Təmizləyici, İlahi rəhmət, ruzi, bərəkət, qəlbləri sabit edən


Digərləri 05 İyn 2022 22:10:00 114 0

Təmizləyici, İlahi rəhmət, ruzi, bərəkət, qəlbləri sabit edən

Yağış yağan zaman sanki torpaq təzə ruha bürünür və ağaclar yeni həyat taparlar. Canlılar xüsusi sevincə və şadlığa malik olarlar. Bəli, yağış ölmüş torpağa yenidən can verər.

Yağış - İlahi rəhmətdir. Allah bu həyat amilini yerə göndərərək hamını sevincə qərq edir. Allah Təala yağışı pak su, bərəkətli su və İlahi ruzi adlandırmışdır.

Yağış - təharət vasitəsidir: "Biz göydən (yağış, qar və dolu şəklində özü) pak (olan) və pak edən bir su nazil etdik". ("Furqan" 48).

Yağış - bərəkətli sudur: "Göydən (yağış, qar və dolu şəklində) xeyir-bərəkət dolu su endirdik". ("Qaf" 9).

Yağış - İlahi rəhmətdir: "(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!". ("Şura" 28).

Yağış - İlahi ruzidir: "Öz ayələrini (Öz tovhidinin əqli və nəqli dəlillərini) sizə göstərən və sizin üçün göydən (maddi və mənəvi) bir ruzi nazil edən Odur". ("Ğafir" 13).

Yağış - sevincə səbəb olar: "Elə ki, (Allah) o yağışı bəndələrindən istədiyinə yetirir, dərhal sevinir və şad olurlar". ("Rum" 48).

Yağış - möminlərin qədəmlərini sabit edər: "O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, şeytanın murdarlığını (şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi". ("Ənfal" 11).

Mənəviyyat və yağış: "(Mənə vəhy olundu ki): "Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik"". ("Cinn" 16).

Allah Təala bu ayələrdə buyurur ki, sizin ruziniz səmadandır və Allah yağışı göndərir və yer öz nemətlərini üzə çıxarır. Bundan başqa, yağış paklayıcıdır. Həm zahiri nəcasəti aradan aparar və həm də mənəviyyatı paklaşdırar.

Bədr döyüşünə gedən zaman müsəlmanlar toz-torpaq içində idilər. Su yox idi və hamı susuz idi. Şeytan bəzilərinə vəsvəsə edirdi ki, belə halda namaz qıla bilməzsiniz. Uca Allah göydən yağış nazil edir və hamı sirab olub, paklanır.

İmam Əli (ə) buyurur: "Yağış suyundan için ki, bədəni pak edəndir. Xəstəlikləri aradan aparar".