“Heç ölmək istəmirəm” Amaliya Pənahova anıldı


Kriminal 17 İyn 2022 22:44:00 243 0

“Heç ölmək istəmirəm”  Amaliya Pənahova anıldı

"Məşhur alman filosofu Albert Şveyserin belə bir deyimi var: İnsanın ən böyük varlığı onun yaddaşı, onun xatirəsidir. Bu gün bura toplaşmağımıza səbəb Amaliya xanıma olan məhəbbət, sevgi, onun yaddaşlarda qalan olvi xatirəsidir. Məşhur rus aktyoru Mixail Ulyanovun deyir ki, aktyorun ikinci həyatı onun dünyadan köçən dövründən başlayır. Bu gün Amaliya xanım ikinci həyatını yaşayır. Amaliya xanım bütün onu sevən insanların qəlbində filmləri, quruluş verdiyi tamaşaları, 500-dən çox ifa etdiyi rollarla yaşayır".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu fikirləri böyük teatr və kino aktrisası Amaliya Pənahovanın xatirəsinə həsr olunmuş tədbirdə Azərbaycan Dövlət Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev səsləndirilib.

O, qeyd edib ki, Dövlət Film Fondu aktrisanın doğum gününə onun şəxsi arxiv fondunun yaradılmasını ithaf edib.

"Mən Amaliya xanımın qızı Aynur Muxtarovaya minnətdaram, çünki o arxiv fonduna böyük sənətkarın 80-ə yaxın fotoşəklini və başqa qiymətli materiallar hədiyyə etdi. Bu gün Film Fondda təşkil etdiyimiz sərgi Amaliya xanımın həyatı və yaradıcılığını əks etdirən fotolardan ibarətdir", - deyə Film Fondun direktoru bildirib.

Daha sonra Amaliya Pənahovanın dostları, həmkarları, ailə üzvləri aktrisa ilə bağlı fikirlərini, xatirələrini bölüşüblər.

"Elə gözəl rəqs etdilər, sanki öncədən məşq olunmuşdu"

Əməkdar artist, rejissor Elxan Qasımov: "Həyatımın ən parlaq səhifələrindən biri 1962-ci ildən Amaliya xanımla başlanan dostluğumuzdur. Biz bir kursda oxumuşuq. Teatr İnstutunda oxuyanda kurs yoldaşımız "Yuxu" filminin ssenaristi, "Azərbaycanfilm" kinostudiyasında filmlər direktoru olmuş Qasım Səfəroğlu ilk dəfə Amaliya xanıma "Ağ kəpənək" deyə müraciət etdi və elə biz də ona o cür səslənməyə başladıq.

Amaliya danışanda çətinlik çəkirdi, şəhər qızıydı, rus dilində danışırdı. Bəzi sözləri çox gülməli səsləndirirdi: "hamımız" sözünə "xamımız" deyirdi. Amma sonralar "Azərbaycanfilm" kinostudiyanın direktoru olmuş Xamis Muradova Hamis deyirdi.

Səhnə danışığından müəllimimiz böyük sənətkar Müxlis Cənizadə idi. Amaliyaya məsləhət görmüşdü ki, "Kommunist" qəzetini yüksək səslə oxusun. Çünki "Kommunist" qəzetində çox çətin sözlər yazılırdı. Biz tənəffüsdə harasa qaçırdıq, amma Amaliya oturub qəzeti ucadan oxuyurdu. Çox böyük səy göstərirdi. Biz o vaxt bilmirdik ki, gün gələcək Amaliya Pənahova Azərbaycan teatrında, kinosunda, siyasətdə məşhur olacaq, teatr yaradacaq və bizim hamımızın sevimlisi olacaq.

"Kommunist"i oxuya-oxuya Amaliya elə gözəl səlis danışmağa başladı ki, radio verilişlərində, tamaşalarında baş rolları səsləndirməyi ona həvalə etdilər.

Amaliyanın rolları haqqında monoqrafiyalar, kitablar yazılıb. Amma onlar Amaliyanı tam təsəvvür etməyə imkan vermir. Çünki Amaliya xanımı canlı görməyincə, onun gözündəki işığı, qəlbindəki məhəbbətin enerjisi sənə çatmayınca onun necə biri olduğunu təsəvvür etmək çətindir. Amaliya kişi ilə kişi, qadınla qadın idi.

Heydər Əliyev Naxçıvana səfəri zamanı qol açıb oynamağa başlayanda Amaliyanı çağırdı. Elə gözəl rəqs etdilər, sanki öncədən məşq olunmuşdu.

Amaliya Pənahova Bələdiyyə Teatrının bütün aktyorlarına - gənclərə, öz yaşıdlarına, özündən böyüklərə belə bala kimi yanaşırdı. Ona görə teatrın aktyorları ondan çox razıdırlar. O, Bələdiyyə Teatrını həm yaratdı, həm ona rəhbərlik elədi, həm tamaşalara quruluş verdi. Göydən od yağanda həmin teatrda vətənpərvərlik mövzusunda tamaşalar hazırlandı.

Amaliya həqiqi qəhrəman idi. O, mərmilər, güllələr atılanda belə cəbhə bölgələrinə gedirdi. O da xanım kimi oturub, ayağını suya qoyar, barmaqlarını manikür etdirərdi. Amma o, cəbhədə olmağı seçdi. Baxmayaraq ki, həmişə yüksək səviyyədə məclislərə çıxardı və ondan həmişə gül qoxusu gələrdi.

