“Günahları barədə sorğu sual olunmazlar” ayəsinin mənası nədir?


Digərləri 21 May 2022 19:45:00 111 0

“Günahları barədə sorğu sual olunmazlar” ayəsinin mənası nədir?

İlk öncə qeyd edək ki, qiyamət günü hesaba çəkilən canlılar insanlar və cinlər olacaqlar. Dini mənbələrə aid mətnlər "Ey yerin iki ağır yükü" (ər-Rəhman-31) ayəsinin insana və cinlərə aid olduğunu qeyd edirlər. Yaxid həmin surənin 33-cü ayəsində "Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın!" deyə xitab olunur. Bu əsasla qiyamət günü insan və cinlər hesaba çəkiləcək.

İslam dininin vacib etiqadi bəhslərindən biri də "Məad" mövzusudur. Məad ölümdən sonra dirilmək (dirilib hesab vermək) mənasındadır. Ayəni təklikdə götürüb, onun zahiri mənasına baxsaq o zaman Quranın ümümi prinsipləri ilə ziddiyyət yaranır. Halbuki Quranın böyük hissəsi qiyamətdən və haqq-hesabdan bəhs edir.

Mərhum M.Təbətəbai bu kimi ayələrin açıqlamasında qeyd edir ki, belə ayələrə (mütaşabeh ayələrə) zidd mənalı yox, çox mənalı ayələr kimi baxmaq lazımdır. Yəni bu kimi ayələri mənasını möhkəm və tam aşkar olan ayələrlə uyğunlaşdırmaq lazımdır. Həmçinin ayəni eyni kontekstdə olan digər ayələrlə birgə dəyərləndirmək lazımdır.

Həmçinin mərhum M.Təbətəbai ayənin izahında buyurur: Bu ayəni digər bir ayə olan "Allah sürətlə hesab çəkəndir" (Nur-39) ayəsi ilə də uyğunlaşdırmaq olar (Allah elə hesab çəkər ki onların danışmağa belə ehtiyacı olmaz).

Yaxud ustad "Onları saxlayın! Onlar (günahkarlar) sorğu sual olunacaqlar" (Saffat-24) və "Rəbbinə and olsun ki, Biz onların hamısını sorğu-suala çəkəcəyik" (Hicr-92) ayələrini qeyd edərək sorğu sualın mütləq olunacağını bildirir və ayənin mənasına işarə edərək buyurur: Qiyamət günü müxtəlif dayanacaq və mərhələləri olan bir gündür, həmən günü insanların ağızlarına möhür vurulacaq, əzalar danışacaq (Yasin-65) və günahkarlar üzlərindən tanınacaq (ər-Rəhman-41). Bəs onlar sorğu sual olunmayacaqlar? Sualının cavabında demək olar ki, bütün əlamətlər onların üzündə aşkar olacaq (ər-Rəhman-41: Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar).