Qəzada ölən BDU tələbəsinin bu gün imtahanı olacaqdı


Digərləri 06 İyn 2022 20:00:00 317 0

Qəzada ölən BDU tələbəsinin bu gün imtahanı olacaqdı

Dünən İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hacıhətəmli kəndində qeydə alınıb. Dağlıq ərazidə hərəkət edən traktorun idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Hacıhətəmli kənd sakini Əliyev Ata Şahin oğlu ölüb.

1972-ci il təvəllüdlü Əhmədov Əfqan Əlixan oğlu ağır xəsarətlər alaraq İsmayıllı Mərkəzi rayon xəstəxanasına aparılıb.

Qəzada ölən Ata Şahin oğlu Əliyev Bakı Dövlət Universitetinin (BDU) tələbəsi olub. O, BDU-nun SABAH qruplarının IV kurs Coğrafiya müəllimliyi ixtisasında təhsil alıb.

Yaxınlarının sözlərinə görə, A.Əliyev onlara bildirib ki, işini bitirib Bakıya yola düşəcək. Onun bu gün imtahanı olmalıymış.

IV kurs tələbəsi olan Ata Əliyev bu il keçirilən magistratura imtahanında yüksək nəticə əldə edib.

Hadisə nəticəsində yaralanan Əhmədov Əfqan isə ilkin olaraq İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Bu gün isə 1 saylı Kliniki Tibbi Mərkəzə köçürülüb. Hadisə nəticəsində onun altı qabırğası, çənəsi, çiyini və qolu sınıb.

Faktla bağlı cinayət işi başlanıb. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.