Bakıda ərarvadın gecə küçədə davası: "Yerə yıxıb, üstümə çıxdı..."


Kriminal 05 İyn 2022 14:11:00 161 0

Bakıda ərarvadın gecə küçədə davası: "Yerə yıxıb, üstümə çıxdı..."

Bakının Səbail rayonunda 1990-cı il təvəllüdlü Taleh mübahisə zamanı arvadı Ləmana (adlar şərti verilib - red.) xəsarət yetirib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə bu il fevralın 16-da baş verib. Taleh saat 22.30-da idarə etdiyi "Toyota Prius" markalı avtomobildə arvadı Ləmanla mübahisə edib, avtomobildən düşərək qaçmaq istəyən arvadını tutaraq yerə yıxıb. Sonra onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq, təpiklə zərbələr vurub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh özünü təqsirli bilib. O bildirib ki, fevralın 16-da saat təxminən 22.30-da Badamdar qəsəbəsinə yoldaşı Ləmanı evə yola salmaq üçün gəlib: "Ləmanın işlədiyi "OBA" marketə yaxınlaşan zaman onu üzdən tanıdığım, adını bilmədiyim kişi ilə yan-yana gedən gördüm. Yaxınlaşaraq həmin adama dedim ki, bəs bizim aramızda salam əleykim var, bu nə hərəkətdi edirsən. Cavab verdi ki, sən səhv başa düşmüsən, mən pul xırdalamağa gedirdim. Ləmana avtomobilə əyləşməyi bildirdim. Həmin yerdən uzaqlaşdıq".

Taleh qeyd edib ki, evə gedəndə Ləmanla mübahisələri düşüb: "O, avtomobil hərəkətdə olan zaman qapını açaraq düşmək istədi. Avtomobili saxladım. Ləman avtomobildən düşən kimi özünü yerə yıxdı və qışqırmağa başladı. Onu yerdən durğuzmağa çalışdım. Ləman yerdən durmaq istəmədi, onun sifət nahiyəsindən şillə ilə vurdum. "Niyə qışqırırsan" deyə soruşdum. Ləman da: "Əl çək məndən, mən səninlə heç yerə getmirəm", - deyə bildirdi. Onu yerdən qaldıraraq birtəhər avtomobilə əyləşdirdim, evə yola saldım.

Sonradan mənə polis əməkdaşları zəng vurdular. Könüllü Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinə yaxınlaşdım".

Cinayət işi üzrə zərərçəkmiş şəxs Ləmanın sözlərinə görə, Yasamal rayonunda yaşayır: "Təxminən 10 ildir Talehlə ailə qurmuşuq, iki azyaşlı övladımız var. Demək olar 10 ildir aramızda ailə problemləri var. Yoldaşım hər dəfə məni cüzi şeylərə görə qısqanır və məni döyür".

Ləman deyib ki, fevralın 16-da saat təxminən 22.30-da Badamdar qəsəbəsində işdən çıxan zaman Taleh avtomobillə gəlib: "Maşından düşdü, mənimlə mübahisə etməyə başladı və zorla məni avtomobilə otuzdurdu. Məni Qobu qəsəbəsinə, dağlıq əraziyə döymək üçün aparırdı. Badamdar qəsəbəsində avtomobilin qapısını açaraq düşmək istədim. Taleh görəndə ki, qapını açıram, tez maşını saxladı. Düşüb qaçmaq istədim. Taleh dalımca qaçdı, məni tutaraq yerə yıxdı və təpikləməyə başladı. Qışqıraraq kömək istədim.

Taleh qışqırığımı eşitdi, üstümə çıxdı. Üz nahiyəmdən bir neçə yumruq və təpik vurdu. Hadisə yerinə avtomobillər yaxınlaşdılar, mənə kömək etmək istədilər. Taleh məni tez yerdən qaldırdı, yenidən avtomobilə itələdi. Həmin vaxt ardımızca avtomobil gəldiyinə görə Taleh məni evə düşürdü, özü isə harasa getdi".

Zərərçəkmiş deyib ki, sonradan Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinə zəng vurub və şikayət edib. O, ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti olmadığını deyib. Zərərçəkmiş ərinin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edib.

Bu cinayət işinə Səbail rayonunda hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılıb. Hakim təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ondan şikayətçi olmamasını nəzərə alıb.

Talehin barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Son.az