Quru sərhədlərinin niyə açılmaması barədə


Digərləri 18 İyn 2022 11:07:00 133 0

Quru sərhədlərinin niyə açılmaması barədə

Azərbaycanın quru sərhədləri koronavirus pandemiyası başlayandan bağlanıb. Hazırda dünyanın bir çox ölkələri quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilir. Son illərdə yüzlərlə Azərbaycan vətəndaşı Rusiya ilə quru sərhədini keçə bilmədiyindən bu ölkədəki düşərgələrdə aylarla gözləməli olub. Təyyarə biletləri isə çox baha olduğundan bir çox insan üçün əlçatan deyil.

Belə iddialar da var ki, məmurların soyğunçuluqla məşğul olan turizm obyektlərinə yay mövsümündə böyük pullar daxil olsun deyə, məqsədli şəkildə quru sərhədləri açmırlar. Hazırda xarici ölkələrə uçuş biletləri, hətta qonşu Gürcüstan və Türkiyədən bahadır.

Yada salaq ki, Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 2020-ci ilin martından ölkənin quru sərhədləri bağlıdır. Ekspertlərin fikrincə, bu münasibət insanların hərəkət azadlığına ziddir və ölkədə koronavirusa yoluxma halları 10-20 nəfər arasındadırsa, sərhədlərdə xüsusi karantin rejimi tətbiq edilə bilməz. Üstəlik, bu, yaxın ölkələrdə - Türkiyə, Gürcüstan, Rusiyada yaşayan, işləyən və oxuyanlar üçün ciddi problemlər yaradır. Quru sərhədlərin bağlı saxlanması ölkədə turizmin inkişafına da ciddi əngəllər yaradır. Ola bilərmi ki, bizim bilmədiyimiz hansısa təhlükələr olsun? Son olaraq qonşu Gürcüstanda meymun çiçəyinə yoluxma faktı aşkar edilib. Bu, Azərbaycanı hansı ehtiyat tədbirləri görməyə vadar edirmi? Quru sərhədlərinin bağlı saxlanması bununlamı əlaqədardır? 

Yeri gəlmişkən, son günlər ölkəmizdə meymun çiçəyinin yayılması ilə bağlı təşvişlər də artıb. Müxtəlif sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin bu virusa yoluxduğu deyilir, hətta bununla bağlı fotolar da yayılıb. Səhiyyə Nazirliyi də Azərbaycanda meymunçiçəyinin aşkarlanması ilə bağlı iddiaları cavablandırıb. Nazirliyin yaydığı açıqlamada hazırda yoluxma faktının aşkarlanmadığı bildirilir: "Bəzi sosial şəbəkələrdə və mətbuatda qeyd olunan ehtimallara cavab olaraq bildiririk ki, Azərbaycanda meymun çiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Yoluxma faktı aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".

İnfeksionist-hepatoloq Mərdan Əliyev "Yeni Müsavat"a açıqlamasında epidemioloji vəziyyətin  quru sərhədlərin açılmasına əngəl törədib-törətmədiyi ilə bağlı məsələyə münasibət  bildirdi: "Quru sərhədlərin açılması hazırkı vəziyyətdə epidemioloji baxımından Azərbaycan üçün hər hansı təhlükə kəsb etmir. Çünki koronavirusla bağlı qonşu ölkələrdə də vəziyyət stabildir. Bəzi uzaq, Şərq ölkələrində koronavirusla bağlı vəziyyətdə problemlər var. Yoluxma sayında artımlar qeydə alınır. Çünki  Çin, Tailand kimi ölkələrin əhalisində kollektiv immunitet formalaşmayıb. Amma quru sərhədlərin açılması quru yolu ilə yalnız qonşu ölkələrdən ola bilir. Ona görə təhlükəli vəziyyət yoxdur. Hava yolu açıqdır, təyyarələrlə insanlar Azərbaycana çox uzaq yerlərdən də gəlib gedirlər. Hava yolunun açıq olması daha risklidir, nəinki quru sərhədlərin.  Epidemioloji  baxımdan quru sərhədlərin açılmasında hər hansı bir problem yoxdur".