Sultan Məcid divarlara kamasutra şəkilləri çəkdirmişdi azərbaycanlı filosofla Rusiya söhbəti


Digərləri 09 İyn 2022 11:35:00 176 0

Sultan Məcid divarlara kamasutra şəkilləri çəkdirmişdi  azərbaycanlı filosofla Rusiya söhbəti

Ukrayna savaşı müasir dünyada Rusiyaya və rus düşüncəsinə mənfi münasibətin miqyasının böyüklüyünü də nümayiş etdirdi. Savaşı ancaq iki slavyan xalqın hərbiçiləri aparmır. Sanki Avropa dəyərləri ilə rus düşüncə tərzi toqquşmağa başlayıb. Putinin işğalçılıq siyasətinə Qərbin verdiyi cavab da bəzən ifrat çalar aldı. Dostoyevskinin əsərlərinin qadağan olunmasından tutmuş, Avropa ölkələrində təhsil alan rusların aşağılanması kimi anormallıqlar yaşandı. Ədəbiyyat və mədəniyyət də rus və qeyri-rusa bölünməyə başladı. Bu fikir savaşı o həddə çatdı ki, Rusiya siyasi elitasında təmsil olunan bəzi simalar da Qərbdən gələn hər nəsnəni -  təhsili, elmi inkar etməyə başladılar. 21-ci əsrdə müşahidə edilən bu tendensiya heç də sivilizasiyaların toqquşması anlamına gəlmirdi. Bütün bunların marazm həddinə çatdırılması isə yumşaq desək, məyusedici idi.

Nə baş verir?

Son.az xəbər verir ki, qaynarinfo-nun suallarına filosof Niyazi Mehdi cavab verir.

- Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib ki, Rusiya Boloniya təhsil sistemindən çıxmalıdır, çünki Avropanın elmi məkanına inteqrasiya baş tutmayıb. Matviyenkonun bu fikri bizi düşündürən köklü bir suala körpü saldı. Tarixə nəzər saldıqda, görürük ki, Rusiya Birinci Pyotrdan başlayaraq çağdaş dövrə qədər bəzi cəhdlərinə baxmayaraq, Qərbə, müasir elmi məkana inteqrasiya edə bilməyib. Bunun səbəbi nədir?

- Valentina Matviyenko mənə görə, elə maraqsız siyasidir, söhbətimizi ondan başlamaq adamı qorxudur ki, bizi darıxdırıcı gəvəzələmələrə itələyəcək. Mən onun dediklərini eşiməmişəm. Onun üçün sizin gətirdiyiniz sözlərə söykənəcəyəm. Bilirəm ki, bu sözlər tam şəkildə Putinçi ideologiyanın anti-Batı ruhuna və ya ideologeminə uyğundur. Putinçilərin guya şəstlərini sındırmamaq üçün dedikləri belə ədabaz sözlər, etdikləri eyləmlər "onda mən də sizin acığınıza poxun içində oturub ağnayacam" deyiminə oxşayır (pislikləri güclü bildirən belə sözləri hayıfdır publisitikanın dilindən qıraqda saxlamaq). Bu xanıma deyən gərək, Boloniya sisteminin nədəni və amacı niyə Rusiyaya yad olmalıdır?! Mən öyrəncilərimə deyirəm ki, bizim verdiyimiz təhsil sizə pul gətirməyəcəksə, oxumaqdan soyuyacaqsınız. Sözsüz, biliyi umacaqsız sevən adamlar da var. Dediklərim onlara aid deyil. Beləri çox az olur. Mən özüm xeyli sonralar, bəlkə də 25 yaşından sonra biliyi umacaqsız sevməyə başlamışam. Axı, bilik qazanmaq çox əziyytli bir işdir. Tutalım, yabançı dil öyrənəndə onun sözlərini saatlarla əzbərləməlisən, bunun nə ləzzət ola bilər?! Ancaq sırğa eləyib qulağından assan ki, bu əziyyəti çəkib, tutalım, çincəni əla bilsəm, Çin elçiliyi məndən ikiəlli yapışıb yüksək maaşlı iş verəcək, ağlı başında olan adamsansa, sözləri əzbərləmək əziyyətini ləzztə çevirirsən. Boloniya sisteminin əsası budur. Həmin əsası başqa sistemlə ödə, olsun Boloniya yox, Bərdə sistemi. 

