Bakının məşhur "Fantaziya" hamamı sökülür?


Kriminal 19 May 2022 11:24:00 260 0

Bakının məşhur "Fantaziya" hamamı sökülür?

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, Bakının məşhur "Fantaziya" hamamı hasara alınıb.

Yasamal rayonu Çingiz Mustafayev 114 ünvanında yerləşən "Fantaziya" hamamının hasarlanması ilə bağlı Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər ki, abidələrdə işlər yalnız sözügedən qurumun razılığı ilə aparıla bilər.

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının müvafiq qanununa uyğun olaraq, mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar. Onlar həmin abidələrin qorunmasına görə Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

"Qanunun müvafiq bəndinə əsasən, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar işlər Dövlət Xidmətinin razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Təmir və bərpa işləri zədələnmiş və itirilmiş hissələrin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşə xələl gətirmədən təmir onu ilkin halına gətirməkdir. Bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər təqdim edilən layihələr haqqında Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alındıqdan və təsdiq edildikdən sonra aparıla bilər. Nəzərinizə çatdıraq ki, sorğunuzda qeyd edilən "Fantaziya" hamamının ətrafının hasara alınması ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır və bununla bağlı əlavə məlumat veriləcək".

Qeyd edək ki, "Fantaziya" hamamı 1886-cı ildə Nikolay Avqustoviç fon der Nonne olan tərəfindən inşa edilib və Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə qorunur.