Saxta qazilərin saxta oyunları


Digərləri 13 May 2022 12:31:00 119 0

Saxta qazilərin saxta oyunları

Ölkəmizdə şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğının tam fərqli formada olduğu hər kəsə bəllidir. Və bu, danılmaz faktdır. Bu kateqoriyadan olan insanlara dövlətin maddi və mənəvi dəstəyi ən yüksək səviyyədə olub və olacaq da. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğı nümunəvidir.

Məsələn, bu kateqoriyadan olan insanlara mənzillərin təqdim olunması dünyanın əksər ölkələrində rast gəlinməyəcək bir təşəbbüsdür. Ancaq Azərbaycan bu istiqamətdə demək olar ki, bütün şəhid ailələri və müharibə əlillərini əhatə edəcək addımlar atır. Dünyada gedən iqtisadi proseslərdən asılı olmayaraq hər il bu işlər həyata keçirilir. Bu proses bu gün də davam edir. Ümumilikdə isə bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib və bu davam edir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar, iqtisadi gücü daim artan ölkəmizin bu istiqamətdə məqsədyönlü siyasət kursu sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, hər bir sahədə rast gəlinən neqativ hallara burada da rast gəlinib. Saxta yolla Qarabağ müharibəsi veteranı alınması, bundan geninə-boluna yararlanmaq faktlarına dəfələrlə rast gəlinib. Müvafiq hakimiyyət orqanları da vaxtilə bu nöqsanlara yol verən şəxslərin aşkarlanması və məsuliyyətə cəlb olunması istiqamətində zəruri addımlar atır. Özü də zaman-zaman saxta yolla Qarabağ müharibəsi veteranı alıb özlərini cəmiyyətə qəhrəman kimi təqdim edən şəxslərin özlərinə necə komfortabelli həyat şəraiti yaratdıqlarını da görmşük. Dövlətin onlara yaratdığı şəraitdən yararlanaraq özlərinə obyektlər, var-dövlət və sərvət toplamaqla əsl müharibə qəhrəmanlarının əməyini mənimsəyiblər.

Və dövlət də onların saxta qəhrəmanlığını ifşa edəndə hay-həşir qoparmağa çalışır, hər cür yola əl atırlar. Və haram yolla əldə etdikləri yağlı tikə əldən çıxanda kimlərin yanına qaçırlar? Əlbətdə ki, radikal müxalifət adlandırılan kəsimin yanına. Həmin qüvvələrin əlində alət olan saxta "qəhrəmanlar" bu yolla da nəinki özlərini biabır etmiş olurlar, onlar minlərlə şəhidin, Qarabağ Zəfərinin əldə olunmasında canından, qanından keçən on minlərlə soydaşımızı təhqir etmiş olurlar. 

Kamran Seyidov Son.az