Bir də rusların bütün elmi yetənəkləri bəyəm Avropanın etgisi ilə baş tutmayıb? Rusiya elmdə nəyi edibsə, Avropa elmindən götürüb. Heç yadıma düşmür, rus elmi təbiət elmlərində yeni qol yaradıbmı? Yaradıbsa, onu da Batı elminin paradiqmi içində yaradıb. Bu anlamda Avropa elmi heç kəsə yad deyil ki, ona inteqrasiya ola bilməsin. Başqa məsələ ki, inteqrasiya üçün korrupsiya kimi pis adətlərdən, düşüncə özgürlyünü boğmaqdan qurtulmaq gərəkir. Seks pozları Hindistanda şəkillərin dilində geniş işlənmişdi, müsəlman dünyasında alfiy və şalfiy kamasutra tipli kitabların adı idi, bu kitablara uyğun şəkilləri sultan Məsud gəncliyində ayrıca bir otağında divarlara, tavana çəkdirmişdi. Ancaq heç yerdə, nə Hindistanda, nə müsəlmanlarda seksi araşdırmaqla bağlı düşüncə özgürlüyü yox idi. Avstriyada isə vardı, bu üzdən Froyd Edip kompleksi ideyası ilə çıxış edəndə cinlənənlər çox olsa da, onu daşa basmadılar.   

Yeri gəlmişkən, Avropanın Rusiyaya verdiyi bir nəsnəni də söyləyim. Bizdə adamlar var ki, ruslaşmaya nifrətlərindən "ruslar bizə nə verdi ki!" ritorik sualını verirlər. Onların acığına danışanlarsa "çox şey verib" deyirlər. Sovetlərdə qoca rus arvadlarının avtobusldarda "sizi biz adam eləmişik" deməsini tez-tez eşitmək olardı. Kişilər onlara baş qoşmazdı, özləri kimi yaşlı azəri qadınları isə avtobusda olsaydılar, ağızlarına gələn sözlərlə onları susdurardılar. Mənə gələndə deyərdim ki, ruslar bizə çox şeyləri veriblər. Ancaq verdikləri yaxşı şeylərin heç biri rusunku olmayıb. Ruslar Avropadan götürüb bizə, Orta Asiyaya ötürüblər. Di gəl Avropadan götürdüklərinin xeylisini bolşevizmdəki kimi pis təhrifdə bizə veriblər. Bu təhriflərə baxmayaraq, Avropa dəyərlərini gətirməklə rus imperiyası Mirzə Fətəli, Abbasqulu xan və Zərdabi kimi intllektuallarımızın saqqızını oğurlaya bilmişdi. Bakı qoçuları üçün matışkələr (matuşka "ana can" sözündəndir) nəyə görə dadlı idi? Avropa qadınına oxşadığına görə. Bəyəm, roman, dram janrlarını ruslar yaradıb bizə veriblər? Yox, Avropadan götürüb, dəyişdirib, hərdən də təhrif edib bizə veriblər. Bu prosesdə bəzi yazarlarımız, düşünrlərimiz simvolik desək, Avropa dəyərlərini "matışkə" kimi görüblər. El də olub ki, İslamın, millətin adından onlara qarşı çıxanların diskursunu "bizi matışkə edirsiniz" ittihamı olub.  

