Metropolitendən və küçələrdən pandemiya ilə bağlı lövhələr yığışdırılır?


Digərləri 06 İyn 2022 19:45:00 148 0

Metropolitendən və küçələrdən pandemiya ilə bağlı lövhələr yığışdırılır?

Küçə, ictimai iaşə obyektləri, dövlət qurumları və Bakı Metropolitenində pandemiyanın sərt karantin günlərini xatırladan lövhələr hələ qalır. Hansı ki, epidemioloji durumun sabitləşdiyi bir dövrdə bu lövhələr neqativ saçır, insanlara psixoloji təsir göstərir.

Xüsusilə tibbi maskanın ləğv olunduğunu nəzərə alsaq, Bakı Metropolitenində hələ də maskadan istifadə ilə bağlı tələbi əks etdirən lövhənin götürülməməsi birmənalı qarşılanmır. 

Sosial şəbəkələrdə bununla bağlı narazılıq başlayıb və bu tip lövhələrin hər bir məkandan yığışdırılması tələb olunur. 

Milli Az xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bizim.media-ya açıqlamasında deyib ki, sözügedən lövhələrin qıcıq və aqressiya yaratması üçün ciddi əsas yoxdur:

"Pandemiya davam edir və onun geri qayıtmayacağını heç kim bilmir. Çindəki hadisələr əyani şəkildə nümunədir. Tam arxayınlaşıb məsuliyyətin ipini əldən vermək olmaz. Mövcud vəziyyətlə bağlı monitorinqlərimiz davam edir. İctimai fikri də anlayırıq. 2 il ərzində pandemiyanın ən sərt qaydasını yaşayanlardan biri də Metropolitendir. Bu münasibəti anlayışla qarşılayırıq. Fikir versəniz metropolitendə tibbi maskanın məcburi olması ilə bağlı hər hansı audio-vizual səsləndirilən elanları eşitmirisiz. Bundan əlavə statistik məlumatların hər biri ləğv olunub və onu xatırladan hər bir məsələyə xüsusi diqqətlə yanaşılır. Hər bir statistik göstəricilər məlumatlandırma xarakteri daşıyır. Ardıcıllıqla hər bir qaydaya uyğun tövsiyələr verilir. Pandemiya dövrü hələ başa çatmayıb. Bu dövrlə bağlı olan məlumatlar normal qarşılana bilər".  Qurum rəsmisi əlavə edib ki, Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejimi və pandemiya ləğv olunarsa, Metropoliten də verilən hər bir qərara tabe olacaq və müvafiq addımlar atacaq".

Bakı Şəhər İcra Hakimiyyətindən isə saytımıza bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hansı qərarı qəbul edəcək, həmin qərar icra ediləcək.