Deputatlar xarici blogerlərin Qarabağa səfərini şərh etdilər


Siyasət 19 İyn 2022 05:22:00 133 0

Deputatlar xarici blogerlərin Qarabağa səfərini şərh etdilər

10 ölkədən 24 səyahətçi və blogerdən ibarət qrupun Azərbaycanın işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa, Ağdam, Zəngilan rayonlarına səfəri baş tutub. Qonaqlar həmin ərazilərdə erməni vandallıqlarını öz gözləri ilə görüb və Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işləri ilə tanış olublar.

Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-in sualını cavablandırarkən bildirib ki, bu cür səfərlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

"Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfəri ilə torpaqlarını işğaldan azad etdi. 30 il müddət ərzində işğal altında qaldığı müddətdə ərazilərimiz erməni vandalizminə məruz qalıb, bütün infrastruktur məhv edilib, mədəni-tarixi abidələr dağıdılıb, ekologiyaya qarşı terror törədilib. Bu gün bütün bunların dünya ictimaiyyətinin diqqətinə çatdırılması vacib əhəmiyyət kəsb edir. Bu baxımdan səyahətçi və blogerdən ibarət qrupun həmin ərazilərə səfəri və erməni vandalizmini öz gözləri ilə görmələri əhəmiyyətli bir hadisədir", - deyə deputat bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri aparır. "Xarici qonaqlar həmin ərazilərin işğal zamanı vəziyyəti və işğaldan azad edildikdən sonra aparılan quruculuq işləri ilə tanış olmaqla ermənilərin əsl mahiyyətini görürlər və Azərbaycanın nə qədər sülhsevər bir ölkə olduğunun bir daha şahidi olurlar", - deyə deputat bildirib.

O əlavə edib ki, işğaldan azad edilən ərazilər həmçinin füsünkar təbiətə və geniş turizm imkanlarına malikdir. "Əlbəttə ki, xarici qonaqların səfəri həmin ərazilərin turizm potensialının dünyada təbliği baxımından mühüm rol oynayır", - deyə deputat vurğulayıb.

Milli Məclisin deputatı Azər Badamov da Trend-in sualını cavablandırarkən bu səfərin əhəmiyyətindən danışıb.

"Bu gün də 24 nəfərdən ibarət tanınmış beynəlxalq səyyah qrupu işğaldan azad olunmuş ərazilərdə səfərdədirlər. Birinci olaraq qeyd etmək istəyirəm ki, beynəlxalq səyyahlar işğaldan azad olunmuş ərazilərdə törətdikləri vandallıqları öz gözləri ilə görürlər və lentə almaqla tarixə həkk edirlər. Yəni, məhz belə səfərlər təşkil etməklə səyyahların və digər nüfuzlu qonaqların gözü ilə ermənin cinayətkar iç üzü dünyaya tanıdılır. Bunu kimin kim olduğunu göstərmək baxımdan vacib məsələ hesab edirəm.

İkincisi isə, səyyahlar torpqalarımızı azad etdiyimiz 1,5 ili ərzində vətəndaşlarımızı öz doğma torpaqlarına qaytarılması üçün icra edildiyi möhtəşəm layihələrin şahidi olurlar. Səyyahlar görürlər ki, torpaqlar işğalçıda olanda məhv olunur, öz sahiblərinə qayıdanda çiçəklənir. Zəngilanda icra olunmuş Ağıllı kənd konsepsiyası ilkin olaraq yenidən qurulub bərpa ediləcək bütün ərazilərimizin simasıdır. Səyyahalar görürlər ki, azad olunmuş ərazilərimizin hər yanınında yol və digər sosial infrastruktur sürətlə tikilir, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Şuşada möhtəşəm layihələr icra olunur və digər şəhər tipli rayon mərkəzlərimiz baş plana əsasən ən müasir formada yenidən qurulur", - deyə deputat bildirib.

O qeyd edib ki, bunu həm də iqtisadi gücə malik bir Azərbaycanın təqdimatı kimi qeyd etmək olar. "İşğaldan azad olunmuş ərazilərimizin böyük turizm potensialı var. Kəlbəcər dağları, istisu və şırıltı ilə axan təbii bulaqlar, Şuşanın tarxiliyini özündə əks etdirən yeni üslubda bərpası və digər ərazilərimizdəki turizm potensialı səyyahlar müşahidə edir, lentə alır və sosial şəbəkələrdə yayımlar edilir. Səyyahların gəlişi həm də işğaldan azad olunmuş ərazilərimizin turizm potensialının dünyaya tanıdılması deməkdir.

Hesab edirəm ki, belə səfərlərin davamlı şəkildə təşkili bu ərazilərə ziyarət etmək maraqında olanların sayını artıracaqdır. Tezliklə Böyük Qayıdış da olunacaq və hənmin ərazilər cənnətə çevriləcəkdir. Bu, həm qaçqınlıq həyatı yaşamış vətəndaşlarımız üçün yaradılmış müasir yaşayış olacaq, həm də beynəlxalq turizmi cəlb edilməklə ölkəmizin iqtisadi gücünə yeni güc qatacaqdır", - deyə deputat əlavə edib.