"UNESCO bu ədalətsizliyə son qoymalıdır"


Siyasət 04 İyn 2022 14:14:00 132 0

"UNESCO bu ədalətsizliyə son qoymalıdır"

Bu gün dünyada mövcud münaqişələrlə bağlı beynəlxalq ictimaiyyətin münasibətini, çoxlu sayda sanksiylar tətbiq etməsini gördükdə bir daha ikili standartların şahidi oluruq. Azərbaycan torpaqları 30 il ərzində erməni işğalı altında qaldığı müddətdə beynəlxalq təşkilatlar erməni vandallığına səssiz qalırdı. Belə təşkilatlardan biri də UNESCO olub və bu gün bu təşkilat ikili yanaşmasını davam etdirməkdədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 30 il ərzində torpaqlarımızın işğalı zaman Azərbaycan ərazisi, o cümlədən mədəni irsimiz erməni vandallığına məruz qalıb.

"Xalqımıza qarşı etnik təmizləmə, soyqırım, qətliamlar törədildi. Bunula yanaşı mədəniyyətimiz də erməni vəhşiliyinə məruz qaldı, mədəni irsimizə, o cümlədən bəşəri mədəni irsə qarşı böyük vandallıq törədildi, Azərbaycan xalqına məxsus olan milli-mədəni və tarixi abidələr yerlə yeksan edildi, məscidlərimizə qarşı təhqiramiz hərəkətlər törədildi.

Lakin beynəlxalq təşkilatlar bu vandallığıa səssiz qaldılar. Azərbaycan dünyada milli irsin və mədəniyyətin qorunmasını təbliğ edən UNESCO-ya çoxlu sayda müraciətlər etsə də heç bir cavab əldə edə bilmədi. Azərbaycan UNESCO-ya müraciətlər etdi ki, həmin ərazilərə missiya göndərsinlər və ermənilərin mədəni irsimizə qarşı bu vandallığı ilə bağlı araşdırma aparıb rəylərini bildirsinlər, lakin təəssüflər olsun ki, təşkilat bu istiqamətdə heç bir addım atmadı", - deyə deputat bildirib.

O qeyd edib ki, təkcə UNESCO deyil, digər beynəlxalq təşkilatlar da eyni mövqe sərgilədilər.

"Ermənilərin mədəniyyətimə qarşı törətdiyi bu cinayətlər hələ də cəzasız qalır. Mədəni irsimizə qarşı törədilən soyqırımlarla bağlı da hələ də bir münasibət sərgilənməyib. 60-dan çox məscidimiz dağıdılıb, məscidlərimiz təhqir olunub, çoxlu sayda tarixi-mədəni abidələrimiz məhv edilib, ancaq beynəlxalq təşkilatlar tərəfindən indiyənə qədər heç bir münasibət bildirilməyib.

Lakin guya azad edilmiş ərazilərdə erməni mədəni irsinin təhlükədə olması ilə bağlı ermənilərin saxta məlumatlarına UNESCO dərhal münasibət bildirdi. Ancaq 30 il ərzində Azərbaycanın milli-mədəni irsinə qarşı törədilən barbarlığa qarşı hər hansı bir münasibət bildirmirdilər. UNESCO bu gün də ikili yanaşmasını davam etdirməkdədir və hesabatlarında erməni vandallığı ilə bağlı heç bir fakt qeyd etmir. Burada haqlı sual yaranır ki, niyə hesabatda Ermənistanda dağıdılan Azərbaycan xalqının milli-mədəni irsi ilə bağlı faktlar niyə əks olunmayıb? Hesab edirəm ki, UNESCO bu ədalətsizliyə son qoymalı və növbəti hesabatlarda bu məsələyə də diqqət ayırmalıdır", - deyə deputat əlavə edib.