Qayıdaq sizin sualınıza. Bizdə də Boloniya sistemindən narazı qalan öyrəncilər, belə sözləri ona görə işlədirəm ki, onlara  "müəllim", "tələbə" sözləri kimi öyrəşək ki, dilimiz zəngin olsun, - hə, deməli, bizdə də Boloniya sistemini sevməyənlər var. Ancaq bu zaman onlar unudurlar ki, Boloniya sisteminin uğuru ölkənin iqtisadi sistemindən asılıdr. Ölkə kasıbdırsa, yaxşı maaşlar bir-iki yerdə, tutalım, SOCAR-da olacaq. Deməli, aktyor öz sənətindən pulu, olsa-olsa, tamadlıqdan qazanmalı olacaq. Cavanşir Quliyev deyirdi ki, nə qədər ki toylar var, muğam da var. 

Ancaq ölkədə SOCAR-lar çox olanda büdcə Norveçdəki kimi varlı olur. O zaman pensiyalar da, maaşlar da artır. Belədə teatr biletinin qiymətini artıranda adamların almağa pulu çatır. Sözsüz, mən çox mürəkkəb prosesi asan qavrayış üçün sadələşdirdim. Qısası belədir: ölkənin iqtisadiyyatı elə olmalıdır ki, müəllim olmaq da, akytor olmaq da sərfəli olsun. Birində maaş yüksək olsa da, o birindəki maaş yavaş-yavaş maşın almağa, ipotekanın, nə bilim sığortalanmağın pulunu ödəməyə imkan versin.

Boloniya sistemi bu iqtisadiyatı savadlı gənclərlə təmin etmək üçün qurulub. Boloniya sistemində universitetlərin reytinqi var. Yüksək reytinqli universitetləri bitirmiş öyrətmənlər isə Batının hər yerində iş tapa bilərlər. 

- Rusiyada hətta rejimə qarşı gələn ziyalılar da çox zaman imperiyaçı təfəkkürdə olurlar. Məsələn, dissident kimi dünyaya səs salan Soljenitsin də Qazaxıstana ərazi iddiaları ilə çıxış edirdi. Bu gün də təqribən eyni mənzərədir, sistemi ifşa edən rejissor Bıkov kimi ziyalılar da Ukraynanın işğalına qarşı çıxmır və bu, ancaq qorxu amili ilə bağlı deyil.

- Məncə, Dimitri Bıkovla bağlı məlumat düz deyil. Ancaq Mixalkov, Georgiyev, bard Rozenbaum kimi onlarla tanınmışlar var ki, nəinki susublar, hətta Putinin saldırısını bəyəniblər. Bilirsiniz, stajı böyük olan bir millətçi kimi deyirəm, millətçilikdə yüksək mənəviyyatı saxlamaq, onu var-dölətli, adlı sanlı olanda saxlmaq qədər çətindir. Millətin əziləndə, böyk komplekslərin olur, millətin hərbi-iqtisadı yüksəlişdə olanda isə soydaşlarının ayaqları yer tutmur. Kobud desək, harınlaşırlar, qudurğan olurlar. Rusiyanın böyük ərazisi çox rusları harınlaşdırıb, qudurğan edib, heç minnətdar da olmurlar ki, bu ərazilər nə qədər türk uluslarının torpaqlarıdır. Yəni rus mentalitetində türk minus işarəsində qalmaqda davam edir və ermənilər bundan yaxşı faydalanırlar. Bir sözlə, əraziləridir çox rusu mənəviyyatca korlayan! Moskvadan hamıya Kanada da, Fransa da, Avstraliya da bapbalaca görünür. Optik aldanış yaranır. Ruslar unudurlar ki, balaca Tayvan uğurlarına görə nələrdəsə Rusiyaya baxanda daha azmandır. Düzdür, Berdyayev kimi filosof Rusiyanın bitib-tükənməz ərazisindən rus mentalitetinin xeyrinə arqumentlər çıxarmışdı. Bir xeyli millətçi rus intellektualları rus ürəyini genişlik örnəyi sayır və bunu ərazisinin genişliyindən çıxarır. Əslində, rus mentalitetindən danışmağı 19-cu yüzildə rus ziyalıları almanlardan götürmüşdülər. Sirli rus ürəyi ideyasını da, düz yadımda qalıbsa, ilk dəfə almanlar özləri ilə bağıl söyləmişdi. "El Koronon" ayamalı mənim qardaşım bir ara rus və türk kutlarının birgəliyindən yazılar yazmışdı. Daha qabaqlar avroasiyaçılar bu ideyanı tutmuşdular. Ancaq deyə bilmərəm ki, rusların türklərə (tatarlara, başqırdlara) qardaşlıq duyğusu var. Rusun böyüklük iddiasını normal tatar, başqırd, tuvin, yakut bölüşmür. Yalnız ruslardır ərazilərindən harınlaşan.  

