İran mollalarının MƏKRLİ PLANI


Siyasət 18 İyn 2022 11:24:00 115 0

İran mollalarının MƏKRLİ PLANI

1990-cı illərin əvvəlində beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklərin baş verməsi beynəlxalq siyasətin "yeni dünya nizamı" adı altında formalaşdırılmasına zəmin yaratdı. Bu da öz növbəsində dövlətlərin ikitərəfli və çoxtərəfli münasibətlərini yeni çağırışlara görə formalaşdırılması zərurətini ortaya çıxardı. Postsovet məkanının geosiyasi mərkəzində yerləşən Qafqaz-Xəzər regionu 1990-cı illərdən bəri dünya siyasətində klassik qaydalar üzrə aparılan yeni böyük oyunun ayrılmaz tərkib hissəsinə çevrildi.

Azərbaycan 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edərək öz istiqlaliyyətini ( 2021-ci ildən etibarən bu tarix yeni adla "Müstəqilliyin Bərpası günü" kimi qeyd edilir) elan etdiyi halda, İran tərəfindən dekabrın 25-də tanınıb, diplomatik əlaqələr isə 1992-ci ilin martında qurulub. Müqayisə üçün qeyd edək ki, Türkiyə Azərbaycanı 1991-ci il noyabrın 9-da tanıyıb və 1992-ci il yanvarın 9-da diplomatik əlaqələr qurulub. Yaxud Rumıniya analoji qərarı dekabrın 11-də, Pakistan dekabrın 12-də verib. İranın qərarındakı gecikmənin səbəbləri haqqında rəsmi məlumat olmasa da, Azərbaycanda belə düşünülür ki, əhalisinin əksəriyyətini türklərin (azərbaycanlıların) təşkil etdiyi Qərbi və Şərqi Azərbaycan ostanları (vilayətləri) ilə sərhəddə eyni adlı müstəqil dövlətin yaranması faktı Tehranda narahatlıqla qarşılanıb və bu səbəbdən onu tanıyıb-tanımamaq məsələsində tərəddüd göstərilib. 

Bu illərdə Cənubi Qafqaz dövlətlərinin müstəqilliklərini bərpa etmələri və "köhnə sistemdən" yeni dünya nizamının formalaşmasına keçid alması Azərbaycanın timsalında müharibə, itirilmiş ərazilər və təcavüzkar separatizmin intişarı, Ermənistanın timsalında isə bütövlükdə regionda sabitliyin bərqərar olmasına əngəl törədən qüvvənin meydana gəlməsi ilə nəticələndi. 

Xüsusən də Sovet İttifaqının süqutu Cənubi Qafqaz regionu ilə tarixi və mədəni baxımdan dərin bağlılığı olan İran İslam Respublikası (İİR) üçün yeni fürsətlər və praqmatik xarici siyasət həyata keçirmək imkanları yaratdı. 1979-cu ildə baş vermiş islam inqilabının qələbəsindən sonra Qərbin təcridi ilə üzləşən rəsmi Tehran üçün bu şans islam inqilabı ideologiyasına uyğun olaraq siyasətini keçmiş SSRİ-nin müsəlman respublikalarına doğru istiqamətləndirməsinə imkan qazandırdı. Bu mənada Azərbaycanın Sovet İttifaqının dağılmasından sonra təbii müttəfiqi olacaq dövlətlərdən biri də İran olmalı idi. Çünkü bunu İranın xarici siyasət maraqları və geosiyasi reallıq tələb edirdi.

Lakin XX əsrin 90-cı illərinin bu yeni siyasi mühiti İrana yeni imkanlar verdiyi halda, Cənubi Qafqaz ölkələri, xüsusən də Azərbaycan daha çətin sınaq qarşısında idi. Belə ki, bir yanda ölkə daxilində vəzifə hərislərinin hakimiyyət davası daxili ictimai-siyasi vəziyyəti acınacaqlı həddə çatdırdı, digər yandan da başı "kreslo" davasına qarışan o vaxtki hakimiyyətin səriştəsizliyi, laqeydliyi və bacarıqsızlığı üzündən 20%-dən çox ərazilərimizin erməni silahlı quldurları tərəfindən işğal edilməsi faktı ölkənin durumunu daha çıxılmaz hala gətirib çıxardı. 

İranın qonşuluğundakı Cənubi Qafqaz regionunda Ermənistanın işğalçılıq siyasəti zəminində başlayan Dağlıq Qarabağ müharibəsi ərəfəsində bu ölkənin müsəlmanlara qarşı siyasəti olduqca təzadlılığı ilə diqqət çəkdi. Belə ki, Balkanlardan fərqli olaraq İranın Qarabağ müharibəsi ərəfəsində müsəlmanların ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsinə göz yumması və bununla yanaşı, Ermənistanla münasibətləri normallaşdırması onun "ikili siyasətini" və ideoloji əsaslara dayanan xarici siyasi xəttinin əsl simasını göstərdi.

Əslində rəsmi Tehran tərəfindən ideologiyasının müsəlmanları müdafiə edərək təhlükəsizlik siyasətinin davamlılığını təmin etmək üzərində qurulduğu bəyan edilirdi. Lakin Dağlıq Qarabağ münaqişəsinə müsəlmanların qətliamı ilə yanaşı, tarixi islam mədəni irsinin məhv edilməsi baxımından yanaşdıqda ortaya çıxan mənzərə hər şeyin İranın dediyi kimi olmadığını göstərdi. Bu dövrdə İranın maddi və mənəvi dəstəyinə ehtiyacı olan Azərbaycan üçün bu ölkənin Ermənistanın işğalçılıq siyasətinə dəstək verməməsi və bu məsələdə prinsipiallıq nümayiş etdirməsi kifayət edərdi. Lakin təəssüf ki, bunun əksinin şahidi olduq. 

