“Meyxananı tənqid edənlərə haqq qazandırıram” Namiq Məna


Şou-biznes 08 İyn 2022 21:00:00 271 0

“Meyxananı tənqid edənlərə haqq qazandırıram”   Namiq Məna

"Təbii ki, əgər kimlərsə meyxana sənətinin gənclərə pis örnək olduğunu, onları kriminala yönləndirdiyini düşünürsə, burada meyxanaçıların da günahı var..."

Son.az xəbər verir ki, bu sözləri yenisabah.az-a meyxanaçı Namiq Məna deyib. O, son zamanlar efirlərdə, saytlarda və sosial mediada meyxana mövzusunun müzakirə edilməsinə, meyxananın gənclərə pis örnək olduğu və pis vərdişləri təbliğ etdiyini deyilməsinə münasibət bildirib:

"Bunu söyləyən insanlar da müəyyən faktlara söykənərək bu cür fikirləşirlər. Amma bizim janr şifahi xalq ədəbiyyatının bir qoludur, folklorumuzdur, çox qədim kökləri var. Mən bunu dəfələrlə söyləmişəm, meyxana sənətinin kökü 4-cü əsrə təsadüf edir. Bədihə janrının yaranışı çox qədimlərə söykənir, zaman keçdikcə forma etibarı ilə bu janr dəyişilib və Sovet dönəmində müəyyən qadağalara məruz qalıb. 

Mir Möhsün Nəvvabın, seyid Əzimin, Mirzə Ələkbər Sabirin, hətta Səməd Vurğunun belə bədahətən şeirləri olub. Mən bunu faktlara dayanaraq söyləyirəm. Forma etibarı ilə bu janr zaman-zaman dəyişib, ona bir az musiqi qatılıb. "Nəsimi" filmində də görürük ki, ritm altında əruzda Nəsiminin qəzəlləri söylənir. Həmin dövrdə də bədahətən şeir söyləmələr olub".

Söz ustadı qeyd edib ki, bəzən gənc meyxanaçılar bu janr haqda səhv fikir formalaşdırırlar:

"Son dövrlərdə məni də narahat edən bəzi məsələlər var. Amma bu o demək deyil ki, meyxana haqda mənfi fikir formalaşdıranlara haqq qazandırmaq olar. Bu gün bu janrın ifaçıları tərəfindən vətənpərvərlik, sevgi mövzusunda bədihələr deyilir. Bəzən mən də bir sıra mənfi hallarla rastlaşıram: etik normalardan kənara çıxılması, narkotik maddələrin təbliğatı və s. 

Təbliğat dedikdə, meyxanaçılar sırf narkotiki təbliğ etmir, sadəcə meyxanada bəzi frazalar olur, bunu el şənliklərində işlədirlər. Bu kimi hallar xoşagəlməzdir. Məni əsas narahat edən məqam isə meyxanaçıların bir-birinə qarşı təhqir işlətməsi, qısqanclıq etməsidir. Bu bəzən deyişmələrdə özünü qabarıq şəkildə büruzə verir. Bu arzuolunmazdır, çünki meyxana janrında hər birimizin zəhməti var, onun qorunub-saxlanmasında, gəlib bu günə çıxmasında rolumuz var".