- Rusiya seçicisi niyə Yavlinskiyə yox, Jirinovskiyə, Putinə səs verir?

- Sizin suallarınızın Rusiya ilə bağlı cavabını tam bilmirəm, ancaq bəzi gümanlarımı söyləyə bilərəm. Yadımdadır ki, bir zamanlar bu soru ilə rus liberallarına baxanda gördüm ki, onlar başlayıblar çevir tatı-vur tatı söyləməyə. Ünlü filosof Karl Popperin "sosial mühəndilsik" termin-ideyası vardı, anlamı o idi ki, nəyinsə baş tutmasını istyirənsə, bunun qoşullarını (şərtlərini) düz-qoş ki, onun oluşmasının mexanizmi  yaransın. Mənim təhsillə ilgili saldığım pul söhbəti, əslində, sosal mühəndisliyə örnəkdir. 20 il bundan qabaq ağıllılar guya milli mənəviyyatımızın baş problemini tapmışdılar. Deyirdilər, əsas bəlamız bizdə milli ideologiyanın olmamasıdır. Cavabında məqalə yazdım ki, Azərbaycanı yaşamağa sərfəli olan məmləkətə çevirin, vətən sevgisi və fədakarlığı geniş yayılacaq. Məncə, bu söylədiyim sosial mühəndislik mexanizminə daha uyğundur. Bax, rus liberallarında ideologiya çox, sosial mühənislik az idi. Bir də onların çoxunun (Şendoroviç, Xodorkovski, Yuliya Latınina və b.) Qarabağ konusunda ermənipərəst olmaları mənəviyyat-humanizm örnəyi kimi onları Rusiya türklərinin, müsəlmanlarının gözündən saldı. Öncələr mənim kimi demokratiya sevənlər üçün onlar humanizm avtoriteti idilər. İndi isə Youtube-da onlara baxa bilmirəm. Onların yanlışı erməniləri sevməsi deyildi, ciddi araşdırmaları öyrənmədən ermənipərəst mövqeyi göstərmələri idi. Bundan biz azərbaycanlılar da, nəticə çıxarmalıyıq: başqa milli konflikti ciddi araşıdrandan sonra tərəf tutmalıyıq. Məsələn, fələstinlilər müsəlman kimi mənə yaxın olsalar da, İsrail mənə daha haqlı görünür. Buna səbəb bizə köməkləri, Knessetdə ərəb azlığının deputatlarının olması və s.-dir. Ancaq yenə də mən israilpərəst olmaqdan özümü saxlayıram, çünki haqlı mövqe tutmağa bilgim çatımır.        

- Ruslar ağır iqtisadi problemlərdən əziyyət çəkir, amma yenə də "za derjavu obidno" deyir. İmperiya qurmaq arzusu şəxsi maraqları, insan azadlığını niyə üstələyir?

