Türkiyə RizəArtvin hava limanından Bakıya birbaşa reyslərin açılmasını istisna etmir


Digərləri 14 May 2022 21:09:00 157 0

Türkiyə RizəArtvin hava limanından Bakıya birbaşa reyslərin açılmasını istisna etmir

Türkiyə Rizə-Artvin hava limanından Bakıya birbaşa reyslərin açılmasını istisna etmir.

Son.az bildirir ki, bu barədə şənbə günü Trend-ə Türkiyə hökumətindən məlumat verilib.

Qeyd olunub ki, bu məqsədlə Türkiyə və Azərbaycanın müvafiq qurumları arasında danışıqlar aparıla bilər.

"Rizə-Artvin hava limanının açılışı Türkiyə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir, çünki bu, onun beynəlxalq yükdaşımalarda rolunu gücləndirəcək ki, bu da qardaş Azərbaycanın maraqlarına uyğundur", - Türkiyə hökuməti bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gəlib.

Dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər.

Təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanı ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.

Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək.