Qəssabla restoran müdirinin şok alveri: “Salyanda evinə baxanda gördüm ki...”


Kriminal 05 İyn 2022 13:04:00 170 0

Qəssabla restoran müdirinin şok alveri: “Salyanda evinə baxanda gördüm ki...”

Bakıda 1958-ci il təvəllüdlü İlyas biznes qurmaq adı ilə Həşimə qarşı dələduzluq edib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, İlyas Həşimə birgə iş qurmağı təklif edib. Mal-qara qidasını təşkil edən sıxışdırılmış quru yonca bağlamalarının, həmçinin iri və xırda buynuzlu heyvanların alqı-satqısını təşkil edərək əldə olunmuş gəlirdən Həşimə də verəcəyini vəd edib. Ondan ümumilikdə 71 min manat alıb.

İstintaq orqanı tərəfindən İlyasın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən İlyas özünü qismən təqsirli bilib. O bildirib ki, əvvəllər ət dükanı işlədib: "Həşimlə təxminən 7-8 il əvvəl tanış olmuşam. O, daimi olaraq məndən ailəsi, eyni zamanda işlətdiyi Səbail rayon ərazisindəki "Sultan" restoranı üçün ət alırdı. Münasibətlərimiz normal idi".

"Cəmi 6 dəfə pul aldım"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2017-ci ilin avqust ayında işlədiyi ət dükanı bağlandığı üçün Həşimin yanına gedib: "Mənə bir az pul verməyi xahiş etdim. Özümün həyətyanı sahəmdə heyvan alıb baxa biləcəyimi, əldə olunan qazancla özümü dolandıracağımı, heyvanları satdıqdan sonra isə aldığım pulu qaytaracağımı bildirdim. Həşim təklifimi qəbul etdi.

2017-ci ilin avqust ayında heyvan almaq üçün Həşim mənə 10.000 manat verdi. Həmin pula kökəltmə üçün təxminən 80 baş xırdabuynuzlu heyvan aldım.

Sonra Həşimdən həmin heyvanların yemi üçün 1.500 manat götürdüm. 2017-ci ilin oktyabrında qoyunları satdıqdan sonra Həşimə qazancla birlikdə 13.500 manat verdim. Bu minvalla Həşimdən cəmi 6 dəfə pul aldım, qoyunları satdıqdan sonra Həşimin pulunu qaytardım. Həşimə əlavə olaraq ümumilikdə 15.000 manat qazanc vermişəm".

"Aldığım pulları batırdım"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ilin mayında Həşimdən ot alıb-satmaq, yəni ot alveri etmək üçün 18.500 manat alıb: "Həmin pulu 2018-ci ilin fevralında otu satıb qazancla birlikdə Həşimə qaytarmağı nəzərdə tuturdum. Eyni zamanda 2019-cu ilin yanvarında 50 baş yanı balalı qoyun almaq üçün Həşimdən 15.500 manat aldım. Həmin heyvanları da 2019-cu ilin martında sataraq qazancla birlikdə Həşimin pulunu qaytarmağı planlaşdırdım.

Əlavə olaraq Həşimdən 10 baş iri buynuzlu heyvan almaq üçün 13.100 manat aldım. Hətta aldığım xırda və iri buynuzlu heyvanların fotoşəkillərini mobil telefonla çəkərək Həşimə göndərdim. Artıq heyvanları aldığımı ona isbatlamaq istədim.

Fotoşəkillərdə görünən iribuynuzlu və xırdabuynuzlu heyvanları sonradan satmışam. Lakin sonuncu üç dəfə aldığım 47.100 manatı öz ehtiyaclarıma xərclədiyimdən pulları batırdım. 2019-cu ilin martında Həşim Salyan rayonu, Şorsulu kəndinə bizə gəldi. Aldığım heyvanları göstərməyimi istədi. Mən də ziyanlıq olduğu üçün heyvanları satdığımı dedim. Heç bir heyvan göstərə bilmədim. Həşim pullarını tələb etməyə başladı".