- Dünyada propaqanda feykləri bizim belimizi qırır. Bir 10 il bundan qabaq deyirdilər ki, rus iqtisadiyyatı batır. İndi isə bəlli olur ki, əsas şəhərlərində adamların dolanışığı yaxşı imiş, yabançı maşınlar almağa, turistlik etməyə pulları çatırdı. Elə harınlaşmışdılar ki, avropalıları pul səpələmələri ilə qıcıqlandırırdılar. Elə indinin özündə də görürsən ki, Ukrayna ilə savaşmağa pul əsirgəmirlər. Deməli, yaxşı analiz olmalıdır ki, Rusiya iqtisadiyyatının gerçək üzünü görək. 

Gözəl alimimiz Gündüz Sarıyev Sovet dönəmində söyləyərdi ki, piştaxtlar boş olanda adamları ideologiya ilə aldatmaq olmaz. Bunu Sovet ideologiyası ilə bağlı söyləmişdi. Bu məsələ indi ruslarda "televizor və soyuducu" simvollarına çevrilib. Deyirlər, hələlik rusların soyuducuları doludur, bu üzdən televizyona inanırlar. Soyuducuları boşalanda görək rus imper harınlığı nə günə düşəcək.    

- Niyə bütün dünya rusa nifrət edir - bugünkü bu acı reallığa yol hardan başlayıb gəlir? Bununla bağlı fikirləriniz.

- Bayaqları Soljenitsinin adını çəkdiniz. O, Qazax toraqlarına iddialı olsa da, məsələn, söyləyirdi ki, Çeçenistan özbaşına buraxılmalıdır. Bütünlükdə istəyi bu idi ki, Rusiya çiçəklənən məmləkət olsun. Putin Rusiyanı Yaponiyaya, Güney Koreyaya, heç olmasa Çinə çevirmək yolunu tutmaq əvəzinə Gürcüstandan, sonra Ukraynadan torpaqlar qopardı. Bu, elə bir həyasızlıq idi ki, hamını cinləndirdi. Amerika, Britaniya İraqa girəndə çoxlu səhvlərə yol versə də, hər halda Demokratiya, İnsan Haqları dəyərlərini bayraq tuturdu. İraqda indi Səddamın gətirdiyi səfalət yoxdur, adamlar narazı qalsalar da, gerçəkdə adamların vəziyyti Səddam dönəmindən yeydir. Necə ki indiki azərilərin vəziyyəti Sovet dönəminədki vəziyyətlərindən qat-qat yaxşıdır, - indi nənə-babaya çevrilmiş bəzi geridə qalmışlar nəvələrinə "cənnət SSRİ-də imiş" desələr də.  

Amerikanın demokraiya, anti-terror kimi arqumentləri vardı, bəs ruslar nə adla Ukraynaya saldırı etdilər? "Rus dünyası" kimi boş ideyalarla?! İndi vəziyyət ona gəlib çıxıb ki, dünyada rus dilindən eymənən, rusca danışmaqdan utanan adamlar qat-qat artıb. Düzü, ruscaya bu nifrətin olması heç ağlıma gəlməzdi. İnanmazdım ki, Çaykovski, Tolstoy, Dostoyevski, Berdyayev, Pasternak, Roman Yakobson kimi azmanların avtoriteti rusları nifrətdən qoruya bilməyəcək.      

Mənim nəslim yaşadıqca çox nəsnələri gördü. SSRİ-nin dağılmasını, interneti, 11 sentyabrı, smart telefonları gördü. Bu əcaibliklər sırasına Putinin Ukraynaya saldırısı da düşür. Rusiya saldırısı absurduna görə əcaibdir. Savaşın ilk günlərində stress keçirən xanımıma bu absurdu belə anlatmışdım: Putin udsa da, uduzsa da məğlub olacaq. Udsa, ağır yapdırımlar, sanksiyalar yavaş-yavaş Rusiynı çökdürəcək. Qabaqlar uluslararası siyasət meydanında olan etiketlər öz işinə gedəcək və Putinə siyasilər ağızlarına gələni deyəcəklər. Putin tarixi şəxsiyyt kimi qalmaq istyirdi, indən belə tarixi iblis kimi qalacaq. Ukrayna savaşı udsa, NATO-ya qoşulacaq. Rusiya parçalanacaq - bunlar Putinə lazım idi?! Görüşlərdə Putin tərbiyəsizlik edib dünya lderlərinin çoxunu gözlətdirirdi, Ərdoğandan başqa hamısı bunu yeyirdi. İndi heç kim onunla "seremoniya" etməz. 

