Himalay dağlarında illərdir sirri açılmayan insan sümükləri FOTO


Digərləri 14 May 2022 19:30:00 190 0

Himalay dağlarında illərdir sirri açılmayan insan sümükləri  FOTO

1942-ci ildə hindistanlı tədqiqatçı Himalay dağlarının dərinliklərində sirli bir kəşf edib. İllər keçsə də, sirri açılmayan yüzlərlə sümüyün arxasındakı ehtimallar isə eşidənləri heyrətə gətirir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, İkinci Dünya müharibəsi zamanı Himalay dağlarının dərinliklərində ucqar bir vadidə Hari Kişan Madhval adlı hindli tədqiqatçı dəhşətli bir kəşf edib. Madhval Himalay dağlarında 4800 metr yüksəklikdə yerləşən Roopkund gölündə insan skeletlərinə rast gəlib. Gölün içində yüzlərlə sümük parçasının aşkar olunmasından sonra tədqiqatçılar oradakı sümüklər haqqında fərziyyələr irəli sürüblər.

Səlahiyyətlilər əvvəlcə Roopkund gölündə tapılan sümüklərin bir vaxtlar Britaniyanın nəzarətində olan Hindistan ərazisinə sızmağa çalışan bir qrup yapon əsgərinə aid ola biləcəyini düşünüblər. Lakin araşdırmalar nəticəsində məlum olub ki, sümüklərin yaşı yapon işğalçılarına aid ola bilməyəcək qədər çoxdur.

O vaxtdan bəri tapılan sümüklərlə bağlı bir çox fərziyyələr irəli sürülüb. Lakin burada ən maraqlı məqamlardan biri də odur ki, tədqiqatçılar bütün fərziyyələrlə yanaşı, tapılan sümükləri yerli xalqa məlum olan bir əfsanəyə də bağlayıblar. Əfsanəyə görə, buradakı sümüklər Himalay dağlarında hindu məbədinə səyahət edən və "hörmətsiz" kimi səciyyələndirilən bir qrup insana aid ola bilər. Yerli sakinlərin fikrincə, buraya gələn bidətçilər Nanda Devi dağının ilahəsi tərəfindən cəzalandırıla bilərdilər.

Tədqiqatçılar buradakı sümükləri araşdırarkən bir qrup sağlam kişi, qadın və uşaq sümükləri aşkar ediblər. Yəni bu halda sümüklərin illər əvvəl bu bölgədə baş vermiş epidemiya ilə bağlı olması variantı da məqbul deyildi.

İllər boyu davam edən tədqiqatlar nəticəsində buradakı sümüklərin 9-cu əsrdə vəfat etmiş Cənubi Asiya mənşəli zəvvarlara məxsus olduğu qənaətinə gəlinib. Lakin DNT analizi nəticəsində sümüklərin üç fərqli bölgədən olan insanlara aid olduğu müəyyən edilib. Bunlardan 23-ü Hindistan, biri Asiya və 14-ü isə təəccüblü şəkildə Şərqi Aralıq dənizi mənşəli olub.

Bütün araşdırmalara görə, 38 nəfərin eyni anda burada olması üçün heç bir səbəb yoxdur. Ehtimal ki, buradakı skeletlərin çoxu müxtəlif vaxtlarda Himalay dağına gedən insanlara aiddir.

Xülasə, Roopkund gölünü birdən çox millətdən olan insanların məzar yerinə çevrilmiş ərazi də adlandırmaq olar. Onların Roopkund gölündəki skeletlərinin necə ortaya çıxması ilə bağlı isə heç bir məlumat yoxdur. Təxminlərdən biri kimi, yaz fəslinin gəlməsi ilə donmuş gölün əridiyi və nəticədə sümüklərin üzə çıxdığı güman edilir.