Əri işdə olan Vəfa kişini evə saldı, qardaşı qapını açanda şoka düşdü


Kriminal 13 İyn 2022 11:52:00 295 0

Əri işdə olan Vəfa kişini evə saldı, qardaşı qapını açanda şoka düşdü

Oğuzda bacısının qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Qabil Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qabil Əliyevin hansı səbəbdən qonşu kənddə gələrək bu cür hadisə törətdiyi ictimaiyyətə qaranlıq qalıb.

Son.az xəbər verir ki, lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, Qabil Əliyev ötən il mayın 25-də axşam saat 23 radələrində ailə üzvləri ilə birlikdə Oğuz rayonu Tayıflı kəndində yaşayan bacısı Vəfanın evinə gedib.

Qabil Əliyev bacısının evinə daxil olan zaman Vəfanın qonşusu İmran Quliyevi zalda kreslonun arxasında gizlənmiş vəziyyətdə aşkar edib. O, İmranın bacısı ilə intim əlaqədə olduğunu zənn edərək qısqanclıq zəminində zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə eyvanda olan ailə üzvlərini yola salıb ağac götürərək evə qayıdıb. Zala daxil olaraq həmin ağacla və daha sonra yumruqla İmranın sifətinə zərbə endirib.

İmran qaçmağa cəhd göstərsə də, təqsirləndirilən şəxs onu tutaraq eyvana çıxarıb, burada mətbəx bıçağı ilə bir dəfə onun sağ sağrı nahiyəsinə zərbə endirib, lakin bıçağın tiyəsi qırılıb.

İmran yenidən qaçmaq istəsə də, Qabil buna imkan verməyərək onu evin pilləkənlərinin qarşısına yıxaraq əlinə keçən kasa ilə başına zərbə endirib. Bundan sonra isə sapı taxtadan olan beli götürərək İmranın baş və bədən hissələrinə çoxsaylı xəsarətlər yetirib. İmran Quliyev zərbələrin nəticəsində huşunu itirib. Bundan sonra Qabil hadisə yerini tərk edib. Daha sonra hüquq-mühafizə orqanları tərəfindən Qabil Əliyev tutularaq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Məhkəmədə Qabil Əliyev özünü qismən təqsirli bilib. Deyib ki, hadisə olan gün anası Zəminənin doğum günü olub:

"Günortadan qonaqlarımız var idi. Tayıflı kəndində yaşayan bacım Vəfa isə ad gününə gələ bilməmişdi. Vəfanın əri hərbçi olduğundan evdə yox idi. Bu səbəbdən ad gününə gələ bilməmişdi. Bu səbəbdən axşamüstü evdən yeyib içməyi götürüb, atam, anam, yoldaşım və xalaoğlumla bacımgilə getmək qərarına gəldim. Taksi çağırıb Tayıflı kəndinə getdik. Biz ora çatanda gecə saat 11 olardı. Evə çatanda gördüm ki, bacım uşaqları otaqda yatıb. Başımı qaldıranda bacım Vəfanı otaqda görmədim. Bir qədər sonra Vəfa digər otaqdan çıxaraq gəlib mənimlə görüşdü.

Həmin vaxt biz Vəfanın çıxdığı otağa girmək istədik. Lakin Vəfa buna imkan vermədi. Dedi ki, oranın işığı yanmır. Sonra qapının ağzına stul qoydu. Mən Vəfanın bu hərəkətindən şübhələndim, evdəkilərlə eyvanda söhbət edən zaman durub həmin otağa keçdim. Alışqanımı yandırdım, bu zaman kreslonun arxasında kişini gördüm. Sonrada bilmişəm ki, həmin adam bacımgilin qonşusu İmrandır. İşığı İmranın üzünə salaraq evdən çölə çıxdım. Evdəkiləri taksiyə mindirib, evə yola saldım".

