Zelenski və Conson Kiyevdə danışıqlar aparıb


Dünya 17 İyn 2022 22:25:00 137 0

Zelenski və Conson Kiyevdə danışıqlar aparıb

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfərə gələn Böyük Britaniyanın Baş naziri Boris Conson ilə görüşüb.

Son.az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna dövlət başçısı qeyd edib ki, danışıqlar mümkün qədər məzmunlu və mühüm detallarla dolu olub. 

"Biz cəbhə xəttində, dövlətimizin cənubunda mövcud vəziyyəti, Ukraynanı qorumaq imkanlarımızı ətraflı müzakirə etdik. Qələbəyə doğru necə irəliləmək barədə ümumi fikir var", - Prezident vurğulayıb.

Zelenski Consona Ukraynanın silah ehtiyaclarını başa düşdüyünə görə təşəkkür edib.

"Bu gün əsas məsələ həm də Ukraynanın hava hücumundan müdafiəsini təmin etməkdir. Biz o istiqamətdə irəliləməyə başladıq. Rusiya raketləri xalqımız üçün, bütün Ukrayna ərazisi üçün təhlükə olaraq qalır. Rusiya ordusu tərəfindən raket zərbələrinin böyük əksəriyyəti sadə insanlara, mülki infrastruktura - yaşayış binalarına, məktəblərə, xəstəxanalara, universitetlərə, nəqliyyata endirilir", - Ukrayna lideri qeyd edib.