Yay qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlanır


Digərləri 08 İyn 2022 14:30:00 224 0

Yay qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlanır

I, II, III və IV ixtisas qrupları üzrə yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır.

Bu barədə Son.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində 4-17 mart və ya 6-25 aprel tarixlərində I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim etmiş abituriyentlər iştirak edə bilərlər.

II və III ixtisas qrupu üzrə imtahanda iştirak etmək istəyənlər 20 iyun saat 23:59-dək, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə 4 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər "Şəxsi kabinet"lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (https://eservices.dim.gov.az/erizebak/cehd2/) vasitəsilə imtahana yazıla bilərlər. Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.