ABŞın Paşinyandan şübhələri artdı


Digərləri 15 İyn 2022 13:30:00 133 0

ABŞın Paşinyandan şübhələri artdı

Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanda erməni həmkarı ilə görüşdən bir neçə dəqiqə əvvəl maraqlı hadisə yaşanıb. Müxalifətçi Aqnessa Xamoyan sosial şəbəkədə yazıb ki, ABŞ səfiri Lin Treysi Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərindən əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında görüntülənib. Ermənistan müxalifət nümayəndəsinin paylaşdığı görüntülərdə ABŞ səfiri Lin Treysinin bir neçə nəfərin müşayiəti ilə Ermənistan Xarici İşlər Nazirliyinə daxil olduğu görünür.

Qeyd edək ki, Lavrovun səfərindən əvvəl Ermənistanın müxalifyönlü "Past" nəşri yazıb ki, daxildəki vəziyyətdən narahat olan Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyan vasitəsilə Moskvaya unikal "sövdələşmə" təklif edib. Məlumatda qeyd olunurdu ki, Sergey Lavrov mövcud hakimiyyətə açıq şəkildə dəstəyini bildirsə, üstəlik, müxalifətin ünvanına tənqid səsləndirsə, Paşinyan amerikalıları "ataraq" bioloji laboratoriyaların qapılarını rusların üzünə açacaq. Lakin Rusiyadan yekun cavab gəlməyib. Mirzoyana başa salıblar ki, sövdələşmə baş versə belə, bunun əksi olmalıdır. Əvvəlcə laboratoriyalar, sonra tənqidlər olmalıdır", - deyə nəşr bildirib.

Əlbəttə ki, bu sövdələşmə barədə iddialardan ABŞ da xəbərdardır. ABŞ laboratoriyaları məsələsində hazırda Rusiya Vaşinqtonun ifşası üçün ciddi araşdırma aparır və Ermənistandakı laboratoriyalara da bu səbəbdən ciddi maraq göstərir. Belə görünür ki, Ermənistan ABŞ laboratoriyaları ilə bağlı məsələdə Rusiya ilə alverə getmək istəyindədir. ABŞ səfirinin tələsik XİN-ə getməsi laboratoriyalar mövzusunda Vaşinqtonun da həssaslığını göstərir.

ABŞ səfirinin tələsik XİN-ə getməsinin səbəbləri nə ola bilər? Paşinyan Rusiya ilə ABŞ laboratoriyaları məsələsində bazarlığa getsə, Vaşinqtonun mövqeyində hansı dəyişikliklər mümkündür?

Son.az yeni müsavat-a istinadən xəbər verir ki, AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli dedi ki, dünyada İraqdan sonra Amerikanın ən böyük səfirliyi Ermənistandadır: "Amerikanın Ermənistan kimi üçüncü ölkələrdə bioloji laboratoriyaları artıq heç kəsə sirr deyil. Postsovet məkanında Amerikanın bioloji laboratoriyaları xüsusi gərginlik yaradan məsələdir. Çünki bioloji laboratoriyalar məsələsi onsuz da kifayət qədər gərgin olan ABŞ-Rusiya münasibətlərinin daha da gərginləşməsinə səbəb olur. Bioloji laboratoriya problemində ABŞ-Rusiya gərginləşməsinin episentrində Ermənistanın durması Azərbaycanın maraqlarına cavab verir. Rəsmi Bakı bu vəziyyətdən xeyirlə çıxmağı bacarmalıdır. Azərbaycan Ermənistandakı daxili vəziyyətdən istifadə edib Moskva ilə İrəvanı üz-üzə qoymalıdır. Ermənistan üzərində Rusiya-ABŞ rəqabəti də Azərbaycanın əlinə oynaya bilər. Ümumilikdə isə Ermənistandakı iqtidar-müxalifət qarşıdurmasının uzanması, düşmən ölkədə qeyri-sabitliyin davam etməsi Azərbaycanın dövlət maraqlarına cavab verir".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlizadə Paşinyan komandasının hiyləgərliyinə xüsusi eyham vurdu: "ABŞ-ın Ermənistandakı səfirinin Lavrov-Mirzoyan görüşünə "gözlənilməz" qatılımı Paşinyan və onun komandasının bu iki qlobal gücün (ABŞ və Rusiya) təmsilçiləri arasında öz maraqlarına xidmət edən məsələlərin müzakirə edilməsinə və erməniyönümlü formatda tənzimlənməsinə dəstək göstərmək istəyindən irəli gəlir. Bu baxımdan, hər üç ölkənin diqqətindəki əsas məsələlər Cənubi Qafqazda baş verən cari proseslər və bu proseslər fonunda Qərbin regiona müxtəlif çaplı müdaxilələridir.