Putindən postsovet ölkələrinə şok hədə


Dünya 11 İyn 2022 15:07:00 120 0

Putindən postsovet ölkələrinə şok hədə

"Müasir Rusiya Federasiyasının ərazisi əbədiyyən kiçilməyib".  "Yeni Müsavat" xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə sülh danışıqlarında nümayəndə heyətinin rəhbəri olmuş Vladimir Medinski I Pytorun 350 illiyinə həsr olunmuş "Gələcək üçün tarix" beynəlxalq forumunda çıxışı zamanı deyib. "Onlar (Rus çarları - red.) yaxın vaxtlara qədər planetin altıda birini təşkil edən bir ölkə qurdular. İndi bu bir qədər az ərazidir. Amma bu azalma əbədi deyil", - deyə Medinski vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin isə deyib ki, I Pyotr əraziləri qaytarır və möhkəmləndirirdi: "Bizim də qismətimizə bu düşüb".

Bütün bu açıqlamalar, əlbəttə ki, postsovet ölkələrinə növbəti, açıq hədə, təhdiddir, ərazi iddiasıdır. "Ukrayna işğalının mütləq davamı olacaq" ismarışıdır, "SSRİ-2" mesajıdır. Özü də Rusiya prezidentinin, onun köməkçisinin dilindən səslənən bir mesaj, hədə...

Rusiya lideri və nümayəndəsi növbəti dəfə ölkənin imperiya arzularını dilə gətirib. Bəs Rusiyanın hədələri gerçəkləşə, fərqli modeldə II SSRİ qurula bilərmi? Ukrayna müharibəsi Putinin SSRİ yaratmaq planlarını pozmaqdadırmı? 

Arzuxan Əlizadə: "Putin ilk dəfə belə çıxış etmir, bundan əvvəl də..."

Son.az xəbər verir ki, AMİP sədri Arzuxan Əlizadə "Yeni Müsavat"a bildirdi ki, Putin ilk dəfə belə iddia ilə çıxış etmir: "Bundan əvvəl də ermənilərə xitab edərək söyləmişdi ki, I Pyotr bizə ermənilərə qayğı ilə yanaşmağı tövsiyə etmişdi və bu xüsusi münasibəti sərgiləyirik. Ardınca SSRİ-nin dağılmasını faciə adlandırmışdı. Həmçinin Ukrayna müharibəsi ərəfəsində Rusiyanın təsir dairəsinin gücləndirilməsi haqda danışmışdı. Bütün bu söylədikləri Rusiya liderinin ərazi iddialarını ortaya qoyurdu. Bu gün Abxaziya, Cənubi Osetiya, Dnestryanı ərazi, Ukraynanın şərq hissəsi, Qarabağın dağlıq hissəsini öz təsir dairəsində saxlamaq istəyi rus imperiyasını yaşatmaq xülyasından irəli gəlir".

ALDP sədri Fuad Əliyev isə hesab edir ki, Rusiya bu mesajları təkcə postsovet məkanına deyil, dünyaya çatdırır. Partiya liderinin sözlərinə görə, Putin bu regionda Rusiyanın dominant olduğu, Qərb və NATO-ya onun orbitinə yaxınlaşmamaq haqda xəbərdarlıq edir.

F.Əliyevin fikrincə, bu açıqlamalar Rusiyanın Ukraynanın bir hissəsini öz ərazilərinə qatacağı iddiasından irəli gəlir: "Həm Putin, həm Medinski demək istəyirlər ki, Donbası götürəcəyik və Krıma quru yol açacağıq, ərazilərimizi genişləndirəcəyik. I Pyotrun tədbirində bu çıxışların olması təsadüfi deyil və imperiya istəklərini gizlətmirlər. Bu gün Rusiya regionda hakimi-mütləq olmaq üçün növbəti gücünü səfərbər etməkdədir. Ukrayna müharibəsi də bölgə uğrunda Qərb-Moskva qarşıdurmasıdır. Əgər ruslar məğlub olsalar, regionda Qərbin mövqeyi güclənəcək. Putin isə Ukraynada apardığı hərbi əməliyyatlarla indidən bunun qarşısını almağa çalışır. Ona görə biz 3-cü Dünya müharibəsinə bir başqa şəkildə tamaşa edirik. Buradan strateji olaraq kimin qalib çıxacağı sual doğurur".

Fuad Əliyev: "Bu açıqlamalar Ukraynanın bir hissəsini öz ərazilərinə qatacağı iddiasından irəli gəlir"

ReAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin sözlərinə görə, Putin özünü I Pyotrla müqayisə etdi: "Bu, tipik imperiya düşüncəsidir, belə yanaşma bütün postsovet məkanı üçün təhlükə olduğunu göstərir".

Onun fikrincə, hazırda Rusiyada böyük əksəriyyət, o cümlədən ziyalıların böyük hissəsi məhz Putin kimi düşünür: "Çünki elə "proqramlaşdırılıblar", böyük ölkə olmağın, "imperiya" modelinin iqtisadiyyat və əhalinin rifahı olmadığını qəbul etmək istəmirlər. Torpaqların artması heç də ölkənin rifahı, inkişafı demək deyil, müasir imperiya tipi, məsələn, Cənubi Koreyadır".

Ekspertin fikrincə, Rusiya, əslində bədbəxt ölkədir, bu qədər resurslara, əraziyə rəğmən böyük ölkə ola bilmir, imperiyanı ərazi ilə ölçür, normal sistemi olsaydı, Rusiya indi ABŞ-dan da 5 dəfə yaxşı yaşamalı, varlı və nüfuzlu ölkə olmalı idi: "Cənubi Koreyanın ərazisi Rusiyadan 170 dəfə, əhalisi 3 dəfə azdır, amma əsl müasir "imperiyadır", torpaqları yox, bazarları tutur, ərazini deyil, əhalinin qarajlarını, ciblərini, evlərini "işğal" edir. Nə qədər ki, orta statistik Rusiya vətəndaşı elə Putin kimi olacaq, nə qədər ki, İmperiya olmağın formulunu ərazi genişliyi ilə ölçəcək, bizə, qonşulara, postsovet ölkələrinə təhlükə həmişə qalacaq. Ona görə də Azərbaycan öz "de-jure" və "de-fakto" ittifaqlarını genişlədib möhkəmləndirməli, qardaş Türkiyə ilə inteqrasiya müqavilələri dərinləşdirilməlidir".