"Aramızda müqavilə bağladıq"

İlyasın bildirdiyinə görə, 2019-cu ilin martından sonra Həşimə ümumilikdə hissə-hissə 11.000 manat qaytarıb: "Mənim Həşimə 36.100 manat borcum qalıb. Həmin pulları alqı-satqı zamanı uduzmuşam, yəni heyvanları baha alıb, ucuz satmışam.

Həşimlə oğlu Fərid yaşadığım Şorsulu kəndində evimə gələn zaman həyətimdə heyvan olmadığı aşkarlandı. Həşimlə müqavilə bağladıq, müqavilədə Həşimə olan borcum 70.000 manat göstərildi. Lakin mənim Həşimə olan borcum 70.000 manat deyil, cəmi 47.100 manat olub. Həmin pulun da 11.000 manatını Həşimə qaytarmışam. Ona 36.100 manat borcum qalıb. Müqaviləni Həşim özü yazdı, mən də imzaladım".

"Adlarını bilmədiyim şəxslər məni təhqir etdilər"

Təqsirləndirilən şəxs qeyd edib ki, ona Həşim və adamları tərəfindən edilən təzyiq nəticəsində kağızın aşağı hissəsində öz xətti ilə Həşimdən 71.000 manat aldığını qeyd edib: "1.000 manat pulu həmin tarixdə Həşimə verdim və bu barədə kağıza yazdım. Etiraf izahatımı da mənə göstərilən təzyiq nəticəsində öz xəttimlə yazdım.

Həşimin işlətdiyi "Sultan" kafesində adlarını bilmədiyim şəxslər məni təhqir edərək, müqavilə və akta imza atmalı olduğumu bildirdilər. Həşimin adını bilmədiyim kiçik oğlu isə mənə "sən ölməlisən, sənin qanın içilməlidir" dedi. Tanımadığım bir şəxs isə mənə "sənin başına güllə vurulmalıdır" söylədi.

Təzyiq edən şəxslərdən qorxduğum üçün qeyd olunan müqavilə və akta imza atmışam. Hazırda tapşırığımla ailə üzvlərim bəzi əmlakları satıb, Həşimin iddia etdiyi bütün məbləği ödəmişik. Mənim Həşimə heç bir borcum qalmayıb".

"Mənim etibarımı qazandı"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Həşimin sözlərinə görə, 2006-cı ildən "Sultan" restoranını işlədir: "İlyası təxminən 7-8 il əvvəl tanımışam. Əvvəllər qəssablıqla məşğul olurdu, ət dükanı vardı. Daimi həm ailəm, həm də restoran üçün ondan ət almışam. Aramızda isti münasibətlər bununla yarandı.

Həmin vaxtlar İlyas mənə Salyan rayonunun Şorsulu kəndində özünə məxsus həyətyanı sahədə xırdabuynuzlu heyvanlara baxdığını dedi. Həyətində çoxlu heyvan saxlayaraq satacağını, mənə də qazanc verə və üç ay ərzində pullarımı qaytara biləcəyini bildirdi. Söhbətə əsasən ona 10.000 manat verdiyim halda, həmin pulun gətirəcəyi xeyirdən mənə əlavə 2.000 manat verməli idi.

İlyasla razılaşdım və əvvəllər bir neçə dəfə 10.000-12.000 manat arası ona pul verdim. İlyas vəd etdiyi tarixlərdə pulu və qalan xeyirdən mənə 2000 manata yaxın pul qaytardı. Bu minvalla mənim etibarımı qazandı".

"2 manata alıb, 4 manata satacağını bildirdi"

Həşim qeyd edib ki, 2018-ci ildə İlyas ona ot alverində yaxşı pul olduğunu deyib: "Yay aylarında biçin vaxtı otun bir presini 2 manata alıb, qış aylarında 4 manata satacağımızı bildirdi. Məndən birinin qiyməti 2 manat olmaqla 13500 ədəd yonca presi almaq üçün 27.000 manat istədi. Aldığı otu dekabr ayında gələrək həyətlərindən aparacaqlarını söylədi. İlyasla razılaşdım.

İlkin olaraq 2018-ci ilin mayın sonunda "Sultan" restoranının qarşısında özümə məxsus avtomobilin içərisində İlyasa əlbəəl 12.000 manat verdim".