Dünyanın heyrətlə izlədiyi QARDAŞLIQ


Siyasət 14 May 2022 14:04:00 134 0

Dünyanın heyrətlə izlədiyi QARDAŞLIQ

Bu il Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin yaranmasının 30-cu ildönümüdür. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub. Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqust ayında açılıb. Amma tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr son dövrlər siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri, müxtəlif məsələlər barədə vaxtaşırı fikir mübadilələri aparmaları ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.

Türk dünyasının atası Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri son illər daha böyük inkişaf mərhələsinə qədəm qoyub. Biz bu dostluğun, qardaşlığın, birliyin nə qədər böyük gücə sahib olduğuna il yarım öncə başa çatan 44 günlük Vətən müharibəsi zamanı bir daha şahid olduq. 

Türkiyə prezidenti səviyyəsində və digər hökümət nümayəndələrinin Azərbaycana suveren əraziləri uğrunda apardığı haq savaşını vaxt aşırı dəstək mesajları kənar qüvvələri işğlaçı Ermənistana açıq hərbi yardım, bizə hərbi müdaxilə fikrindən çəkindirə bildi. Nəticədə isə Azərbaycan Ali Baş Komandanının rəhbərliyi altında Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində 30 illik işğala son qoyaraq ərazilərini düşmən tapdağından azad etməyi bacardı.

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu gün global geosiyasi arenada baş verən bir çox münaqişələr, proseslər fonunda bu iki dövlətin birgə addımlaması diqqətdən qaçmır. 

Bu məqamda bir fakt xüsusilə qeyd edilməlidir ki, son 20 ildə Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəldildi. Nəhayət Müttəfiqlik haqqında 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi, iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi. 

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasında möhkəm dostluq, qardaşlıq münasibətləri isə təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. 

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və 30 oktyabr 2017-ci ildə Bakı şəhərində Azərbaycan vəTürkiyə Prezidentinin iştirakı ilə baş tutmuş  "Yeni İpək Yolu" nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbili-Qars dəmir yolu layihəsi ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələrin tərkib hissəsi kimi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhvəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malik bir qlobal əhəmiyyətli logistik imkanları özündə cəmləyən layihəyə çevrildi. Birgə əməkdaşlıq və təşəbbüs ilə inşası davam etdirilən, artıq XXI Əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması da Türkiyə və Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığının növbəti məhsulu hesab edilə bilər.

Bu layihələr iki ölkənin regional qüvvəsini artıraraq qlobal mövqelərini möhkəmləndirməklə yanaşı Türkiyə və Azərbaycanı dünyanın ciddi iqtisadi krizslə üzləşdiyi bir vaxtda region dövlətlərinə və bu layihələrin bir parçaı olmaq istəyən ölkələr üçün nəfəslik rolunu oynayacaq. Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın ciddi enerji böhranı ilə üz-üzə qalmaq təhlükəsinin yarandığı bir vaxtda sözügedən layihələrin qalxan rolunu oynayacağı ilə bağlı Qərb ekspertlərinin və təşkilatlarının gəldiyi qənaətə istinad etsək deyə bilərik ki, Bakı və Ankaranın apardığı siyasət nəyinki bölgə xalqlarını, eləcə də qitəni ağır durumdan xilas etmək üçün hesablanıb. 

Bu gün dənizin üzərində inşa edilən nəhəng layihə - Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini bir daha nümayiş etdirir. Belə bir önəmli mərasimdə Azərbaycan liderinin də iştirakı əslində təsadüf deyil. Bu, artıq ənənə halını alıb. Belə ki, bundan əvvəl Türkiyə Prezidenti İşğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfəri zamanı Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında İlham Əliyevi tək buraxmadı. Bütün bu sadalanan faktlar bir daha deməyə əsas verir ki, Azərbaycabn və Türkiyə qardaşlığı sarsılmaz və daimidir. 

Nə Azərbaycan Türkiyəni biləyinin bükülməyinə imkan verməyək, nə də Türkiyə Azərbaycanın haqqının mənimsənilməsinə səssiz qalmayacaq. Bu birliyin isə dünyanın qarşısında aciz olduğu istər geoiqtisadi, istərsə də geosiyasi məsələlərin öhdəsindən gəlmək iqtidarında olduğunun şahidi olmuşuq və gələcəkdə də bu cür halların təkrarlanacağı istisna edilmir. 

Təhməz Əsədov Son.az