Söhbətimizin axırında bəzi nəsnələri də deyim. Putinin atom bombası ilə bağlı hədələrində hamı həyəcanlananda heç kimin ağlına gəlmədi ki, Pekin buna imkan verməz.  Putinin gerçəkdə hansı gücə, imkanlara yiyə olması üstnüdə baş sındıranda heç kimin ağlına gəlmədi ki, Lukoşenkonun davranışından Putinin əsl imkanlarını "oxumaq" olar. 

Onun ağır xəstəliyi ilə bağlı dedi-qoduları bununla boşa çıxarmaq olar ki, bir neçə ilə öləcəkdisə, Putin bu savaşı başlamazdı. Hətta inansa belə ki üç-dörd günə Kiyev hakimiyyətini çökdürəcə, sonrakı "inteqrasiya" proseslərini, ən çox da Batı ilə başlayacaq çarpışmanı kimə etibar edə bilərdi?! Putinin Ukrayna savaşının absurdluğu bundadır ki, onun başladığı işin davamçısı yoxdur. Leninin başladığı işin davamçılarını ortaya çıxardı marksizm-leninizm ideologiyası, bolşeviklər partiyası. Bəs Putin nəyə güvənirdi?! Haradan baxırsan, Putinin Ukrayna saldırısı axmaq, alcaq addım kimi görünür. Dərsliklərə düşmək istəyirdi, özünü uyqar dünyanın dərsliklərinə karikatura kimi saldı. Heç millətçi serblərin yeni nəsli də Putində özləri üçün qəhrəman tapmayacaqlar. Son onillər politkorrektliklərinə görə dişsiz görünən Avropa və Amerika Ukraynanın əli və sanksiyalarla Rusiyanı diz çökdürəndən sonra yenidən böyük nüfuz qazanacaq. Çin buna görə xeyli özünü yığışdıracaq. Erməni düşmənçiliyi və təxribatı məsələsində bizə Prezident Əliyevin bacarığı və Türkiyə qardaşlığı ümüd verir.

Qardaşlıq konusunda bir məsələni də deyim ki, söhbətimiz bitsin. Ziqmund Freydun "kiçik fərqlərin narsisizmi" deyimi bir vaxtlar məni vəcdə salmışdı. Narsist bilirsiniz ki, özünə heyran olanlara deyirlər. Eqoist adam hər şeyi özünə çəksə də, özüylə bağlı yüksək düşüncədə olmaya bilər. Narsist isə hər şeyi özünə çəkməyi bacarmasa belə, özünə heyran adamdır. Adətən, kimsə başqasından özünü kəskin fərqləndirəndə bu üzdən narsist olur. Freyd isə dedi, narsistlik (nərgizlik azarı) kiçik fərqlərdən də törəyə bilər. Ukraynalılarla rusların kiçik fərqləri var, ancaq Putin kiçik fərqlərin nərgizliyini unudub Ukrayna sevgisinə ümüd etdi. Və bunda yanıldı. Bizim üçün sonuc. Anadolu türkləri ilə bizim fərqlərimiz kiçikdir. Ancaq "şiə-sünni", dil məsələsinə görə kiçik fərqlərimiz var. Bu fəqlərin təhlükəsindən Azərbaycan və Türkiyə uğurla çıxıb və məncə, daha geriyə dönməz yoldadırlar. Azəri mənəviyyətinin böyük hərflə yazılacaq uğurudur ki, türklük şiə-sünni fərqlərinə qalib gəldi. Azərbaycanda İrland dini savaşları olmadı. Bununla öyünək!