Gəncədə “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi keçirildi FOTO


Kriminal 20 İyn 2022 15:05:28 156 0

Gəncədə “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi keçirildi  FOTO

Gəncə şəhər Dövlət filarmoniyasının nəzdindəki "Urban" mərkəzində İsveçin Azərbaycandakı Səfirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində "Dayanıqlı moda: Tekstilin gələcəyi" adlı sərginin açılış mərasimi keçirildi. Sərgi  İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanmışdır. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunur.

Moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdən biridir. Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton geyimin yalnız 20 faizini təkrar istifadə və ya təkrar emal edilir.

Sərgidə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək İşveçin Azərbaycandakı səfiri Kristian Kamili və bütün iştirakçıları salamladı. O, bu sərginin Gəncə şəhərində keçirilməsində dəstək olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Gəncə şəhər İcra Hakimiyyətinə, İsveçin Azərbaycandakı Səfirliyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə öz təşəkkürü bildirdi və qeyd etdi ki, belə tədbirlərin keçirilməsi mədəni əlaqələrin qurulmasında böyük təkandır.

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Azər İbrahimov şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun adından salamladı və səfir Kristian Kamilə Gəncə şəhərində belə bir tədbirin təşəbbüskarı olduğu üçün təşəkkürünu bildirdi.

İsveçin Azərbaycandakı səfiri Kristian Kamil Gəncə şəhərində xoş qarşılandığı üçün öz təşəkkürünu bildirərək, bu il İsveç-Azərbaycan arasındakı diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsi çərçivəsində silsilə tədbirlər həyata keçirildiyini vurğulamış və ətraf mühitin qorunması məsələlərinə həsr edilmiş bu sərginin artıq Azərbaycanda 3-cü dəfə nümayiş olunduğunu nəzərə çatdırmışdır.

Sərginin kuratoru, Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq əlaqələr üzrə şöbə rəhbəri Könül Rəfiyeva sərgi haqqında ətraflı məlumat verərək bildirmişdir ki, bu sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edir.