digərləri 20 İyn 2022 16:24:00 192 0

DTX xalq arasında, cəmiyyətdə insanların ən çox inandığı dövlət orqanına çevrildi

Bu gün general-polkovnik Əli Nağıyevin DTX-yə rəhbər təyin olunmasından 3 il ötür. Cənab Xidmət rəisinin bu orqana rəhbərlik etdiyi müddətdə DTX xalq arasında, cəmiyyətdə insanların ən çox inandığı dövlət orqanına çevrildi.

Müasir dövrdə ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunmasında, milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində uğurlu fəaliyyətin həyata keçirilməsində DTX-nin rolu böyükdür. 

Möhtərəm Prezidentin anonsunu verdiyi islahatların fonunda Dövlət Təhlükəsizlik Xidmətinə Əli Nağıyev kimi peşəkar "çekist"in rəis təyin olunması, bu islahatların hərtərəfli, dərindən aparılacağına bir işarə idi.

Son üç il ərzində DTX-nin fəaliyyətində islahatlar aparılaraq müsbət və peşəkar istiqamətdə yeni bir yanaşmanın ortaya qoyulduğunu görürük. İnsanlar hardasa bir ədalətsizlik, qanun pozuntusu, məmur özbaşınalığı, korrupsiya halları görürsə, o saat orada DTX-nin əməkdaşlarını, xüsusən el arasında qəhrəmana çevrilmiş "qara maskalılar"ı görməyi arzulayırlar. Təbii ki, dövlətə xidmət kimi müqəddəs vəzifə belə icra olunmalıdır. Bu gün DTX, bu orqanın rəhbərinin timsalında pəşəkarlardan formalaşmışdır. Ən əsası odur ki, bu orqanın əməkdaşları öz işini bilirlər. Harda lazımdırsa ordadırlar. DTX əməkdaşlarının işi çətin, məsuliyyətli və eyni zamanda şərəflidir.

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri, Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı Namiq Abbasov Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunmasına münasibət bildirərkən qeyd etmişdir ki, vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş, peşəkar təhlükəsizlik zabiti olan Əli Nağıyevin yenidən xüsusi xidmət orqanının rəhbərliyinə qaytarılmasını yüksək qiymətləndirir:

"Əli Nağıyev uzun müddət  Milli Təhlükəsizlik Nazirliyində çalışmış və nazir müavini vəzifəsinədək yüksəlmişdir. Əli Nağıyev professional çekist və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır. O, işlədiyi müddətdə ölkəmizin milli təhlükəsizliyinin təminatında mühüm rol oynamışdır".

Sabiq nazir bildirib ki, Prezident İlham Əliyevin Əli Nağıyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin etməsi dövlət başçısının uğurlu kadr siyasətinin davamı kimi qiymətləndirilməlidir: "Bu, həm də Əli Nağıyevə olan etimadın bariz nümunəsidir". tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində qanun pozuntusuna yol vermiş aşağı və orta ranqlı məmurların cəzalandırılması bir daha göstərdi ki, kimliyindən asılı olmayaraq qanunları pozan hər bir şəxs öz layiqli cəzasını alacaqdır. Çünki belələri ilk növbədə onlara göstərilən etimadı doğrultmayıblar.

Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu və məqsədyönlü daxili və xarici siyasət kursu diplomatiya sahəsində olduğu kimi, döyüş meydanında da öz sözünü dedi. Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun siyasətinə, onun gücünə etibarını, Heydər Əliyev ideyalarına, amalına sadiqliyini daha da möhkəmləndirdi.

Sirr deyil ki, bu tarixi qələbənin əldə edilməsində Dövlət Təhlükəsizliyi Xidmətinin də xüsusi rolu vardır. Azərbaycan təhlükəsizlik orqanlarının milli dövlətçilik ideologiyasına söykənən prinsiplər əsasında formalaşmasının nəticəsi idi ki, erməni silahlı birləşmələrinə qarşı, hələ birinci Qarabağ müharibəsində vətənin müdafiəsinə ilk olaraq qalxan və rəşadətlə vuruşanlardan biri də Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları idi. Vətənə sipər oğullar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əsl igidlik, şücaət və qəhrəmanlıq nümunəsi göstərdilər. Müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşlarından 6 nəfəri - Riad Əhmədov, Nadir Əliyev, Əmiraslan Əliyev, Eldar Məmmədov, Bəhruz Mansurov və Faiq Cəfərov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü.

Birinci Qarabağ müharibəsində olduğu kimi 44 günlük Vətən müharibəsində də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Ömrünün 30 ilini təhlükəsizlik orqanlarında dövlətə xidmətə həsr  etmiş bir polkovnik kimi əmin edirəm ki, müharibə dövründə DTX-nin ölkə vətəndaşlarına müraciətləri, erməni terroru barədə xəbərdarlıqları, Qarabağda döyüşən kürd terrorçularının səsini yayması, Livanlı muzdlu-terrorçunun məsuliyyətə cəlb edilməsi və s. DTX-nin fəaliyyətinin cüzi və eyni zamanda vətəndaşlarla paylaşılan açıq hissəsi idi. Unutmayaq ki, DTX əməkdaşları gözəgörünməz cəbhənin insanlarıdır. Əbəs yerə təhlükəsizlik orqanlarına dövlətin onurğa sütunu demirlər. Qısa müddət ərzində orqanı belə qürurverici hala çatdırılmasında birinci Qarabağ müharibəsində iştirak etmiş, vətən oğlu general-polkovnik Əli Nağıyevin fəaliyyəti əvəzsizdir, danılmazdır. Bu yerdə Ulu Öndər Heydər Əliyevin "Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadr və iş üslubu olsun" fikri əsl yerinə düşür.

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında özünün inkişafının və təkmilləşməsinin yeni mərhələsini yaşayır. Xüsusi xidmət orqanları hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz komponentidir. Dövlət başçısı Dövlət Təhlükəsizliyi Xidmətinə yüksək etimad göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti haqqında aşağıdakı fikirləri bildirmişdir:

"Biz bilirik bizim ətrafımızda nələr baş verir, bilirik və bilməliyik, bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər, həddindən artıq səmərəli işləyirlər, bu qədər deyə bilərəm, bundan artıq deyə bilmərəm..."

Son vaxtlar  korrupsiya ilə mübarizə sahəsində Dövlət Təhlükəsizliyi  Xidmətinin fəaliyyətinin bu quruma inamın və etibarın dövlətçilik fonunda təcəssüm etməsinə səbəb olmuş, əslində bu korrupsiya və rüşvətlə mübarizə sahəsində yeni nəfəs, yeni dövlətçi təfəkkürün, vətənə sədaqət və sevginin təzahürüdür. Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bu etimadı doğrultmaq, dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək üçün əzmlə, yorulmadan çalışır, üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir.

Cənab Xidmət rəisi ilə ciyin-ciyinə xidmət etmiş, onun torpağa bağlılıq, vətənə məhəbbət, Ali Baş Komandana sədaqət, işində prinspiallıq və peşəkar yanaşma kimi yüksək keyfiyyətlərinə bələd olaraq əminliklə deyirəm, Azərbaycan xalqının, millətinin və dövlətinin təhlükəsizliyi, sabitliyi, suverenliyi  DTX rəisi Əli Nağıyev və onun peşəkar komandası ilə tam etibarlı əllərdədir.

Azər Qarayev 1-ci Qarabağ müharibəsinin və Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, istefada olan polkovnik