Təqsirləndirilən şəxs qeyd edib ki, evdəkiləri yola salandan sonra həyətdən ağac götürüb evə qayıdıb:

"Bu zaman Vəfa qarşımı kəsərək uşaqlarım olduğunu və heç nə etməməyimi xahiş etdi. Həmin vaxt Vəfanın sifətindən yumruqla vurdum. Bu zaman uşaqlar yuxudan oyandılar, otağa keçib uşaqların sakitləşdirdim. Sonra İmran olan otağa keçdim. Həmin vaxt İmran divanın arxasından çıxdı. İmran mənə nə istəyirəmsə, verəcəyini dedi. Bu sözlər məni daha da özümdən çıxartdı. Əlimdəki ağacla onun sifətinə zərbə vurdum. Ağac qırıldı. İmran da arxa-arxaya gedərək kreslonun üstünə yıxıldı. İmran yenidən durub üzərimə gələndə yumruqla onun sifətindən vurdum. Durub qaçmaq istəyəndə şalvarının arxa hissəsindən kəmərindən tutub çölə çıxartdım. Həmin vaxt dayım oğlu da eyvanda İmrana bir iki yumruq zərbəsi vurdu. Stolun üzərindən bıçağı götürüb İmranın arxa nahiyəsinə vurmaq istəsəm də, bıçaq İmrana girmədən əlimdə qırıldı. O, əlimdən çıxıb pilləkənə tərəf qaçmaq istəyəndə ayağımla onun ayağından vuraraq yerə yıxdım. Pilləkənin aşağısındakı güzgülü termonun üzərində olan kasanı götürüb onun başına bir dəfə vurdum, kasa sındı. Yenə qaçmaq istədi, tutub saxladım. Sonra bulağın yanında olan taxta saplı beli götürüb arxa hissəsi ilə bir neçə dəfə İmranın başına və belinə zərbələr endirdim. İmranın huşu özündən getdi. Belimdən kəməri çıxarıb, onu ağaca başladım. Çaydanla İmranın üzərinə su töküb ayıltdım. Sonra pəncərənin çərçivəsinə vurulmuş mismardan asılan qayçını götürüb həmin qayçı ilə İmranın arxa nahiyəsinə 4-5 dəfə zərbə vurdum. İmran möhkəm qışqırdığı üçün yenidən bel ilə kürəyindən iki dəfə vurduqdan sonra onun səsi kəsildi. Səs- küyə qonşuluqda olan, sonradan adını bildiyim Yusif adlı şəxs gəldi. Ona sakitcə getməyini dedim. O da getdi".

Qabilin sözlərinə görə, bacısı Vəfanı axtarsa da, evdə tapmayıb:

"Evdən çölə çıxdım, yolda "Opel" markalı maşına əl eləyib saxladım. Ondan xahiş etdim ki, məni Zərrab kəndinə aparsın. Sürücü paltarlarımda qan olduğunu görüb nə baş verdiyini soruşdu. Ona Xəzərin qaynı olduğumu, bir nəfərin bacıma sataşdığı üçün döyüb həyətə bağladığımı bildirdim. Həmin şəxs mənə döydüyüm şəxsin kim olduğuna baxmaq istədiyini dedikdə biz birlikdə həyətə getdik. Sürücü döydüyüm şəxsin İmran olduğunu bildirdi. Biz daha sonra evdən çıxıb Zərrab kəndinə getdik. Yolda İmranı vurduğum və arxa sol cibimdə olan qayçını Yaqublu kəndinə çatmağa az qalmış "Süd zavod" deyilən yerdə körpünün üzərindən çaya atdım. Daha sonra avtomobilə əyləşib Zərrab kəndinə yaşadığım evə gəldim. Baş verənləri anama danışıb, yıxılıb yatdım. Səhəri polis əməkdaşları evə gələrək məni Oğuz rayon Polis Şöbəsinə gətirdi. Mənim İmranı öldürmək niyyətim olmayıb, sadəcə, döyüb cəzalandırmaq istəmişəm".

