İkiüzlü, saxtakar "qardaş"


Siyasət 20 İyn 2022 15:02:00 255 0

İkiüzlü, saxtakar "qardaş"

"Qonşu İran dövlətinin ərazisində Azərbaycana qarşı fəaliyyətlər təəssüf ki, bitib-qurtarmaq və səngimək bilmir. Biz bu məsələdə dalğavari bir hərəkətin şahidiyik".

Bunu Son.az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətinin artması, müstəqil dövlət siyasətinə söykənərək beynəlxalq miqyasda mövqeyinin güclənməsi İranı narahat edir:

"Zaman-zaman İranda Azərbaycana qarşı hərəkətlər, aksiyalar, ittihamlar qalxır və enir. Sözsüz ki, bütün bu addımların arxasında İranın müəyyən siyasi dairələrinin dayandığı heç bir şübhə doğurmur. İran hakimiyyətinin təbiətinə yaxından bələd olan hər kəs yaxşı bilir ki, bu ölkədə bu cür hərəkətlər özbaşına baş verə bilməz. Xüsusilə də son günlərin hadisəsi olan Tehrandakı Azərbaycan səfirliyinin qarşısında ittihamçı bir aksiyanın keçirilməsi çox təəssüf doğurur və həm də biz Azərbaycan vətəndaşları olaraq İranı yaxşı tanıdığımız üçün bu aksiyaların arxasında təşkilatçıların və ilhamvericilərin kim olduğunu, hansı dairələri təmsil etdiklərini də təxmini bilirik. 

Bir şey aydındır ki, bu cür hərəkətlər İranın hakim siyasi dairələrinin iradəsindən kənarda baş verə bilməz. Təkcə belə bir faktı deyim ki, Gəncədə baş verən hadisələr zamanı dövlət çevrilişinə cəhd və Gəncədə gərginik yaratmaq hərəkətlərinin arxasında dayanan şəxslərin böyük bir qismi bu gün İranda olsalar da, Azərbaycan hakimiyyətinin tələblərinə baxmayaraq İran höküməti açıq-aşkar onları himayə edir və Bakıya təhvil vermir. 

Güman olunurdu ki, Vətən müharibəsi qurtarandan sonra İran siyasətində kəskin bir dönüş yaradacaq. Bilirik ki, Vətən müharibəsinə qədər erməni təcavüzünün və erməni işğalının davam etdiyi dövrdə İran sadəcə olaraq konyuktur və deklarativ mövqe tuturdu, güya Azərbaycanın ərazisinin işğaldan azad olunmasının tərəfdarı olsa da, bu işğalın sona çatmasına praktik şəkildə dəstək vermək üçün gərəkən addımları atmırdı, üstəlik və bunun əksinə olaraq Azərbaycanın ərazilərini təcavüz və işğal altında saxlayan Ermənistanla hər cür siyasi, diplomatik, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığa gedirdi.

Beləliklə də Azərbaycanın yox, məhz Ermənistanın mövqelərininin gücləndirilməsinə birbaşa səbəb olurdu. Güman olunurdu ki, müharibədən sonra hər şey dəyişəcək. Çünki biz müharibə günlərində İranın mövqeyində müəyyən dəyişikliklərin şahidi olduq. Bu da onunla bağlı idi ki, İran artıq görəndə ki, Azərbaycan öz qüvvələri ilə erməni təcavüzünün və erməni işğalının qarşısını tam şəkildə almağa qadirdir və artıq azacıq qalıb ki, erməni təcavüzünü sona çatdırsın, torpaqları tam şəkildə azad etsin, belə şəraitdə İran qonşudan geri qalmamaq prinsipi ilə hərəkət edərək Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə hər cür dəstək verməyə hazır olduğunu bəyan etdi, amma bu, elə vaxtda bəyan olundu ki, artlq İranın heç bir dəstəyinə ehtiyac yox idi, Azərbaycan öz qüvvələri ilə hər şeyi həll etmişdi.

Buna görə də ümid ona qalırdı ki, müharibədən sonra İranın siyasətində gərəkən keyfiyyət dəyişikliyi baş verəcək və Azərbaycanın müstəqilliyindən nəinki qıcıqlanmayacaq, əksinə qulağının dibində əli çatan bir məsafə qədər yaxında yerləşən güclü, qüdrətli Azərbaycanın varlığından məmnun qalacaq. Amma görünən budur ki, müharibə bitəndən sonra Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətinin artması və müstəqil dövlət siyasətinə söykənərək beynəlxalq miqyasda mövqeyinin güclənməsi İranı təmin etmirmiş və İran bundan narahatlıq keçirirmiş. 

Bax, elə baş verən bəzi hadisələrin təhlili məhz ona dəlalət edir ki, İran Azərbaycanın müstəqil və getdikcə güclənən siyasətindən o qədər də məmnun deyil, bunun qarşısını almaq üçün fürsət düşdükcə müəyyən addımlar atır. 

Bu gün heç şübhəsiz ki, ölkəmizin daxilində dinin siyasəiləşdirmək, özü də radikal qruplaşmaların siyasəiləşdirilməsi cəhdlərinin də himayədarlarının məhz İranda olduğu şübhə doğurmur. İranın siyasi hakimiyyətinin bu işlə nə dərəcədə birbaşa bağlı olub, olmadığı haqqında fikir söyləmək istəmirəm, amma Azərbaycanda radikal dini ekstrimist qrupların himayə olunması və onların fəaliyyətinin siyasiləşdirilməsi kök etibarı ilə İranda müəyyən qruplara bağlıdır.

Əlbəttə, İran hakimiyyəti istəsə bu cür himayədarlığın kökünü kəsər və Azərbaycanda çox böyük narahatlıq doğuran bu halların baş verməsinə mane olar. Baxmayaraq ki, Azərbaycan dövlətinin özünün hər bir intelektual gücü var ki, yetir ki, kənardan hər cür təxribatların qarşısını ala bilsin. Amma əlbəttə, İran bir qonşu dövlət kimi öz borcu çatanları etməlidir. Biz İrandan bunu gözləyirik.

İranın Azərbaycanla münasibətlərinin yaxşı olması təkcə Azərbaycana lazım olan gerçəklik deyil, bu, Azərbaycandan daha çox İranın özünə lazımdır. Çünki hər kəs bilir ki, bu dünya üçün daha açıq və inteqrasion siyasət yürüdən ölkə Azərbaycandır, nəinki İran. Azərbaycanın beynəlxalq miqyasda geniş inteqrasiya imkanları yeri gəlsə, İrana da fayda verə bilər. Rəsmi Tehranın təki bunları görməsi lazımdır. Bir sözlə, İran Ermənistanın mənafeləri üzərində qurulan siyasətə birdəfəlik son qoymalıdır. Onun Azərbaycanla çox yaxşı, perspektivli münasibətlərinin təməlində dayanan məsələ budur".

Təhməz Əsədov Son.az