Dünyanın ən uzun mədəniyyət gecəsi Bakıya geri qayıdır


Kriminal 16 May 2022 16:52:00 183 0

Dünyanın ən uzun mədəniyyət gecəsi Bakıya geri qayıdır

Mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində  Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən hər il keçirilən Beynəlxalq muzeylər günü çərçivəsində muzey mühitində genişmiqyaslı multimedia layihəsini geniş kütləyə təqdim edəcək. 

COVID-19 koronavirus pandemiyası ilə əlaqədar iki illik fasilədən sonra, ənənəvi beynəlxalq "Muzeydə Gecə" aksiyası geri qayıdaraq yeni reallıq və rəqəmsal texnologiyalar formatında baş tutacaq. Ənənəyə sadiq qalaraq muzeylərin iş saatlarını uzadıb ziyarətçilərə yalnız sərbəst giriş deyil, digər maraqlı fəaliyyətlər də təqdim edilən bu gündə, Azərbaycan Milli İncəsənət Muzeyi bu ilki beynəlxalq muzeylər günün vahid devizini əks etdirən qeyri-adi proqram hazırlamışdır. 

Azərbaycan Milli İncəsənət Muzeyinin ölkəmizin ən aparıcı muzeyi olaraq ictimaiyyəti müasir forma və innovativ konseptlər vasitəsilə zəngin muzey kolleksiyası və müxtəlif mövzu və muzey tarixinin fərqli dövrlərini əks etdirən sərgi layihələri aləminə səyahətə dəvət edir. Fərhad Fərzəliyev, Günel Ravilova, Lyudmila Kristeseva və digər rəssam və müəlliflərlər multimedia instalyasiyaları, rəqəmsal layihələr, davamlı inkişaf və gender mövzularında əsərlərini təqdim edəcəklər. Azərbaycanın əməkdar artisti  Fuad İbrahimovun dirijorluğu ilə Bakı Kamera Orkestri musiqinin və dahi Səttar Bəhlulzadənin sehrli dünyasının total instalyasiyaya çevrildiyi proqramla çıxış edəcək.

Ən yeni müasir texnologiyaların imkanları muzey eksponatlarının qavranılmasının başqa səviyyəsini göstərərək auditoriyanı adi çərçivələrdən kənara çıxarır. Muzeyin fond və sərgi layihələrindəki incəsənət əsərləri muzey kolleksiyalarına yanaşmanın yeni formatlarında şəhərin sakinləri və qonaqları qarşısında nümayiş olunacaqdır. 2022-ci il Muzeydə gecə  tamaşaçıları Azərbaycan Milli İncəsənət Muzeyinin zəngin sərvəti ilə bilavasitə muzey məkanında tanış olacaq və bu ab-havaya qərq olaraq, bədii əsərlərin əhəmiyyətini yenidən dərk edə biləcəklər.

Bu ilki Beynəlxalq Muzeylər Günü muzeylərin potensialını üç əsas istiqamətdə nümayiş etdirməyi hədəfləyir-dayanıqlı inkişaf, rəqəmsallaşdırma və əlçatanalıqda innovasiyaların gücü və təhsil vasitəsilə icma qurmaq gücü.

Muzeylər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində strateji tərəfdaşı olaraq öz yerli icmalarında aparıcı rola malik fiqurlar kimi müxtəlif məqsədlərə, o cümlədən sosialyönümlü iqtisadiyyatın inkişafı və ekoloji problemlər barədə elmi məlumatların yayılmasına öz töhfələrini verirlər.