Zərərçəkmiş İmran Quliyev məhkəməyə gəlməyib. Onun istintaqa verdiyi ifadə məhkəmədə tədqiq edilib.

İmran Quliyev istintaqda deyib ki, hadisə olan gün evin yaxınlığında yerləşən bağ sahəsinə suyun yerini dəyişməyə gedib. Bağda olanda qonşusu Xəzərin həyətinin qabağında avtomobil gəlib dayandığını görüb:

"Xəzərin evinin həyətindən danışıq səsləri gəlirdi. Həyət qapısı açıq olduğundan qaranlıqda iki nəfərin söhbət etdiyini görərək Xəzəri səslədim. Həmin şəxslər səsimi eşidib məni evə dəvət etdilər. Eyvanın qarşısında həmin şəxslərin Xəzərin qaynı Qabil və qohumu durmuşdu. Onlara yaxınlaşıb "xoş gəlmisiz" dedim. Qabil isə mənə "xeyirdimi?", deyə cavab verdi. Qabilə Xəzərin gəldiyini güman etdiyimi bildirdim. O isə mənə evə niyə gəldiyimi soruşdu. Mən ona yenidən izah etdim ki, maşını həyətdə görüncə Xəzərin gəldiyini zənn etdim. Bu zaman başımdan ağacla zərbə vuruldu. Gözümü açmamış ikinci zərbə bədənimə dəydim. Bundan sonra Qabil tərəfindən bərk döyülmüşəm. Məni yerə yıxaraq müxtəlif bərk alətlərlə başıma və bədənimin müxtəlif hissələrinə zərbə vurublar. Sonra Qabil və qohumu əllərimi bağlayıb, ağaca tərəf gətirdilər. Bundan sonra məni necə döydülərsə, huşumu itirdim".

Cinayət işi üzrə Vəfa Əliyeva şahid qismində ifadə verib. O deyib ki, hadisə baş verən gün saat 22:30-da qonşuları İmran yaşadığı evə gəlib eyvana çıxıb:

"Mən İmrana həyətimizdən çıxmasını desəm də, o mənə sözü olduğunu dedi. İmran eyvanın işığı yanılı olduğundan qonşuların onu görə biləcəyindən ehtiyat edərək otağa daxil oldu. İmran daxil olandan sonra mənə heç nə demədi. 5 dəqiqə keçməmişdi ki, qardaşım Qabilin pilləkəndən eyvana çıxdığını gördüm. Söz-söhbət olmaması və şübhəli vəziyyətə düşməməyim üçün İmrana otaqda qalmasını deyərək otaqdan çıxdım. Qabillə görüşəndə artıq atam, anam, Qabilin arvadı və dayım oğlu Qalib də eyvana qalxdı. Onlar bazarlıq edib bizə gəlmişdilər. Atamgillə eyvanda oturub söhbət edən zaman Qabil otağa girdi və bir qədər sonra çölə çıxdı. O, heç kimə heç nə demədi. Atamgil durub evə gedəndə Qabil burda qalacağını bildi. Artıq Qabilin hansı səbəbdən burada qalacağını hiss elədim. Evdəkiləri yola salandan sonra Qabil həyətdən ağac götürüb evə tərəfə gəlirdi. Həmin vaxt onun qabağını kəsdim. Uşaqlarımın olduğunu, ailəmi dağıtmamağını xahiş elədim. Şillə ilə məni vurub, yerə yıxdı. Sonra İmranın olduğu otağa keçdi. Uşaqlar ağlamağa başladı. Mən də gizlicə uşaqları götürüb, qonşuya getdim. Səhəri gün polis əməkdaşları məni çağırdılar. İfadə verdim və məni Zərrab kəndində olan valideynlərimin yanına apardılar. Həmin vaxt Qabilin İmranı döydüyünə görə vəziyyətinin yaxşı olmadığı üçün xəstəxanaya aparıldığını bilmişəm".

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qabil Əliyev 11 il 3 ay azadlıqdan məhrum edilib.