Vətən müharibəsi zamanı Xankəndi ermənilərinə fasiləsiz yanacaq və "yük" daşıyan İran maşınları

Hətta rəsmi Tehranın çaşqınlıq yaradan ermənipərəst mövqeyi xarici ekspertlərin məqalələrində də öz əksini tapır. İran üzrə tədqiqatlar aparan bu ekspertlərin yazılarında birmənalı olaraq İranın Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanı dəstəkləyərək Azərbaycanın zəifləməsini istədiyi qeyd olunur.

Ən acınacaqlısı isə Azərbaycanın tarixi ərazisi olan Qarabağın dağlıq hissəsinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində hüquqla tənzimlənməyən nəzarətsiz ərazilər hesabına süni İran-Ermənistan sərhədi formalaşdı. Bu faktorlar İranın xarici siyasətindəki doktrinal təlqinlər və prinsipləri şübhə altına qoydu.

Belə ki doktrinal təlqin hesab olunan "islam ölkələri ilə həmrəyliyin təmin olunması" istehzalı şəkildə müsəlman ölkənin torpaqlarının işğalına göz yumulması kimi xarakterizə edilir. Biz bu siyasəti Tehran höküməti tərəfindən işğaldan sonrakı 30 il ərzində də müşahidə etdik və bu gün də rəsmi Tehranın xarici siyasətində eyni çalarlar diqqətdən yayınmır. Vətən müharibəsindən sonra da İran heç cürə ermənipərəst mövqeyini gizlədə bilmədi. 

44 günlük müharibə vaxtı Ermənistana hərbi texnika daşıyan İran TIR-ları

Müharibəyə qədər də Azərbaycanı haqq işində dəstəkləməyən, gözünün qarşısında Ermənistanın işğal etdiyi əraziləri talan etməsinə səsini çıxarmayan İran 44 günlük müharibədə də Ermənistana hərbi və humanitar dəstəyi, Ermənistana göndərdikləri silah sursatlarla bağlı əlimizdə kifayət qədər dəlil-sübutlar var. Yalnız müharibınin ortalarında İran Azərbaycanın qələbəsinə tam əmin olduqdan sonra ölkəmizin xeyrinə bəyanat verərək, Bakının gözündən pərdə asmağa cəhd etdi.

Lakin çox keçmədi ki, İran müharibədən sonrakı davranışları ilə yenidən  təəssüf doğurmağa davam edir. Baxmayaraq ki, Ermənistanın 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamasına cavab olaraq rəsmi Bakı İrəvanı bütün regional layihələrdən təcrid etməyi bacardı, Ermənistan tərəfini işğala görə iqtisadi baxımından küncə sıxmaq üçün çox önəmli addımlar atdı, amma bu müddətdə İranın hər dəfəsinə dəstəkçi rolu Ermənistanın ayaq üstə qalmasını təmin etdi.

Azərbaycanın Vətən müharibəsində tarixi Zəfəri təkcə Ermənistanı deyil, digər ölkələrin, özlərini "din qardaşımız" adlandıran İranın da yuxusunu qaçırmış kimi görünür.

İran bu gündə 27 sentyabr 2020-ci ilə qədər həyata keçirdiyi siyasəti davam etdirir, hər fürsətdə Ermənistana sadiqliyini nümayiş etdirir. Belə ki, İranda müxtəlif səviyyəli şəxslərin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər, ölkəmizi hədələməyə qədər gedib çıxan açıqlamalar, rəsmi Bakının ünvanına söylənən əsassız ittihamlar, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qanunsuz yükdaşıma cəhdləri, rəsmi səviyyədə "Ermənistanın sərhəd toxunulmazlığı bizim üçün "qırmızı xətdir" bəyanatları Tehranın Ermənistan sevdasından, Ermənistan təəssübkeşliyi çəkdiyindən xəbər verən növbəti faktlardır. 

Ümumi mənzərəyə nəzər saldıqda belə görünür ki, rəsmi Tehran üçün, xüsusilə də ayətullalar üçün ölkə sərhədlərində demokratik, insan haqlarının qorunmasına dayanan bir dövlətin yaranması qorxulu bir amil olaraq qəbul olunub. Rejim hesab edir ki, əgər belə ölkələrin sayı artarsa, o zaman onların xalqları üzərində hökmranlıq edən dini dövlət çökə bilər, yaxud da rejim ölkədaxilindəki müxalif qüvvələrin əli ilə yıxıla bilər.

Bu, onlar üçün ən qorxulu amildir. Ona görə də müstəqil Azərbaycan dövlətini daim bu cür təhdidlər altında saxlamağa çalışırlar. Bu baş vermədikdə isə başqa yollarla Azərbaycana təsir etmək istəyirlər. Onlardan da biri Azərbaycanla düşmənçilik, revanş ritorikasından əl çəkməyən bir dövlətlə dostluq, qardaşlıq etmək siyasətidir. Amma Tehran unutmamalıdır ki, Azərbaycan üçün düşmənin dostu Azərbaycanın dostu ola bilməz.

Təhməz Əsədov Son.az