Fəxri Xiyaban üstündə dava gedir, amma Amaliya ilə Yusif öz seçdikləri yerdə uyuyurlar. Rahat yat, sən ölməmisən, Cəmil müəllimin dediyi fikrə qüvvət olaraq deyim ki, sənin əsl həyatın bundan sonra başlayır.

Kaş mən o dünyada da səninlə görüşə bilim, Amaliya. Allah sənə rəhmət eləsin, dahi qadın, dahi sənətkar, gözəl nənə, gözəl ana, gözəl rəfiqə...".

"Amaliya xanımın baş rolu oynaması teatrı sanki silkələdi"

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimov: "Teatr aləmində 50 il səhnədə, 50 il dəbdə, 50 il şöhrəti özündə saxlayan ikinci aktrisa yoxdur. Bu həqiqətən də belədir.

Mən onu ilk dəfə 1961-ci ildə hələ özüm tələbə ikən Məhərrəm Aşorovun kursunda oxuyan zaman görmüşəm. O vaxt rektor Rahib Hüseynov 18-19 yaşlı bir qızı bizim dərsə məşqə gətirdi. Sən demə gələcəyimizin fəxri olan bu qız Amaliya xanım Pənahova idi.

1964-cü ildə məşhur novator rejissor Tofiq Kazımov özünün hazırladığı "Sən həmişə mənimləsən" lirik-psixoloji dramına 3-cü kurs tələbəsi Amaliya xanımı dəvət etdi. Yaşlı nəslin nümayəndələri bunu böyük təəccüblə qarşıladılar. O dövrdə məlum məsələ idi ki, teatrda baş rolları yaşlı nəslin nümayəndələri oynayırdı. Amaliya xanımın Nargiləni oynaması böyük hadisə idi və bununla teatr sanki silkələndi. Hamı təəccüb etdi ki, baş rolu parta arxasında oturan tələbə necə ifa edə bilər?

Əli Zeynalovla Amaliya xanımın məşq prosesi özü bir tamaşa idi. "Sən həmişə mənimləsən" çox uğurlu alındı, respublika səviyyəsində səs saldı. Amaliya xanım sözün həqiqə mənasında sübut elədi ki, Azərbaycan teatrına böyük aktrisa gəlib. Elə o vaxtdan ta 1992-ci ilə qədər teatrda nə qədər baş rollar var idisə, hamısında oynadı. Müxtəlif xarakterli obrazlarda Amaliya xanım başqalaşmağı bacardı. Yeganə aktrisa idi ki, tamaşadakı musiqiləri də özü ifa edirdi. "Nişanlı qız" tamaşasındakı mahnıları öz məlahətli səsi ilə necə gözəl oxuyurdu.

Bilirsiniz ki, teatrda hər şey aktyora qızıl məcməyidə gətirilmir. Onun da qarşısına dolanbac yollar çıxırdı, müəyyən səbəblərə görə o, Akademik Milli Dram Teatrından ayrıldı. Və o ağır illərdə kişi qeyrəti ilə yaratdığı teatr sözün əsl mənasında tarix yazdı.

O dövrdə bizim teatrda yaşlı nəslin nümayəndəsi olan aktyor və aktrisaları teatrdan uzaqlaşdırmışdılar. Təsəvvür edin, təzə teatr yaradasan, yaşlı nümayəndələri teatra dəvət edəsən, cavanlarla birgə işləyəsən və möhtəşəm tamaşalar hazırlayasan.

Muxtar Avşarov deyirdi ki, mən Türkiyəni görmək həsrəti ilə yaşayırdım. Çünki qohumlarının yarısı orada idi. Amaliya xanımın hazırladığı tamaşalar Türkiyəyə ayaq açdı və Avşarov da ora gedib, qohumlarını gördü. Bütün bunlar hər adamın hünəri deyil.

Heç Tofiq Kazımov gənclərimizi yığıb özü üçün teatr açdıra bilmədi. İmkan vermədilər. Amma o çətinlikdə Amaliya xanımın 1992-ci ildə teatr yaratması böyük hadisə idi. Teatrın on illiyini qeyd edəndə aktyorların 50 faizi fəxri adlara layiq görüldü.

Yadımdadır, Ulu öndərimiz tamaşadan sonra səhnə arxasına keçib tamaşa haqqında fikirlərini söyləyirdi. Növbəti tamaşaların birində səhnəyə daxil olan kimi dayandı və dedi: "Sizdə teatrda intiriqa var?" Hamımız susub başımızı aşağa saldıq. Nə deyək, bilmədik. Özü bu sənətin çətinliklərini çox gözəl bilirdi.

Mən İbrahim Həmzəyevlə Ulu öndərimizin qucaqlaşıb görüşməyinin şahidi olmuşam. Sonra bildim ki, İbrahim Həmzəyev dram dərnəyində Heydər Əliyevin müəllimi olub.

Zər qədrini zərgər bilər. Ulu öndərimiz Amaliya xanımın qədrini bildi ki, onun yubiley tədbirinin sərəncamını verdi və özü də iştirak etdi".