“Güllü xalça” Brüsselə qayıdır FOTO


Dünya 06 İyn 2022 21:25:00 217 0

“Güllü xalça” Brüsselə qayıdır  FOTO

Koronavirus pandemiyası ilə əlaqədar dördillik fasilədən sonra əfsanəvi "Güllü xalça" yenidən Belçika paytaxtındakı Qran-Plası bəzəyəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Brüssel meriyası iki ildə bir dəfə keçirilən bu populyar tədbirin bərpa olunmasını bu gün elan edib. Brüssel şəhər mədəniyyət şurasının üzvü və eyni zamanda, "Güllü xalça" qeyri-kommersiya təşkilatının rəhbəri olan Delfina Xuba AZƏRTAC-a müsahibəsində deyib: "Bu il biz xalçanın dizaynı barədə fikirləşmişik. Yeni dizayn bizim soykökümüzə qayıtmağımızın rəmzi olacaq. Ona görə də bizim 1971-ci ilə aid ilk "xalça"mıza istinad ediləcək.

Layihənin 50 illiyinə həsr edilmiş budəfəki xalçanın dizaynı meksikalı florist-rəssamlar, birinci xalçanın müəllifinin şagirdləri olan Ru Aqilar Aquado və Koen Vondenbuşa etibar edilib. Onlar 1971-ci ildəki naxışın müasir texnikalara uyğun şəkildə bərpasına 280 saatdan çox vaxt sərf ediblər.

Güllü kompozisiyaya Flandriyada yetişdirilmiş xrizantemalar daxildir.

Delfina Xuba daha sonra deyib: "Güllü xalça" bizim şəhərin mədəni və turistik təqvimində əlamətdar hadisədir. Beqoniya və gərgin gülünün paytaxtın mərkəzi meydanına qayıtması bizi çox sevindirir".